Tiflisin `qaz oyunu` - Bakı nə edəcək?
Gürcüstanın baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladze bu gün verdiyi açıqlamada bildirib ki, Rusiyanın “Qazprom” şirkəti Gürcüstana SOCAR-dan daha ucuz təbii qaz təklif edir: “Rusiya tərəfinin təklif etdiyi qiymət Azərbaycan tərəfinin təklif etdiyi qiymətdən aşağıdır və olduqca rəqabətqabiliyyətlidir. Biz artıq Rusiya tərəfinin təkliflərini SOCAR-a təqdim etmişik”.
Kaladze, həmçinin SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin bu gün Gürcüstana səfər edəcəyini bəyan edib və bildirib ki, görüşdə qazın qiyməti ilə bağlı danışıqlar aparılacaq.
Gürcüstanın qaz oyununun səbəbi nədir?
Politoloq Fikrət Sadıqov hesab edir ki, Gürcüstanın Azərbaycan qazının baha olmasını iddia etməsi Tiflisin siyasi bəhanəsidir: “Gürcüstan rəhbərli yaxşı bilir ki, irəli sürdükləri iddia həqiqətə uyğun deyil. Azərbaycan Gürcüstana qazı çox ucuz qiymətə, güzəştlərlə satır. Diqqət edin, Gürcüstan rəsmiləri bundan öncə deyirdilər ki, Azərbaycan qazı onları təmin etmir. Prezident İlham Əliyev isə bunun əksinə olaraq Tiflisdə bəyan etdi ki, Azərbaycan qazı 100 il ərzində bir çox ölkələri təmin edə bilər. Bu bəhanənin ifşa olduğunu görə, Tiflis indi də iddia ortaya atır ki, qazımız bahadır. Əslində burada siyasi maraqların olduğu heç kimə sirr deyil”.
Politoloq hesab edir ki, Gürcüstanın “qaz oyunu”nun kökündə Rusiya amili durur: “Gürcüstanın bu addımla Rusiyaya yaxınlaşmaq niyyətindədir. Gürcüstan və Rusiya arasında diplomatik əlaqələr bərpa olunmasa da “Qazprom” yaranmış vəziyyətdə müəyyən təzyiqlər vəd edir. Gürcüstan öz maraqlarını müdafiə etmək və Rusiya ilə yaxınlaşmaq üçün “Qazprom”a güzəştlər edir. Amma, reallıq budur ki, Gürcüstan “Qazprom”la hər hansı bir razılığa gəlsə belə, Azərbaycan qazı qonşu ölkənin bazarında olacaq”.
F.Sadıqov əlavə edib ki, Gürcüstanın “qaz oyunu” Azərbaycanla münaqişəyə səbəb olmamalıdır: “Bu, Gürcüstanın öz işidir. Biz onlara deyə bilmərik, bu addımı at, yaxud atma. Özləri bilərlər. Amma, düşünməlidir ki, qazı kimdən alırlar. Bir var müttəfiq, qardaş ölkə, bir də var siyasi məqsədlərini güdən ölkə.Gürcüstan hökuməti bunu düşünməlidir. Ən pis halda Azərbaycan heç nə itirməyəcək”.
Politoloqun sözlərinə görə, Gürcüstan Rusiyadan qazı alarsa, Azərbaycan enerji siyasətində müəyyən düzəlişlər etməlidir: “Gürcüstanın özündə də hökumətin rus qazını almaqda israrlı olması səhv addım kimi dəyərləndirilir. Onlar deyirlər ki, hazırda Gürcüstanın əlavə təbii qaza ehtiyacı yoxdur. Müxalifət isə bəyan edir ki, hökumət siyasi məqsədlə Rusiya qazına meyl edir və bu məsələdə kiminsə şəxsi maraqlarının olması istisna deyil”.
"SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov isə bundan öncəki açıqlamasında bildirmişdi ki, Gürcüstan əlavə qaz həcminə ehtiyac duyursa, onu cəlb etməyə tam ixtiyarı var.
Onun sözlərinə görə, bu, SOCAR-ın Gürcüstana tədarük etdiyi qaz həcminə təsir etməyəcək.
“Bizim Gürcüstan hökuməti ilə 2025-ci ilə qədər müqaviləmiz var. Müqaviləyə görə, "SOCAR Energy Georgia" Gürcüstanın bütün sosial sektorunu təbii qazla təmin edəcək. Əgər müəyyən dövr ərzində bəzi səbəblər üzündən biz qaz tələbatını ödəyə bilməsək, Gürcüstan tərəfinin başqa mənbələrdən qaz tədarük etmək imkanı var. Hər il Gürcüstan bazarında qaza olan tələbat 8-9% artır. Kommersiya təyinatlı qazın Gürcüstana tədarükü və satışı tamamilə açıq bazar və rəqabət prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Hazırda Gürcüstanda digər təyinatlı istehlakçıların tələbatını biz ödəyirik. Bizim təklif etdiyimiz qiymətlər də çox uyğundur".
SOCAR prezidenti Rövnəq Abdullayev isə müsahibəsində Rusiyanın Gürcüstana qaz satmasını nağıla bənzətmişdi:
“Gürcüstan özünü bizsiz, biz isə Gürcüstansız özümüzü təsəvvür etmirik. Azərbaycanın inkişafı üçün böyük layihələr həyata keçirəndə cənab Prezident hər zaman Gürcüstanın da inkişafına böyük fikir verib, çünkü Gürcüstan bizim qonşumuzdur, Avropaya açılan qapımızdır. Gürcüstanda olan problemlərin aradan qaldırılması üçün, ələxsusda qazla bağlı sosial proqramlar həyata keçiririk. Bu gün Gürcüstanda əhaliyə verilən qaz Ermənistandan iki dəfə ucuzdur, bu da strateji partnyorluqdan irəli gəlir. Əsas Gürcüstanı qazla təmin edən bizik və bunu biz müqavilələrə əsasən sosial bir paket əsasında keçiririk və onu da deyim ki, bu gün Rusiyanın Ermənistana qaz nəqli üçün Gürcüstana ödədiyi tranzit haqqı bizə çatır. O vəsaiti biz alırıq və hovuz şəklində sosial bir layihə həyata keçiririk. Həm "Şahdəniz" tranzitinə görə, həm Rusiya tranzitinə görə bütün qaz üzrə komissiyalar müqavilə əsasında SOCAR-a ödənilir.
O ki qaldı ikinci məsələyə, bu Gürcüstanda kommersiya məsələləri ilə bağlıdır. Bilirsiniz ki, hazırda bu ölkədə yanacaq doldurma mərkəzlərinin 50% sıxılmış qazdan istifadə edir. Bizim də artıq bu ölkədə 100-ə yaxın yanacaq doldurma və 20-dən çox qazdoldurma stansiyalarımız var və biz bunu inkişaf etdirmək niyyətindəyik. Bu biznesdir, sosial layihə deyil, məhz buna görə də bu qazı istədiyimiz qiymətə sata bilirik. Bizim Gürcüstan hakimiyyəti qarşısında öhdəliyimiz yoxdur və onlar da öz seçimində azaddılar: hardan istəsələr qaz ala bilərlər. Rusiya qazı almaq istəyirlər, problem yoxdur, boru keçir ordan, istədikləri vaxt pulunu ödəyib qaz ala bilərlər. Heç kəs bunun qarşısını ala bilməz. Amma rəqabət qabilyətlidirmi? Bu ayrı bir sualdır. Buyursunlar alsınlar, kommersiya biznesinə girişirsə, buyursun. Rusiyaya, İrana, onların Ermənistan qaz verməsi məsələsinə gəldikdə, bu, nağıla bənzəyir”.
Qeyd edək ki, bu gün Gürcüstanda səfərdə olan Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevin Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə danışıqları başa çatıb. Görüşdən sonra mətbuata açıqlama verən Gürcüstanın Energetika naziri Kaxa Kaladze bildirib ki, bu il Azərbaycan ixrac etdiyi təbii qazın həcmini artıra bilmir. Onun sözlərinə görə hazırda yeni tarif planı üzrə danışıqlar aparılır.
Rəsmi Bakının Tiflisin “qaz oyunu”na qarşı hansı addımı atacağı isə hələlik bəli deyil.
Elvin Abdulqədirov