Bakıda Beynəlxalq Kitab Sammiti keçirilib

  18 Mart 2018    Oxunub : 768
Bakıda Beynəlxalq Kitab Sammiti keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində bu gün paytaxtda 7-ci Beynəlxalq Kitab Sammiti baş tutub.
Diasporla İş Üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusuna həsr olunan sammitin açılış sessiyası İsgəndəriyyə Kitabxanasının keçmiş direktoru İsmayıl Səragəldinin moderatorluğu ilə keçib. Sessiyada çıxış edən Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa yazılı nitqin yaranmasından, kitab çapının tarixindən danışıb.

Rumıniya və Azərbaycanın Milli Kitabxanaları arasında əməkdaşlıqdan bəhs edən Rumıniya Baş nazirinin müavini Ana Birçal tezliklə Rumıniyada Azərbaycan Mərkəzinin açılacağını bildirib. A.Birçal çıxışında, həmçinin, gənclərə kitab sevgisinin aşılanmasının vacibliyini vurğulayıb.

Xorvatiyanın sabiq Prezidenti İvo Josipovic elektron kitablarının müasir insanların həyatındakı rolundan bəhs edib. O, öz gəncliyində kitaba olan münasibəti indiki dövrlə müqayisə edib, eyni zamanda kitabxanaların müasir standartlara cavab verməsinin vacibliyini vurğulayıb.

Latviyanın sabiq Prezidenti Valdes Zatlers ölkəsinin kitab, bilik təcrübəsinin tarixindən danışıb. Sovet dövründə kitab senzurasından və müəyyən kitabları müzakirə etməyin çətin olmasından bəhs edən V.Zatlers Latviyada uşaqlar və gənclər arasında kitab oxuma ənənəsinin olduğunu bildirib.

Makedoniya Prezidenti Qeorqi İvanov ideyalar, fikirlərlə kitabların yaxın əlaqəsindən danışıb. Tarixin müəyyən dövrlərində kitabların yandırılması faktına toxunan Prezident bildirib ki, kitablar yandırıla bilər, amma ideyalar, fikirlər yox.

Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının sabiq prezidenti İnqrid Parent kitabxanaların rolundan danışıb. O, kitabların insanlara daha sekulyar, daha humanist olmasında kömək etdiyini qeyd edib. Kitabların məlumat daşıyıcısı, bizim qorxu və ümidlərimiz olduğunu deyən İ.Parent kitabların qorunduğu kitabxanaların problemləri, onların həlli yollarından da danışıb.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku tarix boyu kitabların məhv edilməsini xatırladaraq nasistlərin, həmçinin, sovetlərin dövründə kitablara qarşı cinayətin işlədildiyini deyib. E.Konstantinesku kitabın çox şeyi dəyişmək gücü olduğunu, nəsillər arasında dialoq yaratdığını vurğuıayıb.

Beynəlxalq Kitab Sammiti açılış sessiyasından sonra panel müzakirələrlə davam edib. Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının prezidenti İnqrid Parentin moderatorluğu ilə “Kitab və mədəni irsimizin qorunması” mövzusunda keçirilən sessiyada Konqres Kitabxanasından Mary Jan Deeb kitabın bəşəriyyətin irsi olduğunu deyib. Konqres Kitabxanasının bu istiqamətdə gördüyü işlərdən danışan Mary Jan Deeb dünyada baş verən müharibələrin kitabxanaların fəaliyyətinə təsirini vurğulayıb. Xüsusilə də İraqdakı müharibə nəticəsində xeyli sayda kitabxananın zərər gördüyünu bildirib. Həmçinin, təbii fəlakətlərin kitabxanalar üçün acı nəticələrindən danışıb. O, müasir kitabxanaların hazırkı problemlərinə toxunub, kitabxanaların bərpası və tikintisinin əhəmiyyətini vurğulayıb. Mary Jan Deeb Əfqanıstandakı kitabxanaların vəziyyətinin yaxşılaşdırılması və lazımi avadanlıqlarla təchiz edilməsi istiqamətində Konqres Kitabxanasının həyata keçirdiyi işləri qeyd edib, bütün ölkələrdəki kitabxanaların qorunub saxlanılmasına dəstək göstərdiklərini bildirib.

İnternet arxivinin təsisçisi Briyuster Kahle rəqəmsal kitabxana materiallarının toplanması və qorunub saxlanılması üçün gördükləri işləri sadalayıb. B.Kahle dünya kitabxanalarındakı kitabların hamısının tamamilə rəqəmsallaşdırılmadığı üçün həmin kitabxanalara girişin olmamasının hələ də əsas problemlərdən olduğunu bildirib. O, rəqəmsal oxucularla işləməyin vacibliyini, müəllif hüquqları məsələsinin nəzarətdə saxlanılmalı olduğunu deyib.

Dünya Bankının keçmiş baş məsləhətçisi Nadere Çamlo dahi Azərbaycan şairi Nizami Gəncəviyə əsaslanaraq deyib ki, bilik hər kəsə açıq olmalıdır. Cəmiyyətin əsas iştirakçısı olan qadınların təhsil alması və kitabların ötürülməsindəki rolundan danışıb. Ümid etdiyini bildirib ki, gələcəkdə qadınlar daha çox kitab oxuyacaq, tərcümə edəcək və gənclərə ötürəcək.

AzVision.az

Teqlər: Diaspor-Komitəsi