Vaşinqtonda Xocalı qurbanları anılıb - FOTOLAR

Vaşinqtonda Xocalı qurbanları anılıb -  FOTOLAR
  22 Fevral 2019    Oxunub:2175
21 fevral 2019-cu il tarixində paytaxt Vaşinqtonda məşhur Qadınların Milli Demokratiya Mərkəzində Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunmuş konsert keçirilib Sözügedən mərkəzin yerləşdiyi tarixi “Uittemor” binası 19-cu əsrin sonlarında ABŞ paytaxtının mərkəzində tikilmiş və 2000-ci ildən muzey olaraq fəaliyyət göstərir.
Tədbirdə Azərbaycan Respublikasının əməkdar artisti, bir çox beynəlxalq müsabiqələrin laureatı, Nyu York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı pianoçu Nərgiz Əliyarova və Azərbaycanlı gənc istedad, hazırda ABŞ-ın Pennsilvaniya ştatında doktorantura pilləsində təhsil alan, Almaniya, Böyük Britaniya, İtaliya, ABŞ və digər ölkələrdə keçirilən festivalların qalibi olmuş skripkaçı Azər Dəmirov ifa ediblər.



Tədbirdə iştirak edən çoxsaylı qonaqlar sırasında Vaşinqtonda akkreditə olunan səfirlər və diplomatik korpusun digər nümayəndələri, yerli ictimaiyyət, mədəniyyət xadimləri, tələbələr, həmçinin Vaşinqton və onun ətrafında yaşayan soydaşlarımız olub.

Tədbirdə qonaqları salamlayan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 27 il bundan öncə törədilən Xocalı qətliamının Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən faciəvi səhifəsi kimi xatırlamış və bu faciənin beynəlxalq humanitar təşkilatlar tərəfindən Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zəminində törədilmiş ən böyük qətliam kimi qiymətləndirildiyini qeyd edib. Səfir Azərbaycan Respublikasının beynəlxalq tanınmış ərazilərinin 20 faizinin işğal altında qalması və 1 milyondan çox insanın öz doğma torpaqlarından didərgin düşməsinə baxmayaraq, ölkəmizin bu gün durmadan inkişaf etdiyini və öz didərgin düşmüş, o cümlədən Xocalı faicəsindən qurtulmuş əhalisinə hər bir şərait yaratdığını xüsusi vurğulayıbr. Bu gün işğal olunmuş ərazilərimizdən didərgin düşmüş həmvətənlərimizin müstəqil Azərbaycanın uğurlu vətəndaşları olduğunu qeyd edib. Bunun Azərbaycan dövlətinin gücünün, ölkə rəhbərliyinin strateji düşüncəsinin və Azərbaycan xalqının müdrikliyinin və əzmkarlığının nəticəsi olduğunu bildirib.



Səfir musiqinin Qarabağın ən əsas simvollarından biri olmasından bəhs etmiş və tədbirdə ifa olunacaq bir sıra parçaların müəllifi olan Qara Qarayev və Arif Məlikovun məhz Qarabağ musiqisindən bəhrələnməsini bildirib.

Elin Süleymanov Azərbaycan xalqının həmişə olduğu kimi, bu gün də sülhə hazır olduğunu və gələcəyə inamla baxdığını qeyd edib. O, Ermənistan rəhbərliyinin öz xalqının gələcəyini düşünməli olduğunu və əhalisinin rifahı üçün sülh yolunu seçməsinin vacibliyini vurğulayıb. Səfir heç bir şübhəsiz gec tez öz torpaqlarından didərgin düşmüş əhalinin doğma yerlərinə qayıdacağını və Azərbaycan musiqisinin hazırda işğal altında olan torpaqlarımızda ifa ediləcəyinə əminliyini bildirib.



E.Süleymanov Azərbaycan dövləti və xalqının tarix boyu qonşu dövlətlərlə dinc-yanaşı yaşadığını önə çəkərək gələcəkdə də Dağlıq Qarabağ bölgəsində hər iki icmanın sülh şəraitində birgə yaşayacağına ümidvar olduğunu bildirdi. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ölkəmizin daima sülhün tərəfdarı olduğunu və qarşı tərəfdən də eyni yanaşmanın gözlənildiyini vurğulayıb.



Daha sonra konsert proqramı çərçivəsində tanınmış dünya və Azərbaycan bəstəkarlarının musiqi parçaları, o cümlədən “Monoloq” (Arif Məlikov), “Siciliana” (Giovanni Battista Perqolesi), “Yeddi gözəl” baletinin “Ən gözəl gözəl” parçası (Qara Qarayev), “Nocturne C” (Frederik Şopin), “Qəmhin vals” (Aqşin Əlizadə), “Eleci” (Sergey Raxmaninov), “Vətən balladası” (Faiq Sücəddinov) kimi əsərlər səsləndirilib.



Konsertdə ifa olunan əsərlər tədbirdə işitrak edən qonaqlar tərəfindən xüsusi maraqla dinlənilib. Konsertin sonunda ifa edilmiş bəstəkar Faiq Sücəddinovun Vətən balladası qonaqlarda heyrətamiz hisslər yaratmış və sürəkli alqışlarla qarşılanıb. Həmin ifadan sonra pianoçu Nərgiz Əliyarova çıxış edərək bu musiqinin bir gün məhz bütöv Vətənin bir hissəsi olaraq Qarabağda ifa edilməsini arzu etdiyini bildirib. Daha sonra qonaqların xahişi ilə gənc skripka ifaçısı Azər Dəmirov dahi Üzeyir Hacıbəylinin Arazbarı bəstəsini ifa edib.

Tədbirin sonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan təqdim edilib.











Azvision.az


Teqlər:





Xəbər lenti