“Düşmənə nifrətimiz hədsiz və hüdudsuzdur” - General-polkovnik
DSX rəisi bildirib ki, dövlət sərhədlərinin etibarlı mühafizəsinin və müdafiəsinin təmin edilməsi sahəsində əldə olunan bütün uğur və nailiyyətlər, dövlət sərhədində müasir sərhəd mühafizə infrastrukturunun yaradılması, sərhədçilər üçün lazımi xidməti və məişət şəraitinin təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali dəstəyinin, sərhəd təhlükəsizliyi məsələlərinə xüsusi qayğısının nəticəsidir:
"Hər bir hərbi qulluqçumuzun hiss etdiyi bu ali münasibət bizim üçün həm böyük şərəf, həm də daha böyük məsuliyyətdir. Qəlbində vətənpərvərlik və Ali Baş Komandana sadiqlik hisslərini daima yaşadan Azərbaycan sərhədçisi hər zaman Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətəni Azərbaycana xidməti ilə qürurludur.
Bu gün Azərbaycan Sərhəd Mühafizəsi ən ciddi döyüş texnikaları, müasir sərhəd gözətçi gəmiləri ilə, silah və sursatla təchiz olunmuş, istənilən döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə qadir hərbi qurumdur. Qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin, Sərhəd Nəzarətinin formalaşdırılması və nümunəvi hərbi birləşmə səviyyəsinə yüksəldilməsi əldə olunmuş ən ciddi nailiyyətlərdəndir".
E. Quliyev qeyd edib ki, 2016-cı ilin aprelində əks-hücum əməliyyatı zamanı düşmənin müdafiə xəttinin, döyüş mövqelərinin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrinin, qərargahlarının darmadağın edilməsi zamanı keçirilmiş uğurlu əməliyyatlar düşməni döyüş əməliyyatlarını dayandırmasına məcbur etdi və bu qələbənin əldə olunmasına Azərbaycan sərhədçisi öz ciddi töhfəsini verdi: "Ötən ilin dekabr ayında Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki təmas xəttində yerləşən sərhəd döyüş postlarının və hərbi obyektlərin təhvil alınması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin həyata keçirilməsi əmrini almağımız hər birimizə qürur hissləri yaşatmış, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan sərhədçisinə etibar və etimadının növbəti ifadəsi olub.
Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam mühafizə altına götürülməsinin əsasını qoyan və Azərbaycan Sərhəd Mühafizəsi tarixində yeni səhifə açan bu tapşırığı ən yüksək səviyyədə icra etmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi potensialı ciddi səfərbər olunmuşdur, yaxın müddətdə sərhəd döyüş məntəqələrində yüksək standartlara cavab verən xidməti və məişət şəraitinin təmin edilməsi işləri tam yekunlaşdırılacaqdır.
Bu gün dövlət sərhədində, sərhəd döyüş səngərlərində, ağır iqlim və relyef şəraitində xidməti vəzifələrini böyük şücaət və əzmkarlıqla yerinə yetirən sərhədçilərin Ali Baş Komandana sədaqəti, döyüş ruhu, vətənpərvərliyi, düşmənə isə nifrəti hədsiz və hüdudsuzdur! Əminəm ki, ən yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında işğal altında olan torpaqlarımız düşmən tapdağından azad ediləcəkdir! Əminəm ki, düşmən üzərində son qələbənin əldə olunmasında Azərbaycan sərhədçisi şərəflə iştirak edəcək, döyüş tapşırıqlarını uğurla, qalibiyyətlə icra edəcəkdir!
Əminəm ki, ötən ilin 15 iyununda bu hərbi hissədə başlamaqla çiyinlərimizdə “Zəfərə doğru” daşıdığımız müzəffər bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Ağdamda, Laçında, Kəlbəcərdə dalğalandıracaq, dövlət sərhədlərimizin bütövlüyünü təmin edəcəyik!
Çünki hədəfimiz dövlət sərhədində dövləti maraqların müdafiəsidir! Çünki amalımız – dövlət sərhədlərimizin toxunulmazlığıdır! Çünki Azərbaycan sərhədçisi Böyük Öndər Heydər Əliyev dühasına sədaqətin müsəlləh əsgəridir! Əsas məqsədimiz – dövlətçiliyimizin daha güclü, daha qüdrətli olmasına, dövlətimizin dünyanın ən təhlükəsiz ölkələrindən olmasına öz sərhədçi töhfəmizi verməkdir!".
Azvision.az
Teqlər: DSX Elçin-Quliyev