Düşmənin “Gəncəni vurarıq” hədəsi nəyə hesablanıb? - ŞƏRH

  Düşmənin “Gəncəni vurarıq” hədəsi nəyə hesablanıb? -    ŞƏRH
  17 Avqust 2020    Oxunub:14968
Tovuz istiqamətində törətdiyi hərbi təxribatlarda uğursuzluğa düçar olan Ermənistan tərəfi digər müstəvilərdə də çirkin niyyətlərini davam etdirməyə çalışır. Belə ki, son günlər Ermənistandan yeni işğal çağırışları və təxribat xarakterli bəyanatlar səsləndirilir.
Bu dəfə növbə sərsəm bəyanat Dağlıq Qarabağdakı qondarma rejimin “prezidenti” Araik Arutyunyan tərəfindən gündəmə gətirilib. Separatçı lider deyib ki, əgər Azərbaycan tərəfinin Xankəndini vurma ehtimali olarsa, buna qarşı Gəncədə hərbi əməliyyat keçirmələri, hətta şəhəri vurma ehtimalları mümkündür.

Məsələni Azvision.az -a şərh edən politoloq Sahil İskəndərov bildirib ki, Tovuzdakı uğursuz təxribatlardan sonra Ermənistanın təhdid və hədə dolu bəyanatlar səsləndirməyə başlamasının özəl səbəbləri var: “Bir qədər loru səslənsə də indiki təhdidlərini el dili ilə izah etmək istərdim. İtdən soruşurlar niyə hürürsən? Cavab verir ki, qorxuduram. Bəs quyruğunu niyə bulayırsan? Deyib, axı özüm də qorxuram. Yəni obrazlı desəm, hazırkı situasiya həmin boş-boş hürən iti xatırladır. Ermənistan başbilənləri, eləcə də Arutyunyanın bu cür təhdid dolu bəyanatlardan başqa çıxış yolu yoxdur. Çünki Tovuz istiqamətindəki uğursuz hərbi-siyasi gedişlər Ermənistan rəhbərliyi üçün yeni böhranın təməlini qoydu. Tovuz uğursuzluğu yalnız hərbi və siyasi cəhətdən özünü göstərmədi. Burada ermənilər həm diplomatik, diaspor sahəsində, həm də beynəlxalq müstəvidə məğlub göründülər”.



Tovuz hadisələri zamanı cərəyan edən bəzi prosesləri xatırladan Sahil İskəndərov Ermənistanın meydanda tək qalmasını təsadüfi hesab etmir: “Bu niyə baş verdi? Çünki təxribatlardan sonra döyüşlər zamanı Ermənistanın özünə müttəfiq saydığı ən yaxın dövlətlər belə, ilk növbədə KTMT-nın üzvləri, xüsusən Rusiya ona aşkar dəstəyini göstərmədi. Ermənistanın təkidlərinə baxmayaraq, Rusiya KTMT-nin xüsusi yığıncağının toplanmasına razı olmadı. Hətta çağırılsaydı belə, bu nəticəsiz olacaqdı. Çünki cənab Prezident demişkən, bizim KTMT üzvləri ilə ikitərəfli müstəvidə çox güclü əməkdaşlığımız, isti münasibətlərimiz var. Yəni burada da Ermənistan təklənəcəkdi. Əsas məqamlardan biri bu idi ki, həmin vaxtı Rusiya bu yola getmədi. Çünki şimal qonşumuz çəkinirdi ki, həmin yığıncaqda birtərəfli mövqeyi ilə tək qala bilər. Ermənistanın harayına, təxribatlarına uyub kimsə ona dəstək verəsi deyildi. Bu məsələnin bir tərəfi idi. Digər tərəfdən diasporumuzun mütəşəkkilliyi erməniləri beynəlxalq aləmdə ifşa etdi. Ermənistan hökuməti artıq noqdaun vəziyyətindədir. Bu vəziyyətin qarşılığında ancaq ritorikaya yer vermələri başa düşüləndir. Bütün müstəvilərdə məğlub duruma düşən bir ölkə, xalq nə etməli idi? Populist çıxışlar... Bu gün erməni hökuməti daxildə də çox güclü müqavimətlə üzləşib. Siyasi opponentlərin təzyiqləri xeyli artıb ki, hətta onlara qarşı da repressiyaların şahidi oluruq. Həm Ermənistan daxilində cəmiyyətə, həm də uğursuzluğu ilə seçilən diasporlarına göstərmək istədilər ki, biz hələ də Azərbaycana ciddi zərbələr endirə bilərik”.

Politoloq onu da vurğulayıb ki, bu cür boğazdan yuxarı çıxışlar edən erməni rəhbərlər torpaqların hərbi yolla geri qaytarılması ehtimalından xoflanıblar: “Amma onların başbilənləri də gözəl anlayırlar ki, Azərbaycana belə irimiqyaslı zərbələr etmək üçün ilk növbədə hünər lazımdır. İkinci bir tərəfdən, erməni siyasi liderləri özbaşına deyillər axı. Qərarları belə müstəqil şəkildə qəbul etmirlər. Cənab Prezident bir müddət əvvəl çox kəsərli və yerində səsləndirilən fikirlər söylədi. Həm Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması, həm də işğalçı ölkənin bizimlə müharibə aparması ilə bağlı olan fikirlər qarşı tərəfi çox xoflandırıb. Cənab Prezident dedi ki, Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikasını”. Yəni tanıyın görək bunun arxasında dayana biləcəksinizmi?! İkinci çağırışda isə konkret mesaj belə idi ki, əgər müharibə istəyirsinizsə, gəlin üz-üzə, dəstəksiz döyüşək, görək bunun axırı siz deyən kimi olacaq, ya biz deyən. Bütün bunlar Ermənistan hakimiyyəti üçün ciddi xəbərdarlıq idi”.



Gəncəni vurmağın Ermənistan kimi kiçik bir dövlət üçün asan məsələ olmadığını deyən Sahil İskəndərov Azərbaycan ordusunun qüdrətini yada salıb: “Orudusu hazırda dünyanın 50 ən güclü orduları sırasında olan bir ölkəyə hədə gəlirlər? İkinci bir tərəfdən Gəncəni necə vuracaqlar? Havadan? Hava hücumundan müdafiə sistemimiz həm maddi-texniki, həm də kadr potensialı baxımında kifayət qədər müasir və ən güclülərdəndir. Həmçinin Gəncə balaca bir qəsəbə və ya strateji əhəmiyyəti olmayan rayon deyil axı. Gəncə nəinki Azərbaycan, region üçün strateji, hətta deyərdim Türkiyə üçün belə xüsusi əhəmiyyət kəsb edən tarixi bölgədir, böyük şəhərdir.

Yəni anormal, qeyri-real görünən bu təhdid baş tutsa belə hadisə beynəlxalq miqyasda böyük faciələrə gətirib çıxara bilər. Bəli, hazırda beynəlxalq hüquq müstəvisində çox vaxt ədalətsizliyin şahidi oluruq, amma bu o demək deyil ki, həmin ədalətsizlik ermənilərin arxayıncasına hansısa şəhəri məhvetmə addımlarına zəmin yaradar. Sadəcə olaraq belə bəyanatın ortaya çıxması artan real müharibə qorxusundan qaynaqlanır. Erməni rəhbərləri gözəl anlayırlar ki, Azərbaycan işğal faktoru ilə barışmayacaq və öz ərazilərini ordusunun gücünə azad edəcək. Hazırda bunun üçün xeyli münbit şərait yaranıb. Yəni müşahidə edirlər ki, yaxın zamanlarda işğal edilmiş torpaqlarda hərbi əməliyyatlara başlama ehtimalı xeyli artıb. Arutyunyan sanki ölkəmizi nəzəri hərbi əməliyyatlardan çəkindirmək üçün bu bəyanatı səsləndirir. Düşünürlər ki, bəlkə cəmiyyətimiz, ölkə rəhbərliyi bu cür faciəvi vəziyyətin yaranmaması üçün ehtiyatlanaraq genişmiqyaslı azadetmə əməliyyatlarından çəkinər”.



Maraqlıdır, Ermənistan rəhbərləri və qondarma qurumun təmsilçiləri hədə dolu bəyanatlar səsləndirərkən düşünmürlər ki, Azərbaycanın cavabı daha ağır ola bilər?

Sahil İskəndərov bildirib ki, əslində müharibə başlasa, bizim vurulmaq ehtimalı olan zəif nöqtələrimiz işğalçı ölkəyə nisbətdə xeyli azdır: “Metsamor nəinki Ermənistanın, bütün regionun axilles dabanıdır. Əlbəttə ki, Azərbaycan heç vaxt onu vurmaz. Amma Naxçıvandan Ermənistan az qala ovucumuzun içində görünür. Paytaxtlarını elə oradakı strateji yüksəkliklərdən atacağımız raket zərbələri ilə viran qoya bilərik. Onlar zəif nöqtələrinin çox olmalarını gözəl anlayırlar. Ona görə Azərbaycana hədə-qorxu gəlirlər ki, hansısa ciddi addımlar atmayaq. Bir daha deyirəm ki, o cürət, o hünər indiki erməni rəhbərlərində yoxdur. Sadəcə olaraq nəzəri hərbi əməliyyatları qabaqlamaq üçün “xoxgəlmə” siyasətidir. Bu cür addımlara getməzdən öncə öz ağır günlərinin, onsuz da partlayışa yaxın olan sosial durumlarının hayına qalsınlar. Hətta təsəvvür etsək ki, o cür böyük hücumlar olacaq, Azərbaycanın həmin zərbələrin qarşısını almağa kifayət qədər gücü də var, əkshəmlə ilə paytaxtlarına qədər gedib bayraq sancmağa hərbi və iqtisadi potensialı da. Gəncəni, yaxud Mingəçeviri yer üzündən silməyi planlayanlar ölkələrinin yarısının xəritədən silinməsini göz önünə almalıdırlar”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Qarabağ   İşğal  





Xəbər lenti