Siyasətdə məhəbbət macərası: Tramp Putindən nə istəyir?

   Siyasətdə məhəbbət macərası:    Tramp Putindən nə istəyir?
  30 May 2025    Oxunub:886
Donald Trampla əlaqədar hər əhvalat kimi onun Vladimir Putinə məhəbbəti də bir tvitlə başlamışdı. 2013-cü ilin 19 iyununda yazdığı tvitdə Moskva şəhərində keçirdiyi gözəllik müsabiqəsinə Rusiya liderinin gəlib-gəlməyəcəyini ictimaiyyətdən soruşmuşdu. Əgər Putin gələcəkdisə, Tramp onu özünün "yeni ən yaxın dostu" simasında görəcəkdi. Həmin vaxtlarda təsadüfi görünən bu tvit son illərin ən möhkəm, ən əhəmiyyətli geosiyasi dostluqlarından birinin əsasını qoydu. Seçkilərə müdaxilə iddialarına, xüsusi prokuror təhqiqatına və Ukraynada müharibəyə baxmayaraq, bu münasibət uzun müddət öz hərarətini qorudu.
Hərçənd son həftələr Tramp və Putinin məhəbbəti üzərində qara buludlar dolanır. Rusiya liderinin Kiyevlə atəşkəs müqaviləsini imzalamaqda tərəddüdünə, qoşunların Ukraynada törətdiyi əməllərə görə kədərlənən Donalda Tramp dostuna qarşı açıq-aşkar qəzəblənir. Moskvaya danışıqlar masasına oturtmaqdan ötrü həttta mümkün sanksiyaları nəzərdən keçirir.

ABŞ Prezidentinin xarici məsələlər üzrə iki müşaviri, habelə danışıqlardan məlumatlı üçüncü şəxs "məhəbbət macərası"nın son vəziyyəti ilə əlaqədar "The Atlantic" jurnalına müsahibə veriblər. Onların sözlərinə görə, Tramp Putinin hərəkətlərinə görə özünü alçaldılmış sayır.

"Cənab prezident belə qənaətdədir ki, rusiyalı həmkarı onu, necə deyərlər, yola verir. Vladimir Putinin Ukraynada müharibəni qurtarmaq istəməməsi prezidenti çox məyus hala salır. Hərçənd o, Rusiyaya qarşı atacağı növbəti addımı müəyyənləşdirməzdən qabaq "iki həftə gözləyəcəyini" söyləyib. Bu, Donald Trampın vaxt qazanmaq üçün tez-tez işlətdiyi sevimli ifadədir. Deməli, Tramp-Putin münasibəti təzədən alovlana bilər", - müsahiblər vurğulayırlar.

İki həftəlik möhlət Ukraynadakı müharibədə mümkün dönüş nöqtəsini təxirə salır. Görəsən, Donald Tramp danışıqlardan çəkilərək meydanı Rusiyaya buraxacaq, yoxsa Vladimir Putinə qarşı ilk dəfə qəti mövqe ilə yanaşacaq?

ABŞ Prezidentinin ilk hakimiyyəti dövründə milli təhlükəsizlik müşaviri vəzifəsində çalışmış Con Bolton belə fikirləşir ki, Donald Tramp Vladimir Putindən müəyyən mənada uzaqlaşmağa, aralarına məsafə qoymağa çalışır.

"Yaxşı dostdurlar deyə, fikirləşirdi ki, münaqişəni 24 saata başa çatdıra biləcək. Hərçənd bu qənaəti özünü doğrultmadı. İndi Vladimir Putin həmkarını cırnatmağa başlayıb. Moskvada Trampı ələ salırlar", - Bolton deyir.

(Donald Tramp və sabiq milli təhlükəsizlik müşaviri Con Bolton. 2018-ci il)

Donald Tramp hadisələri bu cür təsəvvürünə gətirməmişdi. Uzun müddət Rusiya liderindən, onun güclü hakimiyyətindən təsirlənmiş, həmkarı ilə münasibət qurmaq naminə böyük səy göstərmişdi. İlk prezidentlik illərində bir neçə dəfə qeyri-rəsmi görüşləri baş tutmuşdu. Tramp 2018-ci ildə Helsinki sammitində Rusiyanın ABŞ-də seçkilərə müdaxiləsi barədə suala cavabında da öz ölkəsinin kəşfiyyat orqanlarının yox, sevimli dostunun tərəfini saxlamışdı.

Prezidentliyə fasilə verdiyi günlərdə Donald Tramp Vladimir Putini "dahi" adlandırmış, Ağ Evə qayıdanda Ukrayna münaqişəsinə "bir gündə həll tapacağını" dəfələrlə vurğulamışdı. Belə düşünürdü ki, əvvəla Ukraynaya "sülh gətirəcək", Vladimir Putinlə birlikdə televiziyada canlı efirə çıxıb müharibənin qurtardığını dünyaya car çəkəcək, nəhayətdə isə sülh üzrə "Nobel" mükafatına layiq görüləcək. Boltonun sözlərinə görə, ABŞ lideri bu mükafatın lap çoxdan həsrətindədir:

"Onun üçün fərqi yoxdur. İstər Ukraynaya, istər Qəzza zolağına, istərsə də Pakistan-Hindistan sərhədinə "sülh gətirmək" niyyəti həmin mükafatı almaq istəyindən xəbər verir".

İkinci hakimiyyətinin ilk aylarında Tramp Rusiya ilə biznes sazişləri bağlamağa can atır, ona görə də müharibənin başlamasında Moskvanı yox, Kiyevi günahlandırırdı. Oval Ofisdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə sərt rəftarı da məhz bu səbəbdən irəli gəlirdi. O, ABŞ-nin Kiyevə kəşfiyyat dəstəyini, hərbi yardımını müvəqqəti dayandırmış, nəticədə Rusiya qoşunları döyüş meydanında xeyli irəliləmişdi.

Donald Tramp hətta belə fikir dilə gətirmişdi ki, sülhə əngəl törədən elə Kiyevin özü, xüsusilə də Prezident Volodimir Zelenskidir. Keçən ay "The Atlantic" jurnalına verdiyi müsahibədə də "ABŞ-nin dəstəyinə nankor çıxan" Zelenskiyə qarşı hirsinin soyumadığı açıq-aşkar görünürdü. Müsahibədən belə başa düşülürdü ki, ABŞ Prezidenti Ukraynaya "ürəyini də verməyə hazırdır", amma Kiyevdə oturan həmkarını görməyə gözü yoxdur.

(Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski. Fevral 2025-ci il)

Gərginliyə baxmayaraq, Volodimir Zelenski martda ABŞ-nin 30 günlük atəşkəs təklifi ilə razılaşdı. Hərçənd Moskvadan da oxşar addım gözlənsə də, əksinə, Rusiya Silahlı Qüvvələri Ukrayna şəhərlərinə hücumları son həftələr daha da artırıb.

Jurnalın müsahibləri bildirirlər ki, Donald Tramp rusiyalı həmkarının atəşkəs sazişinə qol qoymaq əvəzinə hücum əmrləri verməsini "itaətsizlik" sayır. Rusiya və Ukrayna nümayəndə heyətlərinin Türkiyənin İstanbul şəhərində xüsusi görüşü fonunda onlar bir neçə gün qabaq telefonla danışdılar. Hərçənd Tramp iki saatlıq zəng əsnasında Putini hərbi əməliyyatları dayandırmağa razı sala bilmədi. Qəzəblənən Tramp yenə öz ürəyini tvitlərə boşaltdı.

"Rusiyalı həmkarım Vladimir Putinlə münasibətim həmişə çox yaxşı idi, ancaq elə bil onun başına hava gəlib!", - ABŞ lideri özünün "Truth" hesabında yazdı. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə açıqlamasında "ABŞ Prezidentinin həddən artıq emosional reaksiya verdiyini" dilə gətirdi.

Jurnala anonimlik şərti ilə danışan müsahiblərdən biri söyləyir:

"Donald Tramp əvvəl-əvvəl inanırdı ki, Moskva danışıqlara hazırdır. Halbuki Ukrayna atəşkəs təklifi ilə razılaşanda o, Vladimir Putinin "vaxt udmaq taktikası" yürütdüyünü, dialoqa qətiyyən girməyəcəyini anladı. Sanki Trampın başına bir qazan qaynar su tökdülər".

Vladimir Putin, həqiqətən də, birbaşa danışıqlara girməyəcəkmi?

ABŞ və müttəfiqləri belə qənaətdədir ki, Rusiya lideri artıq müharibədə qələbə çaldığına inandığı üçün hər hansı danışıqlara qoşulası deyil. Çünki bu Putinin nəzərində güzəştə getmək, alınmış əraziləri qaytarmaq, Qərbin Ukraynanı silahlandırmasına göz yummaq deməkdir. O, öz fikrincə, NATO-nu sarsıdıb və Kiyevi Vaşinqtondan ayıra bilib.

Donald Tramp isə Vladimir Putini hər vəchlə dilə tutmağa çalışır. ABŞ Prezidenti inanır ki, Moskva hücumlarını sürətləndirmək əvəzinə atəşkəs təklifi ilə razılaşsa idi, "onu kədərləndirən" qırğınların da qarşısı alınardı. Görünür, Donald Tramp sentimental adamdır. 2017-ci ildə kimyəvi silahla öldürülən uşaqların çəkildiyi kadrları görüb Suriyaya raket hücumu əmri vermişdi. Ər-Riyadın blokadası ucbatından aclıqdan ölüm təhlükəsi ilə üzləşən yəmənli uşaqların fotoşəkillərini görəndə də Səudiyyə Ərəbistanına məzəmmət yağdırmışdı.

Hazırda Donald Tramp Rusiyaya qarşı həmləsini müəyyənləşdirmək məqsədilə iyunun 2-də İstanbulda keçiriləcək növbəti danışıqları gözləyir. Maraqlıdır ki, danışıqlara bu dəfə Vaşinqtondan heç kəs qoşulmayacaq:

"Prezident yaman səbirsizdir, amma Rusiya-Ukrayna razılaşmasını görmək istəyir. O bu məqsədlə ən ideal yolu seçməyə çalışır, ancaq fikrindən daşınarsa da, təəccüblənməyin".

(Donald Tramp və cənubi karolinalı senator Lindsi Qrem. 2019-cu il)

ABŞ senatorları, o cümlədən ABŞ liderinin müttəfiqi Lindsi Qrem "Rusiya yenə də atəşkəsə razılıq verməsə" Moskvaya qarşı çox sərt sanksiyalar irəli sürməyə hazırlaşır. Hərçənd Ağ Ev belə sərt tədbirlərin nəticələrini: məsələn, qlobal qaz qiymətlərinin mümkün artımını, nəticədə Rusiyadan qaz alan Çin və Hindistanın qəzəblənməsini də nəzərdən qaçırmır.

"Prezident Donald Tramp Rusiya-Ukrayna müharibəsini sələfi Co Baydendən "miras" götürüb. Bu müharibənin həlli naminə çox səy göstərib. Müharibənin tezliklə qurtaracağına ümidvardır. Əgər qurtarmasa, başqa variantları var", - Ağ Evin mətbuat katibi Kerolayn Livit "The Atlantic"ə açıqlamasında deyib.

Rusiyalı həmkarının rəftarından narazı qalan Donald Tramp münaqişəni başa çatdırmaq cəhdindən tamamilə uzaqlaşarsa, bu, əlbəttə, Rusiyanın xeyrinə işləyəcək. Vaşinqtonun təzyiqindən qurtulan Rusiya hərbi əməliyyatları daha da genişləndirəcək. Eyni zamanda, Ukraynaya kəşfiyyat dəstəyi və hərbi yardım yenidən dayandırılarsa, müharibənin taleyi birdəfəlik dəyişəcək. Kiyevi silahlandırmaq, qorumaq məsələsində Avropa İttifaqına ağır məsuliyyət düşəcək. Əlbəttə, nəzərə almaq lazımdır ki, bütün Avropa ölkələrinin hərbi gücü ABŞ-nin qüvvəsindən xeyli aşağıdadır.

Donald Trampla aralarında son gərginliyə baxmayaraq, Vladimir Putin həmkarı Ağ Evə qayıdandan bəri Vaşinqtondan istədiyi, az qala, hər nə varsa, alıb. Öz ənənəvi müttəfiqlərinə arxa çevirən Donald Tramp əgər, həqiqətən də, danışıqlardan uzaqlaşarsa, yaxud Rusiyaya qarşı hər hansı cəza tədbiri görməzsə, öz sevimli dostuna kömək göstərmiş sayılacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Tramp   Putin   danışıqlar  





Xəbər lenti