Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA, ŞƏKİLLƏR

Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA, ŞƏKİLLƏR
  19 İyul 2013    Oxunub:11343
...1919-cu ilin əvvəllərində Şuşa şəhərində yerləşən Qarabağ qəzası general-gubernatorluğunda yeni bir şəxs peyda oldu. Məğrur duruşlu, zadəgan görkəmli, çərkəzi geyimli bu gənc Qarabağın və Zəngəzurun hörmətli simalarından olan İldırım bəy Sultanovun oğlu Çingiz bəy (Çingiz İldırım) idi. Şuşaya gəldiyi ilk günlərdən Çingiz İldırım general-qubernatorluq yanında Şuranın üzvü təyin olundu və çox keçmədi ki, qubernatorluqda dəftərxana müdiri, daha sonra isə vitse-qubernator vəzifələrinə qədər yüksəldi.

Bu yüksəlişə heç kim təəccüb də eləmirdi. Onun ali təhsilli mühəndis olması və bəy əsil-nəcabəti burada az rol oynamırdı. Şuşada fəaliyyətə başladığı ilk günlərdən Çingiz İldırım yerli erməni və müsəlman bolşeviklərlə gizli əlaqələr qurdu. O, imkan düşdükcə bolşevikləri silah və ədəbiyyatla təmin edir, polisin əlinə keçən bolşevikləri azad etdirirdi.

1919-cu ilin iyun ayında Şuşa və Gorus polisinin həbs etdiyi bir qrup bolşevikin onun tərəfindən azad etdirilməsində maraqlı bir məqam diqqəti cəlb eləyir. Dustaqlar Qarabağ general-qubernatorunun möhürü və imzası olan blankda yazılmış göstəriş əsasında azad edilmişdi. Ən maraqlısı isə odur ki, müavininin işləri barədə dəfələrlə Xosrov bəyə məlumat verilsə də bu müəmmalı məsələlər araşdırılmamış qalmışdı.

Çingiz İldırımın kəndlərdə mövcud quruluşa, bəylərə və varlılara qarşı çıxışlarını, hətta öz doğma qardaşının əlavə torpaq sahəsini əlindən alaraq yoxsul kəndlilərə verməsini kəndlilər təəccüblə, bəylər isə qəzəblə qarşılayırdı.

“...Gələcəkdə yaradılacaq yeni, ədalətli məhkəmə bütün müqəssirləri, zəhmətkeş xalqı istismar edənləri mühakimə edib cəzalandıracaq, onlardan intiqam alacaq”.

1919-cu ilin iyulunda Şuşa qəzasının Mafruzlu kəndindən olan Alışbəylə aralarında baş vermiş münaqişədən sonra Çingiz İldırımın kənd camaatı qarşısındakı bu çıxışı isə Qarabağ bəylərinin ona olan münasibətini tamamilə dəyişdi. Xosrov bəyin qorxusundan nifrətlərini açıq büruzə verməsələr də, artıq Çingiz İldırımın gizlicə aradan götürülməsi üçün plan hazırlanırdı. Belə bir dövrdə- 1919-cu ilin avqustunda Çingiz İldırım müəmmalı şəkildə general-qubernatorluqdan Bakıya çağırıldı. Ancaq bu onun Şuşada hökumət əleyhinə fəaliyyəti ilə bağlı deyildi. Əksinə ona Nazirlər kabinetində daha yüksək vəzifə təklif olunurdu...

Həmin dövrdə Şimali Qafqaz Denikinin əlində olduğundan Bakı və Sovet Rusiyası arasındakı yollar bağlı idi. Ona görə də Bakıda gizli fəaliyyətlərini bərpa etmiş bolşeviklər Bakı Həştərxan dəniz yolu ilə partiyanın Mərkəzi Komitəsi və Sovet hökuməti ilə əlaqə yaratmağı qarşılarına məqsəd qoymuşdular. Bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün isə hər şeydən əvvəl Xəzər dənizi matros və fəhlələri içərisində, Bakı limanında məsul vəzifələrdə baçarıqlı bolşevik işçilərə malik olmaq lazım idi.

Elə Çingiz İldırımın da Bakıya çağrılmasının gizli məqsədi bu idi. Ona eyni zamanda iki vəzifə verildi: Bakı limanı rəisinin baş köməkçisi və Hərbi donanmanın rəis müavini. Bir neçə aydan sonra isə Nəqliyyat nazirinin su nəqliyyatı üzrə səlahiyyətli nümayəndəsi vəzifəsi də ona tapşırıldı.

Xəzər dənizindəki bütün hərbi və mülki donanma faktik olaraq Çingiz İldırımın səlahiyyətində idi. Hərbi Donanmada “Qars”, “Ərdəhan” və “Yunanıstan” gözətçi qayıqları, “Kursk”, “Oryol”, “Astrabad” və “Göy Təpə” xidmət gəmiləri, “Araz” hidroqraf gəmisi, “Bayıl” yedək gəmisi, “Puşkin” kreyseri və “Ələsgəriyyə” hospital gəmisi vardı.

Bu gəmilərdə qulluq edən azərbaycanlı zabitlər əsasən keçmişdə ticarət donanmasında qulluq etmiş dənizçilər idi. Gəmilərdə qulluq edən rus zabit və əsgərlər isə Milli donanmada qulluq etmək istəmirdilər və yerli zabitlərlə münasibətləri o qədər də yaxşı deyildi.

ADR hökumətinin Çingiz İldırımı birdən-birə belə bir məsul sahəyə təyin etməsi doğrudan da təəccüb doğuran bir hadisədir. Şuşada hökumət əleyhinə fəaliyyətini bir kənara qoyub, təkcə tərcümeyi-halına diqqət yetirmək kifayət idi ki, onun bolşevizmə nə qədər sadiq bir insan olduğunu aydın görəsən. O, 1916-cı ildə mühəndis-metallurq ixtisası üzrə Petroqrad Politexnik İnstitutunu bitirdikdən sonra burada “Ayvaz” mexaniki zavodunda mühəndis kimi fəaliyyətə başlamışdı. Zavodda işlədiyi müddətdə bolşeviklərə qoşulmuş, hətta 1917-ci il oktyabrın 25-də (yeni stillə noyabrın 7-də) Qış Sarayına hücumda iştirak etmişdi.

1917-ci ildən 1919-cu ilin ortalarına qədər Rusiya Xalq Komissarları Sovetində Rusiya müsəlmanlarının işi üzrə büroya rəhbərlik etmişdi. O zaman Çingiz İldırım eyni zamanda Petroqrad Hərbi Komissarlığında müsəlman hərbi kollegiyasına rəhbərlik edirdi. 1918-ci ilin iyununda Çingiz İldırım Peterburqda və Şimal vilayətində ilk müsəlman hərbi eskadronunu yaratmışdı. Qızıl əsgərlər tərəfindən sonralar «İldırımiyyə» adlandırılan bu eskadron Qızıl Ordu tərkibində vətəndaş müharibəsində, Şərq çəbhəsində düşmənə qarşı vuruşmalarda iştirak etmişdi.

Çingiz İldırımın yeni vəzifəsindəki fəaliyyətinə keçməzdən əvvəl onun bu pilləyə qədər yüksəlməsindəki müəmmalara qismən aydınlıq gətirəcək bir məqama diqqət yetirməyi vacib sayırıq.

Aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti elan olunduqdan dərhal sonra Qarabağ qəzasının general-qubernatoru Xosrov bəy Sultanov özünü Qarabağ Hərbi İnqilab Komitəsinin sədri elan elədi. Çingiz İldırım onun bu vəzifədə saxlanılmasını N.Nərimanovdan xahiş etsə də o bu təklifi qəbul etmədi və iki həftə sonra bu vəzifəyə Dadaş Bünyadzadəni təyin etdi.

1920-ci ilin 12 may tarixində XI Qızıl Ordunun Xüsusi Şöbəsinin müdirinin əmri ilə Xosrov bəy həbs olundu və 1920-ci ilin 9 avqustunda onun şəxsi işi Ali Tribunala verildi. Ancaq N.Nərimanov, Ə.H.Qarayev və Ç. İldırım Ali Tribunala onun keçmiş xidmətlərini nəzərə alaraq azad edilməsi xahişi ilə müraciət etdilər. Xosrov bəy azad olundu və 1923-cü ilə qədər Azərbaycanda yaşadıqdan sonra Türkiyəyə mühacirət etdi.

1919-cu ildə Çingiz İldırım bolşeviklər partiyasının tapşırığı ilə Bakıdan Rusiyaya neft daşıyan Xüsusi dəniz ekspedisiyasını yaratdı. Dəniz ekspedisiyasının Həştərxana gedən və Bakıya qayıdan bütün qayıqlarının yola salınmasında S. M. Kirov şəxsən iştirak edir və dənizçilərə lazımi tapşırıqlar verirdi. Dəniz ekspedisiyasına daxil olan hər bir qayığın təklikdə hərəkət planı var idi və bir qayığın ekipajının digərinin işindən xəbəri yox idi. İş son dərəçə gizli aparıldığından ekspedisiyanın bütövlükdə fəaliyyəti əsasən S. M. Kirova, A. İ. Mikoyana. Çingiz İldırıma və başqa rəhbər bolşeviklərə məlum idi.

Xususi dəniz ekspednsiyasından olan hər bir qayığın Bakıdan təhlukəsiz yola salınmasını və qarşılanmasını Çingiz İldırım bilavasitə təşkil edir və onun işini planlaşdırırdı. Bu sahədə, donanmada və limanda səmərəli iş aparmaq üçün o, partiyanın tapşırığı ilə onlarca kommunisti əlverişli vəzifələrə işə düzəltdi. Məsələn, partiya tərəfindən Həştərxandan Bakıya gizli işə göndərilmiş Yan Lukyanenkonu Çingiz İldırım. Aleksandr Leontiyeviç Titorets adı ilə Bakı dəniz limanında məsul vəzifəyə işə duzəltmişdi.

ADR nəqliyyat rabitə nazirinin Dəniz nəqliyyatı üzrə xüsusi müvəkkili Çingiz İldırımın imzası ilə Yan Lukyanenkoya verilən vəsiqədə gösərilir ki, A.L.Titorets ADR hökuməti nəqliyyat rabitə nazirinin dəniz nəqliyyatı üzrə gizli məmurudur. O, Bakı limanına qaçaq mal gətirən və aparan gəmilər üzərində dövlət nəzarətçisidir.

1919-cu il noyabrın axırlarına aid polis sənədlərindən birində bolşeviklərin Bakı- Həştərxan arasınlakı əlaqəsi haqqında deyilir: “Həştərxandan gələn qayıqlar bolşevik təbliğatı məqsədilə Bakıya görkəmli kommunistlər gətirirlər və buradan geriyə, Bakıdan Həştərxana ağ neft və benzin aparırlar”. Ancaq Bakı polisinin xəbəri yox idi ki, qayıqlarla Bakıya külli miqdarda pul və silah daşınır. Ekspedisiyanın dənizçiləri son dərəcə dəqiq və ehtiyatla hərəkət edirdilər.

A. P. Mikoyan Türküstan cəbhəsinə komandanlıq edən M. V. Frunzenin bilavasitə yaxından köməyi ilə Bakı və Dağıstan bolşevikləri üçün çoxlu miqdarda silah göndərilməsini təşkil edirdi.

1920-ci il martın 6-da A. İ. Mikoyan Daşkənddən telefonla o zaman Həştərxanda olan S.M.Kirova məlumat verərək deyirdi: “Bakını və Dağıstanı silah və pulla təchiz etmək üçün biz burada bütün tədbirləri görüruk”.

Orta Asiyadan və Həştərxandan gətirilən silahların ələ keçməməsi üçün bütün lazımi tədbirləri Çingiz İldırım həyata keçirir, silahları bolşeviklərin Qaraşəhərdəki və Bayıldakı gizli silah anbarlarında yerləşdirirdi.

Həmin vaxtlarda, martın 25-də A.İ.Mikoyan Krasnovodskdan Bakı bolşeviklərinə göndərdiyi teleqramında yazırdı:
“Türküstan Hərbi-İnqilab Şurası Qafqaz Ölkə Komitəsinin ehtiyacı üçün Storojuk yoldaşla Bakıya patronla bərabər yeddi yüz tüfəng və beş milyon manat pul göndərdi”.
Bu, təkcə mart ayı ərzində Bakıya daşınan silah-sursatın kiçik bir qismi idi.

Çingiz İldırım silahlı üsyana hazırlıq dövründə həm də orduda və donanmada ideoloji təbliğat işlərinin gücləndirilməsini vacib sayırdı. 1920-ci il yanvarın 5-də kommunistlərin hərbi təşkilatının Mərkəzi İnqilab qərargahı Çingiz İldırımın təklifi ilə orduda və donanmada gizli bolşevik təbliğat şöbələrinin yaradılmasını qərara aldı.


Ardı burada


Füzuli Sabiroğlu
AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti