Qarakənd faciəsinin gizli məqamları: Əslində nə baş vermişdi? - Şahidlər danışır
Hadisə necə baş verdi? İndiyədək bilmədiyimiz hansı məqamlar var?
27 il əvvəl hadisə baş verən ərazidə müşahidələr aparan jurnalistlər Azvision.az-a danışaraq bu suallara cavab tapmağa çalışıblar.
Müsahibimiz jurnalist Salman Alıoğlu həmin vaxt “Qarabağ” qəzetinin müxbiri olub. Faciənin nəticələrinin canlı şahididir.
O, Qarakənddə gördüklərini bizimlə bölüşüb: “1991-ci ilin oktyabrın 18–də Azərbaycanın dövlət müstəqiliyini elan etməsini Rus imperiyası qısqanclıqla qarşıladı. Və Dağlıq Qarabağdakı əlaltıları olan ermənilərin əli ilə azərbaycanlılara qarşı açıq terrora başladı. Müstəqilliyimizdən bir qədər sonra azərbaycanlıların yaşadığı iki kənd - İmarət Qərvənd və Tuğ kəndi ermənilər tərəfindən işğal edildi, yerli sakinləri olan azərbaycanlılar isə oradan qovuldular. Ardınca Cəmilli və Meşəli kəndləri eyni aqibəti yaşadılar. Minlərlə əhali yurdundan didərgin salındı. Noyabrın əvəllərində Xocavənd rayonun Qaradağlı və Xocavənd kəndlərində vəziyyət çox gərginləşmişdi. Ermənilər ardıarası kəsilmədən hücumlar edir, dinc insanları qətlə yetirir, mal qaralarını, var-dövlətlərini qarət edib aparırdılar. Sovet hakimiyyəti isə Dağlıq Qarabağda fövqaladə vəziyyət elan etsə də, ermənilərin cinayətlərinə göz yumurdu. Noyabrın əvvəllərində Qaradağlı kəndinin əhalisi məcbur qalıb Ağdama pənah gətirdilər. Ağdam da vəziyyət gərgin idi. Orada məcburi köçkünlərin sayı günü-gündən artırdı"
"Helikopteri raketlə vurub, sonra da yandırmışdılar"
Onun sözlərinə görə, belə bir vəziyyətdə dövlət katibi Tofiq İsmayılovun rəhbərliyi ilə bir qrup nümayəndə Ağdama gəlib.
"Ağdamda keçmiş rayon icraiyyə komitəsinin binasının iclas zalında Dağlıq Qarabağın azərbayacanlı kəndlərindən, xüsusi ilə Xocavənddən və Qaradağlıdan gəlmiş əhali ilə görüş keçirdilər. Həmin görüşdə Məhəmməd Əsədov, İsmət Qayıbov, Osman Mirzəyev, Alı Mustafayev, Dağlıq Qarabağın prokuroru İqor Plavski, milis rəisi, dövlət təhlükəsizlik xidmətinin Xankəndi üzrə rəisi, Dağlıq Qarabağın komendantı İvan Jinkin də iştirak edirdi. İclasda çox ciddi qarşıdurma yarandı. Əhali dövlət katibinə bildirdi ki, rus ordusu onları qorumur, ermənilərə şərait yaradılır. Tofiq İsmayılov İ.Jinkin ilə çox sərt danışdı və insanların suallarına cavab istədi. Təbii, o cavab verə bilmədi, bəhanələr gətirdi.
İclasda qəti qərar verildi ki, nümayəndələr Qardağlıya getsinlər və vəziyyəti öz gözləri ilə görsünlər. Gündüz 13-14 radələrində iclas bitti və nümayəndələr Ağdam aeroportuna getdilər. Osman Mirzəyev bildirdi ki, iclasdakı jurnalistlər də həmin aeroporta gəlsinlər.
Təxminən iki saata yaxın vaxt getdi və məlum oldu ki, helikopterdə bizə yer qalmayıb. Ancaq Alı Mustafayev, operator Fəxrəddin və işıqçı gedəcək. Helikopter qalxanda onu hansısa hərbi helikopter müşayiət etmədi. Təxminən gündüz 16:00 radələrində Ağdamda xəbər yayıldı ki, qəza baş verib. Onda “Qarabağ” qəzetində işləyirdim. Hadisə yerinə getdik. Ancaq sovet ordusu yolları bağlamışdı, heç kimi buraxmırdılar. Azərbaycan prokurorluğunun mühüm işlər üzrə istintaq idarəsinin əməkdaşları, poliş işçiləri, Ağdam prokurorluğunun işçiləri də əraziyə gec buraxıldılar. Jurnalistlərə isə qəzanın səhəri günü saat 11 radələrində icazə verildi.
Əvvəlcə rəsmi məlumat yayıldı ki, helikopter dumana düşüb və dağa dəyərək parçalanıb. Əslində erməni silahlı dəstələri onu raketlə vurub yerə salmışdılar, sonra isə yandırmışdılar. Bütün cəsədlər tanınmaz halda idilər. Helikopterdən 500-600 metr aralıda nazir müavini Qurban Namazəliyevin və bir az da aralıda Osman Mirzəyevin cəsədləri tapıldı. Görünür, onlar yerə düşəndə yaralı olublar və uzaqlaşmaq istəyiblər, ancaq ermənilər onları da öldürüb yandırmışdılar.
İsmət Qayıbovun və Məhəmməd Əsədovun əynində kürk, kürkün altında isə silah var idi. Hadisə baş verəndən sonra həmin silahlar da tapılmadı. Mən 27 ildir eyni fikirdəyəm ki, helikopter düşəndən sonra çoxu yaralı və sağ olub, yerdə ermənilər onları yandırıb, sonra da sənədlərini götürüblər. Siyahı dərc olunanda cəsədlərlə siyahıdakı adlar düz gəlmədi. Meyitlərin sayı az idi. Ola bilərdi ki, ermənilər rusları xilas edib, onlara ziyan vurmamışdılar”.
Digər müsahibimiz Allahverdi Əsədov Azərbayacan televiziyasının Qarabağ üzrə müxbiri olub. O, faciənin səhəri günü hadisələri lentə alan ilk jurnalistdir:
“Helikopterlə gedəcək komissiya üzvləri sırasında mən də var idim. Ancaq elə alındı ki, jurnalistlərdən yalnız Alı Mustafayev getdi. Mən onları Ağdamda gözləyəsi oldum. 1991-ci il noyabrın 20-də saat 5 radələrində məlumat gəldi ki, helikpteri müəmmalı şəkildə vurublar. Bundan sonra hökumət siyahı tutmağa başladı ki, bəs orada kimlər olub. Hərc-mərclik idi, heç kim maraqlanmırdı. Halbuki, faciənin baş verdiyi yerə getmək və maraqlanmaq lazım idi. Ərazi sovet qoşunlarının nəzarətində qaldı.
Biz gecə Dağlıq Qarabağ Polis İdarəsində işləyən və oranı yaxşı tanıyan, polkovnik Sadir Məmmədovla birlikdə o tərəfə keçməyə çalışdıq. Düz Qarakəndin axırına qədər getdik. Orada artıq tüstü görünürdü. Bizə qəti şəkildə bildirdilər ki, əraziyə zonaya girmək olmaz. Üstündən bir sutka keçdi. Bakıda isə hələ də siyahı tuturdular. Səhərisi gün saat 11 radələrində sovet qoşunlarının müşahidəsi ilə biz ora yollandıq. Orada jurnalist yox idi. Mənimlə operator Tahir Qarayev idi. Alı Mustafayevin cəsədi, külə dönmüş bloknotunu gördük. O, hər şeyi qeyd edirdi. Onu götürmək istədik, amma icazə vermədilər, orada qaldı. Vaqif Cəfərovun, İsmət Qayıbovun meyiti orada idi. Ancaq 3-4 nəfərin meyiti yox idi. Onlardan biri də AMON-nun yaradıcısı, keçmiş Daxili İşlər naziri Məhəmməd Əsədov idi. Onunla birgə iki nəfər rus generalının da meyiti yoxa çıxmışdı. Ermənilər Məhəmməd Əsədovun başına pul qoymuşdular, mütləq onu aradan götürəcəkdilər".
"Çoban helikopterin necə vurulduğunu görmüşdü"
Allahverdi Əsədov daha sonra bildirib: ""Qara qutu" tapıldı. Operator onu götürüb gizlətmişdi, ancaq bizə dedilər ki, buradan müəyyən şeylər götürülüb, onlar geri verilməyənə qədər buraxılmayacaqsınız. Biz qutunu geri verdik. Xeyli vaxt keçəndən sonra Çingiz və digər jurnalistlər gəldilər. Tamerlan Qarayev, Rusiya Dumasının deputataları və başqa dövlət nümayəndələri orada idilər. Ayaz Mütəllibov isə orada görünmədi. Halbuki, mütləq gəlməli idi. Bizə dedilər ki, qutunu Gəncəyə aparacaqlar. Sonra isə bildirdilər ki, guya əriyib yanıb. Ancaq bu ağıla batan iş deyildi. O elə bir materialdan düzəldilib ki, nə əriyər, nə də xarab olar. Hamısını yoxa çıxardılar.
İstintaq qrupu tərəfindən bir çoban şahid kimi danışdırılmışdı. O, hadisə yerinə yaxın ərazidə qoyun otarırmış. Onda hətta “binokl”da var imiş. Çoban qəzanın necə baş verməsi ilə bağlı dəqiq məlumat vermişdi. Ondan mən müsahibə də götürmüşdüm. Ancaq çox təəssüflər olsun ki, çəkib göndərdiyim həmin müsahibə televiziyada yoxa çıxdı. Və efirə getmədi.
Çoban müsahibəsində bildirmişdi ki, helikopter atəş nəticəsində yerə düşüb. Və əlavə edirdi ki, yerə düşən kimi partlamayıb. Yerə düşəndən sonra yuxarı qalxmağa cəhd edib, ancaq qalxa bilməyib. Bizim çəkdiyimiz kadrlarda da görsənir ki, Tofiq İsmayılovun üzü salamatdır, başının ortasında güllə yeri var. Bu da onu sübut edirdi ki, orada helikopter partlaması olmayıb, hər şey sonradan ermənilər tərəfindən törədilib. Göy otun üstündə olan cəsədlər yanmaqdan qapqaradır, ancaq otlar isə gömgöy idi. Bütün bunlar hər şeyi açıb ortaya qoyurdu”.
Şahanə Rəhimli
Azvision.az