"Mir Şahin dərdi"

   "Mir Şahin dərdi"
  18 Avqust 2020    Oxunub:3622
Şakir Eminbəyli

Gərgin günlər yaşayırıq. Əksəriyyətimizin bu sınaqdan şərəflə çıxacağımıza cani-dildən inanıram, buna əminəm. Çətinliyə dözə bilməyənlər də olacaq, bu da anlaşılandır. Hər kəsin istər məlum virusa, istərsə də onun yaratdığı mühitə psixoloji cəhətdən davam gətirməsinin müəyyən həddi var.
Yaşıdlarım, məni tanıyanlar media fəaliyyətimin tarixini gözəl bilirlər. "Doxsanlar"da harada, hansı şəraitdə və kimlərlə çiyin-çiyinə çalışdığım da bəllidir. 94-ün sonunda gəncliyimi, dincliyimi, sağlamlığımı qoyduğum, ölkənin ilk müstəqil və uzun illər öncül televiziyalarından sayılan ANS ilə yollarımız ayrıldı... Keçmiş səngər, əqidə, iş yoldaşlarımdan yalnız bir nəfər ilə mütəmadi əlaqə saxlayırdım.

İllər keçdi və günün birində növbəti dəfə ANS-Dövlət qarşıdurması baş verdi. Nəticəsi bəllidir. Ölkənin xəbər məkanında bir vakuum yarandı. Çox keçmədi və Şahinin peşəkarlığı, səriştəsi, istedadı və bacarığı sayəsində yeni xəbər kanalı – Real Televiziyası yaradıldı. Qısa müddətdə kanal ölkənin peşəkar xəbərçilik funksiyasını yerinə yetirməklə, mövcud boşluğu qismən də olsa, doldurmağa müvəffəq oldu.

Mir Şahin şəxsiyyətinin cəmiyyətdə birmənalı qarşılanmadığı mənə də gün kimi aydındır. Onun bəzi fikirləri, yanaşması ilə mən də razılaşmıram. Bəzən mən yanılıram, bəzən də o. Elə hamımız kimi...

Fəqət, mənim üçün də müqəddəs anlayışlar var. Və məhz o səbəbdəndir ki, ölkənin media sektorundan bəlli səbəblərə görə bir müddət uzaq düşdüm. Fəaliyyətimi xarici media qurumları ilə bağladım. Məmləkətə, dövlətə az da olsa, gördüyüm işin faydası dəydi, deyə bilərəm.

İki ilə yaxındır ki, mən də Mir Şahinin çəkdiyi yükün altına çiynimi qoymuşam. Sevə-sevə. Sevgi səni əhatə edən hər kəsə, hər şeyə ürəkdən, səmimi veriləndə nəticə gözəl olur.
Mirşahin mənim Boss-um yox, DOSTumdur!
Minlərlə vətəndaşımız kimi Mirşahin də “Covid-19”a yoluxdu və qalib gəldi. Böyük ehtimalla, maksimum ilin sonuna qədər çoxumuz, o cümlədən də mən bu virusu öz canımızda hiss edəcəyik. Kimsə virusa, kiməsə virus qalib gələcək.

Lakin, canına, qanına, təfəkkürünə daha da dəhşətli virus yerimiş biçarə zümrə də var ki, yoluxduğu azardan çətin ki nə vaxtsa sağala bilsin. Xəstəliyinizə adı özünüz qoyun.

Mübarizənin də, düşmənçiliyin də bəlli qaydaları var.
"Mirşahin dərdi"nə düçar olanlar, ona kin-küdurət, nifrət bəsləyən, onu təhqir edən virtual və real "dostlar"!
Lütfən, gəlin elə bu andan məni özünüzdən kənar tutun.
Hər birinizə anlayışınıza görə təşəkkür edirəm.



Teqlər: Mir-Şahin  





Xəbər lenti