Velosiped vs taksi - Hansı sərfəlidir?

  Velosiped vs taksi -  Hansı sərfəlidir?
  08 Sentyabr 2024    Oxunub:638
Məlum olduğu kimi, Bakının bir neçə mərkəzi küçələrində velosiped zolaqları çəkilib. Yollardakı tıxaclara görə velosiped və ya skuterlə hərəkəti üstün tutan bəzi sakinlər bu zolaqlardan istifadə etməyə üstünlük verirlər. Odur ki, velosipedlərin icarəsi xidməti ilə məşğul olanların sayı da artıb. Lakin velosipedlərin kirayə qiymətləri o qədər də ucuz deyil -1 saatlıq icarəsi 7 manatdır.
Bəs, kirayə qiymətləri niyə belə bahadır?

Nəqliyyat eksperti Elməddin Muradlı AzVision.az -a bildirib ki, icarə qiymətlərinin baha olması xoşagələn hal deyil və məsələyə yanaşma dəyişməlidir.

Azərbaycanda nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
"Velosiped zolaqları yaradıldı, mobillik proqramı tətbiq edildi deyə skuterlərin və velosipedlərin kirayəsini fantastik məbləğə qaldırmaq düzgün deyil. Yenə skuterlərin qiymətini başa düşmək olar. Enerji ilə işləyir. Vətəndaş bunu haradasa sarj etdirir, elektrikə pul ödəyir. Amma velosipeddə belə bir şey yoxdur. Həmin yolu taksi ilə getmək daha ucuz başa gəlirsə, vətəndaş seçim arasında qalanda taksiyə üstünlük verəcək. Mobillik proqramının əsas mahiyyəti odur ki, insanlar mikromobillik vasitələrinə daha çox üstünlük versinlər. Məbləğ fərqi yarananda daha ucuz başa gələnə üstünlük verəcəklər. Bu, bizim milli dəyərlərimizdir. Həmişə belə yanaşmışıq".

Ekspert qeyd edib ki, aidiyyatı qurumlar şirkətlərlə görüş keçirməli, tövsiyələr verməlidir:

"Onlara deyilməldir ki, iş görmək, dövlətə dəstək olmaq və pul qazanmaq istəyirlərsə, bu qədər yüksək qiymət olmamalıdır. Bu qiyməti tətbiq edəndə təbii ki, vətəndaş yenə qayıdıb ya taksiyə minəcək, ya da şəxsi avtomobil almaq barədə fikirləşəcək. Bunun bizə nə faydası var? O baxımdan hesab edirəm ki, mobillik proqramına sistemli formada yanaşmaq lazımdır. Yolu çəkirlər, qiyməti başqası müəyyənləşdirir, dövlət burada zolaq çəkir, sonra hansısa bir özəl müəssisə gəlib ağlına gələn qiyməti qoyub pul qazanır.

Əgər burada insanları həvəsləndirməkdən söhbət gedirsə, simvolik rəqəmləri önə çəkmək lazım idi. Biz hazırda onları həvəsləndirmək mərhələsindəyik. Yəni sıfırdan başlayırıq. Sıfırdan bu qiymətə başlayırıqsa, görün indi üç ildən sonra nə olacaq. Əgər sual verilsə ki, bu, müsbət nəticə verəcəkmi? Birmənalı olaraq hə cavabını verə bilmərəm".

Həmidə İbrahimova
AzVision.az




Teqlər:   velosiped   yol   zolaq   kirayə  





Xəbər lenti