“Yaşıl” binalar Bakını xilas edə bilər

  “Yaşıl” binalar Bakını xilas edə bilər
  16 İyul 2024    Oxunub:15449
“Azərbaycan da qlobal iqlim dəyişikliyinin təsirilə üzləşib. Ölkədə su ehtiyatlarının azalması nəticəsində yaranan çətin şərait bu təsirlərlə daha da ağırlaşır. Belə vəziyyətdə suyun mənbədən tutmuş istehlakçıyadək qənaətlə istifadəsi, itkinin azaldılması üçün yeni üsullara ehtiyac yaranır”.
Bu sözləri AzVision.az -a açıqlamasında Azərbaycan Yaşıl Tikinti Şurasının sədri Fuad Bağırov söyləyib. O bildirib ki, su ehtiyatlarına qənaət bilavasitə “yaşıl tikinti”məfhumu ilə əlaqədardır. Bu məfhum insanın yaşayışı üçün həm kənd mühitinə məxsus şəraitə, həm də şəhər həyatının faydalarına (ictimai əlaqələr, təhsil, səhiyyə, mədəniyyət ocaqları və s.) əsaslanan davamlı tikintini nəzərdə tutur.

Onun sözlərinə görə, tarixən suya qənaət məsələsində kəndlərdəki vəziyyət şəhərlərdən daha ürəkaçan olub: “Kəndlərdə əkinləri suvarmaq üçün adətən, yağış suyu yığılardı. İnsanlar öz gigiyena ehtiyacları üçün də məhdud miqdarda su işlədərdilər. Əlbəttə, şəhər sakinlərini bu cür kənd şəraitində yaşamağa çağırmaq ağlabatan deyil. Çünki bir-birindən fərqli həyat tərzindən söhbət gedir. Hər halda, şəhərlilər də suyu qənaətlə işlətməlidirlər”.


“Yaşıl tikinti”də enerji səmərəliliyi və su istehlakına qənaətlə bağlı bir çox texnologiya var. Məsələn, duş qəbulu vanna qəbulundan daha sərfəli sayılır. Eyni zamanda, xüsusi üzmə hovuzları var: onlar həcmcə kiçikdir, ancaq yaranan əks dalğa insanda elə təəssürat oyadır ki, sanki uzaq məsafəyə üzür – əslində isə, yerindən tərpənmir.

Ekspert vurğulayıb ki, Bakıdakı binalarda həyətyanı yaşıllıqların suvarılması üçün yağış suyunun yığıldığı xüsusi çənlər yoxdur. “Yaşıl binalar”da üç kanalizasiya sistemi olur: birincisi – paltaryuyan maşın, duş kabinəsi və əlüzyuyandan axan sabunlu su; ikincisi – mətbəx çanağı və qabyuyan maşından axan yağlı su; üçüncüsü isə adi kanalizasiya suyu üçündür. “Boz su” adlanan sabunlu su təkrar istifadəyə yararlıdır. Ondan məsələn, unitaz çənlərində istifadə etmək olar. Ayrıca çənlərə yığılan yağlı su isə biodizel istehsalında işlədilir. Bir çox ölkədə yağlı suyun kanalizasiyaya axıdılması qadağandır.

Bakıya leysan yağanda şəhərin kanalizasiya sistemi axının öhdəsindən gələ bilmir və küçələri su basır. Yağıntı binaların damına quraşdırılan çənlərdə yığılarsa, belə hallar baş verməz.

Ekspert həmçinin şəhər parklarında damcı suvarma sisteminin tətbiqinin vacibliyini diqqətə çatdırıb. Bu zaman yaşıllıqlar içməli yox, texniki su ilə suvarılır.


- Təəssüf ki, ölkəmizdə “yaşıl binalar” üzrə sertifikatlaşdırma sistemi yoxdur. Sudan qənaətlə istifadə üçün əvvəla qəlibləşmiş fikirləri dəyişmək lazımdır. Məsələn, avtoyuma məntəqələrində içməli su işlədilir, halbuki, xaricdə avtomobillər filtrdən keçirilib təmizlənən işlənmiş su ilə yuyulur. Bu təcrübə Azərbaycanda da həyata keçirilməli, avtoyuma məntəqəsi sahiblərindən suyu israf etməmələri tələb olunmalıdır. Çünki hər kəs bilir ki, Bakıdakı avtoyuma məntəqələri hər gün həddən artıq suyu boşuna axıdır ”, - Faiq Bağırov söyləyib.

Ekspert bildirib ki, sudan qənaətli istifadə mexanizmlərinin tətbiqi üçün qanunvericilikdə dəyişikliklərə ehtiyac var. Müasir texnologiyalar sayəsində bu sahədə yeni vərdişlər labüd şəkildə üzə çıxıb. Məsələn, Bakının əksər ictimai binalarında suya qənaət məqsədilə sensorlu kranlar quraşdırılıb. Bu cür kranların yaşayış binalarında da istifadəsi mümkündür.

Samir Nəcəfov
AzVision.az


Teqlər: Ekologiya  





Xəbər lenti