Peyğəmbərlik ziddiyyəti – ARAŞDIRMA

Peyğəmbərlik ziddiyyəti – ARAŞDIRMA
  26 Noyabr 2013    Oxunub:9996
Mövcud dinlərin əksəriyyəti peyğəmbərlik statusunu bu və ya digər anlamda tanıyır. Təbii ki, bizim “Tanrı elçisi” də adlandırdığımız bu dini terminin müxtəlif dillərdə sinonimləri mövcuddur: prorok (rus), prophet (ingilis), nəbi (ərəb), navi (ivrit), şakty-aveş-avatar (sanskrit) və s. Bu oxşarlıq və eyniyyətlərə baxmayaraq, peyğəmbərlik mərtəbəsinə aid edilən şəxslərə münasibət heç vaxt birmənalı olmayıb.

Tarix özünü “peyğəmbər” adlandıran saysız adamlar tanıyır. Onların əksəriyyəti elə öz dövründəcə unudulub. Günümüzdə özünü peyğəmbər elan edən yüzlərlə insan yaşayır. Təkcə Mingəçevir şəhərində bu gün 4 nəfər Tanrı elçisi olduğunu iddia etməkdədir. Tarixən, peyğəmbərliyi geniş kütlələr tərəfindən qəbul edilən və bu gün də ardıcılları artmaqda olan şəxslərə gəlincə, onlara münasibət də ziddiyyətlərdən xali deyil: bir dinin peyğəmbər kimi tanıdığı şəxsi digər din adi adam, bir başqası Tanrı sayır və s. Görəsən, kim haqlıdır? Bu çaşqınlıqlar haradan qaynaqlanır? Kimi əsl peyğəmbər hesab etmək olar?

Bugünkü araşdırmalarımızla məhz bu suallara aydınlıq gətirməyə çalışdıq. Topladığımız dəlilləri, mütəxəssis fikirlərini və gəldiyimiz nəticələri sizin mühakimənizə təqdim edirik.

Yəhudi-xristian baxışı

Yəhudi-xristian ilahiyyatçıları “peyğəmbər” dedikdə, eramızdan əvvəl 8-ci əsrin 4-cü rübü – eramızın 4-cü əsrinin 1-ci rübü arasında qədim İsrail, Babilistan ərazilərində yəhudilər, babillilər və assuriyalılar arasında Tanrı kəlamlarını təbliğ etmiş şəxsləri nəzərdə tuturlar.
Bibliya peyğəmbərləri miras qoyduqları kitabların həcminə görə, ənənəvi olaraq, böyük və kiçik olmaqla iki qrupa bölünürlər:

4 böyük peyğəmbər: İsaiya, Yeremiya, Daniil, Yezikil;
Kiçik peyğəmbərlər: İoil, İona, Amos, Osiya, Mixey, Naum, Sofoniya, Avvakum, Avdiy, Aggey, Zəkəriyya, Malaxiya.

Həm yəhudilər, həm də xristianlar kiçik istisna ilə bu şəxsləri peyğəmbər kimi qəbul edirlər. Yəhudilər böyük peyğəmbərlərdən Daniili bu siyahıya daxil etmirlər.
Bundan başqa, Bibliyaya aid kitablarda adı çəkilən bir çox başqa peyğəmbərlər də var: Samuil, Nafan, İliya, Yelisey və s.

Yəhudilər Musa peyğəmbəri başqa peyğəmbərlərdən fərqləndirərək adının qarşısına Rəhbər titulunu artırmaqla yad edir, İsa peyğəmbərin peyğəmbərliyini isə qəbul etmirlər. Üz tutduğumuz ravvinlər İsa peyğəmbərlə bağlı suallardan qaçmağa üstünlük verdilər: “Mən, yalnız Tanaxda (Tövratda) adı çəkilən peyğəmbərlər haqqında danışa bilərəm”.

Görəsən, İslam dini necə, Bibliyada adı çəkilən peyğəmbərləri bu statusa aid edirmi? İslami hədislərə görə, sayı 124 min olan peyğəmbərlərin siyahısında Bibliya peyğəmbərlərindən kimlər var?

İslamşünaslar nə deyir?

Dinşünas alim Nəriman Qasımoğluya görə, «peyğəmbər» dedikdə, Tanrı elçisi, İlahidən vəhylər alıb, insanlara çatdıran şəxs nəzərdə tutulur: “Ərəbcəsi "nəbi" - xəbər verən, xəbər çatdıran anlamında olan peyğəmbərlər İlahi seçimə layiq görülənədək adi insanların həyatını yaşayırlar. Bu zaman davranışlarında, əməllərində hansısa möcüzəvi özəlliklər müşahidə edilmir. Onları başqalarından fərqləndirən əsas cəhət üstün mənəviyyatlarıdır. İlahi seçim də məhz buna görə müəyyənləşir” .

Nəriman bəy Bibliyada adları keçən Tanrı elçilərinin islam dinində də peyğəmbər statuslu şəxslər sayıldığını deyir: “Tanrı elçilərinin sayının 124 min olması mübahisələdir. Çünki bu barədə Quran məlumat vermir. Hədislərə gəlincə, hesab edirəm ki, bunları və ümumiyyətlə, vəhydən kənar hər hansı ədəbiyyatı din qaynağı saymaq doğru deyil. Bu, mənim elmi-teoloji mövqeyimdir. Adlarını çəkdiyiniz Bibliya peyğəmbərlərindən ikisinin (Zaxariya - Zəkəriyyə, İezerkil - Zül-kufl kimi) adı Quran-da çəkilir. Hətta adı çəkilməyənləri belə, biz müsəlmanlar olaraq, peyğəmbər saymalıyıq. Ona görə ki, bu, Quran məntiqinin, Quranın özündən öncəki kitabları təsdiqləyici olaraq endirildiyinə dair ayələrin tələbidir”.

İslamşünas alim Elmir Quliyev isə bu məsələyə bir qədər fərqli yanaşaraq, Quranda adı peyğəmbər kimi çəkilməyən şəxslərin bu statusa aid edilməsinin doğru olmadığını deyir: “Quranda yalnız 25 peyğəmbərin adı çəkilir: 1) Adəm 2) İdris 3) Nuh 4) Hud 5)Salih 6) İbrahim 7)lut 8)İsmail 9) İshak 10) Yaqub 11) Yusif 12) Şüeyb 13)Əyyub 14) Zulkifl 15) Musa 16) Harun 17) Davud 18) Süleyman 19) İlyas 20) Əlyasa (Yelisey) 21) Yunus 22) Zəkəriyyə 23) Yahya 24)İsa 25)Məhəmməd”.

E.Quliyev hədislərdə adı çəkilən peyğəmbərlərin haqqında əminliklə danışmaq üçün ciddi əsasların olmadığını düşünür: “Hədislərdə Şis, Daniyal kimi adlara da rast gəlirik. Bu adlar hədislərdə məhz peyğəmbər statuslu şəxslər kimi çəkilir. Lakin mən bu şəxslərin Məhəmməd peyğəmbərin aid olduğu peyğəmbərlər silsiləsinə mənsubluğu haqqında heç nə deyə bilmərəm”.

Tarixi faktlar

Tarixçilər və din araşdırmaçılarının əksəriyyəti dini mənbələrdə adı çəkilən peyğəmbərlərin çoxunun tarixi şəxsiyyətlər olduğu qənaətindədir. Onlardan ən çox mifləşdirilmişlərinin belə, həyatda real izləri bu gün də qalmaqdadır. Məsələn, dini mənbələr İsa peyğəmbərin adi insanlar kimi ölmədiyini, göyə çəkildiyini və ya qeyb olduğunu deyir. Amma Nikolay Notoviç, Abhidenanda Svami, Nikolay Rerix və bir çox başqaları İsa Məsihin israillilərin terrorundan qaçaraq Kəşmirə getdiyini, 80 yaşlarına qədər orada yaşadığını, orada qəbrinin olmasını sübut edən dəlillərlə çıxış ediblər. Bu araşdırmaçıların əsaslandığı dəlillər və ondan irəli gələn məntiqə görə, İsanın şagirdləri onu axtaranlara “göydən gəlmişdi, göyə də qayıtdı” – deməklə, iz azdırmışlar və əksəriyyəti buna inandırmağa nail olmuşlar. Elə bu inam İsanın şagirdlərinin bundan sonrakı təbliğatlarının uğurunu təmin edib.

Tarixi və dini mənbələrdəki ziddiyyətlər bununla bitmir. Məsələn, bir çox araşdırmaçılar Quranda adı çəkilən Zülqərneynlə tarixi şəxsiyyət olan Makedoniyalı İsgəndər Zülqərneyni eyniləşdirirlər. Bu qənaətə Quranın 18-ci (əl-Kəhf) surəsinin 83-98-ci ayələrinin bəzi məqamları da əsas verir. Orada təsvir edilən hadisələr Zülqərneyn peyğəmbərin və İsgəndər Zülqərneynin fəaliyyətində bənzərliklər olduğunu göstərir. Maraqlıdır ki, İsgəndər Zülqərneyn istilaçılıq fəaliyyəti zamanı zərdüştilərin (Zərdüşt peyğəmbərin ardıcıllarının) müqəddəs kitabı “Avesta”nın 12 min dana dərisi üzərində yazılmış nadir nüsxələrindən birini yandırtması ilə də məşhurdur. Zərdüşt peyğəmbərə və onun təliminə tapınan insanlar bu gün də var. İsgəndər Zülqərneynin isə peyğəmbər kimi qəbul edilməsinə dair heç bir tarixi dəlil yoxdur.

Tarix adi din təbliğatçılarının bəzən peyğəmbər kimi anılması faktlarına da şahidlik edir. Məsələn, 4-cü əsrdə Vatikan rəhbərliyinin xristianlığı təbliğ etmək üçün Azərbaycana göndərdiyi Georgi sonralar `Cərcis peyğəmbər` adı ilə tanınıb. (Onun haqqında yazını yaxın vaxtlarda AzVision.az-da oxuyacaqsınız)

İnam azadlığı

Bütün bu ziddiyyətlərin üzərindən əksər inancları birləşdirən ana xətti görmək xeyli çətindir. Amma bu, mümkündür. O Ana Xətt bütün varlıqların yaradıcısı, ali müəllifi olan Uca Tanrıya inam, Onun yaratdıqlarına əbədi sevgisi, bəndələrin isə həmin sevgiyə qarşılıq verə biləcək səviyyəyə yüksəlmə ideyasıdır.

Fərqlər və ziddiyyətlər isə kimin nəyə və nə qədər inanması məsələsinin məhsullarıdır. Tanrının hər bir bəndəsinə verdiyi azadlıq payı içərisində təbii ki, hər kəsin inam azadlığı da var. Hər bir Tanrı bəndəsi öz azadlıq hüdudunun başqalarının azadlıq dairəsi başlandığı yerdə bitdiyini unutmadan, onların inam azadlığına hörmətlə yanaşmalıdır. Kimin hansı peyğəmbəri qəbul edib, hansına inanmamağı da onun azad seçimidir.

N.Qasımoğlunun bu məqamla bağlı maraqlı fikri var: “Din elçilərə məxsus deyil. Yəhudilərə musəvilər, xristianlara isəvilər, yaxud məsihilər, müsəlmanlara məhəmmədilər deyənlər yanılırlar. Din Allahındır. Elçilər ilahi dəyərlər uğrunda mücadilələrə sadəcə, öndərlik edən şəxslərdir”.

Cəmşid Bəxtiyar
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:  





Xəbər lenti