Xəzərin çəkilməsi iqtisadiyyata hansı problemləri yaradacaq? – VİDEOKAST

   Xəzərin çəkilməsi iqtisadiyyata hansı problemləri yaradacaq? –    VİDEOKAST
  28 Yanvar 2022    Oxunub:5194
Alman və holland tədqiqatçılarının hesablamalarına görə, 2100-cü ilə qədər Xəzər dənizində suyun səviyyəsi indikindən 9-18 metr aşağı olacaq. Dəniz hövzəsinin sahəsi isə 23-34 faiz daralacaq. Alimlərin fikrincə, bu, regionun ekologiyasında, iqtisadiyyatında və siyasi sabitliyində bir sıra problemlər yaradacaq.
“Nature Communications Earth & Environment” jurnalında dərc olunan tədqiqatın nəticələrini bəzi alimlər rədd edərək, deyirlər ki, indi Xəzərin səviyyəsi aşağı düşsə də, 8-10 ildən sonra sabitləşəcək. Yəni ciddi narahatlığa əsas yoxdur. Amma tutaq ki, avropalıların proqnozu hər halda özünü doğruldarsa, o zaman Xəzəryanı ölkələr iqtisadi baxımdan hansı risklərlə üzləşə bilərlər?

AzVision.az bu sualla Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun eksperti Lidiya Parxomçikə müraciət edib.


- Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi sahilyanı ölkələrin iqtisadiyyatına necə təsir edəcək?
- Əvvəla, aydınlıq gətirmək istərdim ki Xəzər dənizinin səviyyəsindəki tərəddüdləri proqnozlaşdırmaq üçün bu günə qədər işlək bir iqlim modeli yaradılmayıb. Bütün mövcud modellər ya dalğalanma dövrlərinə, ya da mövcud aşağı/yuxarı tendensiyaların ekstrapolyasiyasına əsaslanır.

Ancaq dediyiniz kimi, dənizin səviyyəsinin dəyişməsi Xəzəryanı ərazilərin iqtisadi strukturunun təşkilinə birbaşa təsir göstərir. Odur ki, Xəzər dənizinin səviyyəsinin azalması, ya da artması sahilyanı rayonların iqtisadiyyatına ciddi ziyan vura bilər.

Mümkün dəyişikliklərin miqyasını təxmini qiymətləndirmək üçün regionda 1930-1977-ci illərdə yaranmış vəziyyəti nəzərə almaq lazımdır. Suyun çəkilməsinin yeganə müsbət cəhəti geniş qumluq sahil zolağının yaranmasıdır. Lakin turizm üçün cəlbedici rekreasiya zonalarının yaranması digər sənaye sahələrindəki tənəzzülü kompensasiya edə bilməzdi. Belə ki, dəniz naviqasiyası ilə bağlı vəziyyət xeyli mürəkkəbləşib. Şimali Xəzərdə və xüsusilə Volqa deltasında naviqasiya yalnız kiçik tonnajlı gəmilər üçün əlçatan olub.
Dəyişikliklər balıqçılıq sənayesinə də təsir edib. Balıq populyasiyası üçün yem sahələri azalıb. Volqanın dayaz mənsəbini su bitkiləri sürətlə basdı və balıqların kürü tökməsi çətinləşdi. Nəticədə balıq ovu kəskin şəkildə azaldı.


Digər tərəfdən, 1977-ci ildə əks prosesin başlaması və Xəzərin səviyyəsinin yenidən yüksəlməsi iqtisadiyyata ciddi təsir göstərməyə başladı. Kənd təsərrüfatı üçün istifadə edilən əhəmiyyətli ərazilər su altında qaldı, bir sıra sahilyanı şəhər və qəsəbələr və onların infrastrukturu zədələndi.
Nəticədə 2022-ci ilin yanvar ayına Xəzər dənizinin orta səviyyəsi -28,51 metr təşkil edir. Bu səviyyə sahilyanı sənaye sahələrinin fəaliyyəti üçün kritik olmasa da, zaman keçdikcə durum dəyişə bilər.

- Alimlərin fikrincə, dəniz və ya ona axan çayların sahillərində yaşayan milyonlarla insanı son dərəcə xoşagəlməz nəticələr gözləyir. Bu problemlər regionda siyasi gərginliyi artıra bilər. Xəzər dənizinin sularını bölüşən ölkələr - Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan sərhədlər və balıqçılıq hüququ ilə bağlı yeni müqavilələr bağlamalı olacaqlar. Bunu necə şərh edərdiniz? Xəzəryanı ölkələrin siyasi münasibətlərində gərginlik arta bilərmi?
- Xatırlayırsınızsa, 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulur ki, dövlət dəniz sərhədinin başlanğıc nöqtəsi müəyyənedilmə üsulu ayrıca müqavilə ilə tənzimlənən ilkin düz xətlər olmalıdır.
Bu paraqraf Konvensiyada təsadüfi deyil. Biz artıq müəyyən etmişik ki, dənizin səviyyəsindəki dalğalanmalar Xəzərin normal vəziyyətidir. Sahil xətti daim dəyişir, bu da onu ərazi sularının sərhədi kimi “təsbit etməyi” qeyri-mümkün edir.
Elə buna görə də, xəritəçəkmə üçün sahil və ya adalardakı ilkin nöqtələrin koordinatlarını birləşdirərək, müəyyən etmək lazımdır ki, birbaşa ilkin xətlər alınsın. Başlanğıc nöqtələri elə seçilir ki, dəniz səviyyəsinin qalxması/enməsi Xəzər dənizinin bölünməsinə dair ikitərəfli və çoxtərəfli sazişlərə yenidən baxılması zərurətinə səbəb olmasın.
Qazaxıstan artıq 2017-ci ildə hökumətin müvafiq fərmanında təsbit edilmiş baza səviyyələrinin müəyyən edilməsi metodologiyasına dair qərar qəbul edib. Bununla belə, region ölkələri hələ ki baza səviyyələrinin müəyyən edilməsi metodologiyasını formal şəkildə təsbit edən beştərəfli saziş üzrə razılığa gəlməyiblər. Deməli, “Xəzər beşliyi” hələ bu məsələni de-yure həll etməyib.
Xəzərin statusunun müəyyən edilməsi məsələsində olduğu kimi, bu problemin həlli də ciddi səylər tələb edəcək və onilliklər çəkə bilər.

- Əgər Xəzərin quruması avropalı alimlərin proqnozlarına əsasən getsə, beynəlxalq nəqliyyat dəhlizlərinin - “Şimal-Cənub” və “Şərq-Qərb”in əhəmiyyəti nə dərəcədə azalacaq?
- Etiraf etmək lazımdır ki, dəniz səviyyəsinin 1997-ci ildən başlayan aşağıdüşmə tendensiyası davam edərsə, gəmiçiliyin inkişafı ilə bağlı narahatlıqlar daha da artacaq. Bunun bariz nümunəsi olaraq “Kaşaqan” dəniz yatağında aparılan işlərlərlə bağlı yaranmış situasiyanı göstərmək olar. Dənizin bu hissəsində suyun səviyyəsi 2005-ci ildən bəri bir metrdən çox aşağı düşdüyündən, 2025-ci ilə qədər yatağın ərazisində naviqasiya ilə bağlı problemlər yarana bilər. Həll yolu kimi ümumi uzunluğu 56 kilometr olan iki kanalın qazılması təklif edilir.

Beləliklə, Şimali Xəzərdə gəmiçilik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə (BND) birbaşa təsir edəcək problemlərlə üzləşəcək. Olya və Həştərxan limanlarında liman obyektlərinə giriş, həmçinin Volqa-Don kanalı boyunca sonrakı hərəkət məhdudlaşdırıla bilər. Cənub hissəsində dəniz səviyyəsinin aşağı düşməsi isə İran limanlarının fəaliyyətinə az da olsa təsir göstərəcək.
Nəticədə 2030-cu ilə qədər "Şimal-Cənub" BND-nin marşrutları üzrə konteyner daşıma potensialının 662 min iyirmifutluq ekvivalentə (İFE) çata biləcəyi proqnozları reallaşmayacaq.


Digər tərəfdən, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə gəmiçilik daha sərfəli duruma gələ bilər, çünki Bakı, Aktau və Kurık limanlarının coğrafi mövqeyinə görə dəniz səviyyəsinin aşağı düşməsi onların fəaliyyətinə müəyyən təsir göstərəcək.

- Xəzər dənizinin səviyyəsinin azalması Xəzərdən yük daşıyan nəqliyyat və logistika şirkətlərinin maraqlarına necə təsir edəcək?
- Təəssüf ki, Xəzəryanı dövlətlərin bütün səylərinə baxmayaraq, multimodal nəqliyyat marşrutlarının Xəzər seqmenti logistika üçün böyük problem olaraq qalır. Nəqliyyat və logistika şirkətləri Xəzər dənizindəki daşımaların təşkilində bir çox çətinliklərlə üzləşirlər. Yalnız son bir neçə ildə konteynerlərin daşınması üçün müntəzəm fider xətləri meydana çıxdı, bərə reyslərinin siyahısı da genişləndi.
Bütün Xəzər limanları yüklərin axınla daşınmasından tranzit daşınmasına keçidi yekunlaşdırmaqdadırlar. Lakin bunun üçün limanlarda, xüsusilə də konteyner daşımalarında ən son texnologiyalardan istifadə etmək lazımdır. Yalnız bu halda limanlarda xidmətlərin qiymətini aşağı salmaq, bununla da marşrutların rəqabət qabiliyyətini artırmaq mümkün olacaq.

Aydındır ki, Xəzərdəki liman qurğuları dəniz səviyyəsinin dəyişməsinin xüsusiyyətlərini nəzərə alaraq fəaliyyət göstərir. Elə buna görə də liman sularında mütəmadi olaraq dərinləşdirmə işləri aparılır. Yeni liman kompleksləri də daha əlverişli coğrafi yerlərdə peyda olur. Kurık və Ələt limanları buna misal ola bilər.
Lakin indiki şəraitdə bütün Xəzər limanları yüklənmənin azlığı problemindən əziyyət çəkir. Naviqasiya şəraitinin pisləşməsi təhlükəsi də bu problemin həllinə kömək etmir.

- Avropalıların proqnozu özünü doğruldarsa, bu vəziyyətdən çıxış yolunu necə görürsünüz?
- Artıq qeyd etdiyimiz kimi, Xəzərin səviyyəsini müəyyən etmək üçün bu cür uzunmüddətli proqnozların dəqiqliyi son dərəcə aşağıdır. Elə buna görə də, sahilyanı dövlətlərdən yeni limanların köçürülməsi/tikilməsilə bağlı irimiqyaslı layihələr gözləmək lazım deyil. Son çarə kimi kanal gəmiçiliyinin imkanını nəzərdən keçirmək məqsədəuyğun olardı.

Kaşaqan yatağının süni adalarına kanalların tikintisi layihəsi Xəzər dənizinin Qazaxıstan sektorunda yeganə layihə deyil. Belə ki, “Tengizchevroil” şirkətinin üçüncü nəsil zavodunun tikinti sahəsinə mal və avadanlıqların daşınması üçün Prorva limanı ərazisində 71 kilometrlik naviqasiya kanalı qazılıb. Beləliklə, dənizin çəkilməsi problemi həll olunub.

Seymur Məmmədov
AzVision.az


Teqlər: Xəzər   Ekologiya  





Xəbər lenti