Uzaq yaxınlıq: Diaspor vətəni üçün nələri edə bilər – Müsahibə+Video

      Uzaq yaxınlıq:    Diaspor vətəni üçün nələri edə bilər –    Müsahibə+Video
  28 Aprel 2023    Oxunub:9857
Müasir dövrdə tərəfdaş və müttəfiq ölkələrin qazanılmasında diasporların fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, hər bir xalq xaricdə güclü diasporunun formalaşmasında maraqlıdır.
Tarix elmləri üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert Zaur Əliyev AzVision.az -a müsahibəsində deyir ki, diaspor - milli kimliyi xaricdə qorumaq və olduğu dövlətin ərazisində elektorat formalaşdırıb, siyasi xadimlərin onun vətəninə qarşı siyasətini dəyişmək bacarığında olan qurumdur.

- Bəziləri icma ilə diasporu səhv salırlar. İcma başqa bir anlayışdır. Məsələn, türk icmaları Avropada, Hollandiyada, Avstraliyada, Çində yaşayırlar, öz məhəllələri və öz həyatları var. Yığışırlar, bayramlar keçirirlər... Bu, icma anlayışıdır. Diaspor anlayışı isə daha çox siyasi anlam daşıyır. Diaspor fəaliyyəti varsa, birincisi, onun bir informasiya resursu olmalıdır. İkincisi, hüquqi təşkilatı olmalıdır ki, yerləşdiyi dövlətin layihələrində iştirak edə bilsin. Misal kmi hindliləri göstərə bilərəm. Onlar təkcə icma deyillər, mərkəzləri var, diaspor formalaşdırıblar. Mədəni, hüquqi və informasiya mərkəzləri ayrı-ayrıdır. 3 şəbəkini əlaqələndirib, hindli kimliyini xaricdə təmsil edə bilirlər və olduqları dövlətdə vətəndaşların səsini qazanmaqdan ötrü seçicilərlə əməkdaşlıq etməyə çalışırlar.


ABŞ prezidentliyinə keçmiş namizəd Con Kerrinin ermənipərəst olmasının səbəbi yaşadığı evin ətrafında olan erməni icmasıdır. Con Kerrinin bağbanı, saç ustası ermənidir, təbii qida məhsullarını ermənilərdən alır. Mən onunla Amerikada görüşəndə bunu özü etiraf edib və “mən bu xalqı niyə sevməyim?” sualını verib. Yəni milyonlarla pul verib Con Kerrinin səsini almaq əvəzinə, sadəcə, kiçik qayğı ilə bunu bacarıblar.

- Diasporun tarixi vətəninə investisiya cəlb etmək imkanı nədən asılı olur? Diaspormu tarixi vətəni üçün işləməlidir, yoxsa tarixi vətəni diaspor üçün çalışmalıdır?
- Diaspor investisiya gətirmir, sadəcə olaraq, ölkəsini təmsli edir. Məsələn, siz bir iri şirkət sahibisiniz və iş qurmağa çalışırsınız. Diaspor sizi dəvət edir, öz ölkəsini tanıdır və göstərir ki, orada filan işləri görmək olar. Bu gün yunanlar, irlandlar, çinlilər və digərləri diasporlarından investisiyalar gözləmirlər. Ölkələrinin elə təbliğini istəyirlər ki, ora daha çox investisiya gəlsin.
Ermənilərin təkcə Kaliforniyada bir neçə informasiya şəbəkəsi var. Onlar tez-tez Ermənistanın turist zonası olduğunu, orada qədim kilsələrin və gəzməli yerlərin mövcudluğunu bildirirlər. Bunu görən iş adamı gəlib həmin turist zonalarına yatırım qoyur. Erməni diasporunun bunda rolu tanıtmaqıdr. Yəni sən öz ölkəni tanıda bilirsənsə, investisiya gələcək. Tanıda bilməyəcəksənsə, heç kimə maraqlı olmayacaq.

Dövlətin özü də diasporda maraqlı olmalıdır. Məsələn, Çində diaspor ilə işləyən 3 böyük qurum var. Onların işi nədən ibarətdir? Birinci qrup ölkəni tanıdır, mətbəxini təbliğ edir, gedib Çin məhəllələri və restoranaları açır. İkinci qrup çinliləri dünyaya səpələyir, onlara biznes imkanları yaradır ki, gedin, dünyada gəzin, bu malları satın və Çini tanıdın.


Üçüncü qrup isə sırf diaspor ilə işləyir ki, onlar vətəni unutmasınlar. Məsələn, müəyyən günlərdə dövlət tərəfindən onlara yardım edilir, və nəticədə diaspor özünü güvənli hesab edir. Bunun üçün dövlət ikili vətəndaşlıq mexanizmindən istifadə edir. Həmin adamların övladlarının öz ölkəsində pulsuz təhsil almasına şərait yaradır. Ailəsinin gedib-qayıtması üçün sərfəli paketlər təklif edir. Nəticədə diaspor öz vətəninə bağlanır.

- Hansısa xalqın bu və ya digər ölkədə möhkəm mövqe qazanmış diasporu olduğu dövlətin öz ana vətəninə münasibətdə siyasətinə necə təsir göstərir?
- Məsələn, bu gün Britaniyada yaşayan azərbaycanlılar həmin ölkənin Azərbaycana münasibətini tam müsbət istiqamətə dəyişə biliblər. Eyni zamanda, Britaniyada yaşayan pakistanlılar, hindlilər də dəyişə biliblər. Bunun səbəbi nədir? Çox böyük önəm daşıyan təbliğat.
İrlandların Müqəddəs Patrik günü var. Həmin gün onlar yürüşlər keçirirlər, yaşıl paltar geyinirlər. Bu, amerikalı iş adamalarını və sahibkarları o qədər cəlb edir ki, onlar istər-istəməz İrlandiyanın lobbiçisinə çevrilrilər. Yaxud, götürək Nyu-Yorkda son bir neçə ildə özümün də gördüyüm türk yürüşlərini. Bilirsiniz, yürüşlərin olması necə gözəl bir şeydir? Türk yürüşləri vaxtı insanlar təkcə bayraq qaldırmırlar. Türk mətbəxi təqdim olunur, türk musiqisi, adət-ənənləri təbliğ edilir. Sənin ölkənin təbliğatı nə qədər güclüdürsə, olduğun dövlətin siyasətinə də o qədər təsir edə bilərsən.
Yeri gəlmişkən, çinlilər öz mətbəxləri ilə hər şeyi həll ediblər. Bu gün Çin mətbəxi dünyanın hər yerində siyasətçilərin stolunun üstündə var. Bunlar siyasətçinin mövqeyinə də çox təsir edir.
Amma Azərbaycan bu istiqamətdə geri qalır. Yəhudilər, ermənilər öz şəbəkələrini elə qurublar ki, siyasi xadimlər lazım olanda onların iş adamları ilə iş görə, hüquqi şirkətlərinə müraciət edə biləcəklərini başa düşürlər. Həmin hüquqi şirkətlər də ermənilərə xidmət edən lobbiçilərdir.

- Biz bu sahədə hansı örnəkləri əsas götürməliyik?
- Birinci, bizim azərbaycanlıların psixologiyasını öyrənmək vacibdir. Almaniya azərbaycanlısı bir cür düşünür, Amerika azərbaycanlısı başqa cür. Fransa azərbaycanlısı isə tamam başqa bir düşüncənin sahibidir. Azərbaycanlı üçün bir addım atsanız, onlar on addım atacaqlar. Güzəştli səfərlər, iş şəraiti yaratmaq, heç olmasa ayda-ildə bir dəfə onları təbrik etmək, layihələr həyata keçirmək lazımdır. Dövlət bizim diaspor təşkilatlarına 5 min dollarlıq layihə versə, onlar 15 min dollarlıq iş görəcəklər. Çünki bizim psixologiyamız belədir ki, Azərbaycana, bir-birimizə yaxşı olmaq üçün işi keyfiyyətli görməyə çalışırıq. İldə iki dəfə diaspor üçün ayrıca layihələr verilsin və həmin layihələrdən istifadə edən diaspor lazım olan işi görsün. Bu, yavaş-yavaş Azərbaycana investisiya gətirəcək, eyni zamanda, vətənpərvərliyi təbliğ edəcək, böyük işlər görüləcək, kitablar çıxacaq, jurnalistlərə pul veriləcək.

Mən Amerikada regional özəl televiziyalardan birində çıxış edəndə orada erməni də var idi. Jurnalistə pul verdim ki, mənim çıxışımı irəli çəksin. Diasporda olanların hamısı varlı və imkanlı deyil. Doğrudur, oradakı iş adamlarının imkanları var. Onlar üçün investisiya, vergi məsələlərində bir az güzəşt etmək olar. Necə ki, Çində belə güzəştlər verilir. Onlar üçün məktəblər maraqlı ola bilər. Bizdə diaspor məktəbləri çox azdır. Amma yaxşı olardı ki, onların gənclərinin bura tez-tez gəlib, bizim universitetlərdə müəyyən mühazirələr dinləməsinə şərait yaradılsın.

Digər tərəfdən, məsələn, Amerikada siyasi partiyalara, siyasi dəstələrə qoşulmaq, sonra onların dəstəkçisi kimi istədiyimizi tələb etmək olar. Ermənilər Amerikada bunu necə edirlərsə, biz də edə bilərik. Özü də orada 4-5 nəfər deyilik, kifayət qədər sayımız var.


Çox istərdim ki, ikili vətəndaşlıq məsələsi gündəmə gəlsin. Azərbaycanlı iş adamları həm Azərbaycanın, həm də həmin ölkənin vətəndaşı olsunlar. Xaricdə bizim kifayət qədər nüfuzlu həkimlərimiz var. Onların vasitəsi ilə Azərbaycanı təbliğ etmək olar.

Yaxın regionlarda yaşayan diasporlarımızın üzvlərinə hüquqi yardımlar göstərə bilərik. Oradakı azərbaycanlılar hüquqi xidmət üçün gedib baha qiymətə şirkətlərə müraciət edirlər. Yaxşı olardı ki, bizim bir hüquq xidmətimiz fəaliyyət göstərsin. Tutaq ki, diasporumuzun öz hüquq məsləhətxanası olsun. Azərbaycanlılar yerli qanunvericiliklə, hər hansı bir hüquqi problemlə rastlaşanda həmin məsələləri orada dərhal həll etsinlər. Bu cür məsələlər həllini tapsa, inanıram ki, Azərbaycan diasporu çox güclü olar.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Diaspor  





Xəbər lenti