“Qurumuş” rəqəmlər: Su ehtiyatlarımızın nə qədər olduğunu bilmirik – Müsahibə (Video)

      “Qurumuş” rəqəmlər:    Su ehtiyatlarımızın nə qədər olduğunu bilmirik –    Müsahibə (Video)
  31 Avqust 2023    Oxunub:21717
“Azərbaycanda su yoxdur” demək olmaz. Suya nəzarət və ondan səmərəli istifadə yoxdur. Bu sözləri AMEA-nın Coğrafiya institutunun direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov AzVision.az -a müsahibəsində deyib. Nəyəsə nəzarət etmək üçün əvvəlcə onu ölçmək lazımdır. Amma biz hazırda nə qədər su ehtiyatımızın olduğunu dəqiq bilmirik.
- Əslində dünyada suyun həcmi dəyişmir. Şirin sular dünyada olan suların cəmi 2,5%-ni təşkil edir, onun da əsas hissəsi buz formasında Antarktidada yerləşir. Sudan istifadənin həcmi davamlı şəkildə artır. Dünyanın əksər ölkələrində istifadə olunan suyun böyük hissəsi kənd təsərrüfatının payına düşür. Amma texnologiyaların inkişaf etdiyi ölkələrdə mütərəqqi üsulların tətbiqilə kənd təsərrüfatında istifadə olunan suyun miqdarını getdikcə azaltmağa çalışırlar. Son illərdə Yer kürəsində temperatur artır, yağıntıların miqdarı azalır, yəni iqlim isti və quraqlıq istiqamətində inkişaf edir. Bu da suların paylanmasında və istifadə edilməsində çətinliklər yaradır.


- İçməli su problemi təbiətdə gedən proseslərin kontekstində meydana çıxıb, yoxsa antropogen səbəbi var?
- Şəhər əhalisinin sayı kənd əhalisinə nisbətən daha sürətlə artır. Şəhərlərdə isə hər sakinə sutkada təxminən 500 litr su tələb olunur. Üstəgəl, su tutumlu sənaye sahələri yaranır, əkin sahələri genişlənir, istifadə edilən suyun həcmi artır. Antropogen və təbii amillər parallel gedir: yağıntı azalır, temperatur artır, eyni zamanda sudan isifadə də çoxalır. Faiz nisbətində, deyərdim ki, istehlakçılar, yəni antropogen amillər daha çox üstünlük təşkil edir.

- Gələcəkdə belə vəziyyət nəyə gətirib çıxara bilər?
- Dünyanın əsas su ehtiyatları çaylardır. Su ehtiyatlarının yerləşməsi ilə əhalinin yerləşməsi arasında ciddi təzadlar var. Dünyanın böyük çayları olan Amazon, Konqo, Rusiyanın Sibir və Kanadanın şimal zonasındakı çayların ətrafında adamlar, demək olar ki, yaşamır. Əhalinin çox yaşadığı yerlər isə iqlim şəraitinin isti olduğu Çin, Hindistan, Mərkəzi Asiyadır. Su təminatında yaranan ən birinci problem bu təzadla bağlıdır.
“Su olmayacaq” nə deməkdir? Su yaşayış, kənd təsərrüfatı, yaşıllıq deməkdir. Suyun qıt olduğu ərəb ölkələrində məgər insanlar yaşamırlar? Deməli, uyğunlaşıblar. Birinci problem odur ki, uyğunlaşmaq və sudan qənaətlə istifadə etmək lazımdır. Əsas istifadəçi kənd təsərrüfatı olduğuna görə, burada damcı, çiləmə kimi mütərəqqi üsullardan istifadə olunmasının vaxtı çoxdan çatıb.

- Qlobal miqyasdan öz regionumuza keçək. Bölgədə içməli su problemi hansı səviyyədədir?Ayrı-ayrı ölkələr tərəfindən hansı addımlar atıla bilinər?
- Ən ciddi su problemi bizdədir. Çünki coğrafi yerləşməyə görə, Gürcüstan bizdən qərbdədir. Bura yağıntıların çoxu Atlantik okeanından gəlir. İstanbulu sel-su aparır, Gürcüstanda sellər və daşqınlar olur, amma Azərbaycanda bir damcı yağış yağmır. Gürcüstanın su ilə təminatı bizdən bir neçə dəfə yuxarıdır. Ermənistan dağlıq ölkədir, Türkiyənin də böyük hissəsi dağlıq ərazilərdə yerləşir. Orada isə kənd təsərrüfatında suvarmaya elə də ciddi ehtiyac yoxdur.
Bizdə şəhər əhalisinin yarısı və ümumi əhalinin 30%-i təkcə Bakıda, Abşerondadır. Bütün Kür-Araz ovalığında suvarma olmadan yaşayış mümükün deyil. Türkiyə üçün əsas mənbələrdən biri başlanğıcını bu ölkədən götürən Dəclə və Fərat çaylarıdır. Yenə də başlanğıcını oradan götürən Araz və Kürü isə böyük çay hesab etmək olmaz. Türkiyənin həmin çaylardan istifadə etmək şansı da azdır. Amma həm İraq, həm də Suriya ilə Fərat və Dəclə çaylarına görə gərginlik yaşayır. Çünki Türkiyə həmin çayların üzərində su anbarları və elektrik stansiyaları tikir, çayın gətirdiyi su bu anbarları doldurur, digər ölkələrə qalmır. Belə məqamlar beynəlxalq miqyasda razılaşdırılır. Amma bildiyimə görə, Azərbaycan, Ermənistan və Gürcüstanın arasında su tranziti, həmsərhəd çayların su resursları məsələlərində qonşularımız razılaşmanı imzalamayıblar, yalnız biz qol çəkmişik. Bu isə bizim üçün ciddi problemdir.

- Transsərhəd çayların üzərində su bəndləri tikmək beynəlxalq konvensiyalara nə dərəcədə uyğundur və bu hal digər ölkələrin su təchizatına nə qədər neqativ təsir göstərir?
- İranla Azərbaycan arasında mübahisə yalnız Araz çayının suyuna görə ola bilər. Məsələn, Həkəri çayının üzərində lap 10 dənə anbar tikə bilərik. Həkərinin suyu Araza çatmasa belə, buna görə İran bizə heç nə deyə bilməz. Amma bu, Həkəri çayının məhvi demək olar. Çayda suyun minimum həddi, “ekoloji axın” deyilən bir anlayış var. O qalmalıdır ki, çayın ekosistemi, balıqlar və ətrafındakı yaşayış məhv olmasın. Məsələn, çayın yuxarısında bir bənd tikdik, onun aşağısında yerləşən 20-30 kəndin aqibəti necə olsun? Özü də yuxarıdan aşağıya gəldikcə, temperaturun artması ilə bərabər suya olan tələbat da çoxalır. Hələ müqavilələri bir kənara qoyaraq, demək istəyirəm ki, çayda ekoloji axın mütləq olmalıdır. Çünki təbiət qorunmalıdır. Həkəri və o biri çaylar mütləq Araza axmalıdır. Tutaq ki, Araza gələn bütün çayların qarşısın kəsdik, yeraltı suları işlətdik və Arazda da su olmadı. Bu, nəyə gətirib çıxaracaq? Təbiəti gələcək nəsillər üçün qoruyub saxlamalıyıq. Yəni bizim həm vətəndaşlıq, həm də təbiətə ekoloji münasibət borcumuz qarşılıqlı əlaqədə yerinə yetirilməlidir.

- Qlobal və regional miqyasda içməli su probleminin aradan qaldırılması üçün hansı önəmli addımlar atılmalıdır?
- Mən birinci olaraq qızıl hərflərlə “su mənəblərindən səmərəli istifadə” ifadəsini yazardım.
Standart yollar coğrafiya dərsliklərindən də məlumdur. Yeraltı sulardan istifadə olunmalıdır, kanalların çəkilməsi və anbarların yaradılması vacibdir. Hələ SSRİ vaxtında Arazda su az olanda - 1950-ci illərdə Mingəçevir su anbarından 2 kanal çəkildi. Yuxarı Qarabağ kanalı, su anbarları yaradıldı.
Aysberqlərin daşınması mümkündür. Amma bunun müəyyən problemləri var. Aysberqi gəminin yedəyinə qoşub, məsələn, Səudiyyə Ərəbistanına daşıyanda olan suyun 1/4-i qalmır, amma görün, nə qədər xərc çəkilir.
Amma birincisi suya qənaətdir. Bunun da müxtəlif üsulları var. İlk növbədə suya nəzarət olmalıdır. Suyun əsas istehlakçısı kənd təsərrüfatıdır. Dünyanın bəzi ölkələrində - məsələn İsraildə,- heç su mənbəyi yoxdur, amma su problemi də mövcud deyil.
Azərbaycanın su ehtiyatları 1970-ci illərdə hesablanıb. Nə qədər əhalinin yaşadığı məlumdur. Lakin kənd və şəhər əhalisinə nə qədər su lazımdır? 10-15 ildən sonra nə olacaq? Bizdə olan rəqəmlər 70-ci illərin məlumatlarıdır. Yağıntının azaldığını, temperaturun və suya tələbatın artdığını deyirik. Rəqəmlər nə qədər dəyişib?
Əslində “su ehtiyatı yoxdur” demək olmaz. Sudan səmərəli istifadə və nəzarət yoxdur. Ekologiya nazirliyinin su anbarları tikməsi əslində düzgün deyil. İki qurum olmalıdır: biri istifadə etməli, digəri isə ona nəzarəti həyata keçirməlidir. Bu məsələdə “Azərsu” ilə Ekologiya nazirliyi arasında daim qarşılıqlı nəzarət olmalıdır. “Azərsu” kənd təsərrüfatı da daxil olmaqla, sudan istifadə, ETSN isə nəzarət etməlidir.

Nəzarət üçün su ehtiyatlarının hesablanması lazımdır. Biz həmişə bunu deyirik. AMEA-nın Çoğrafiya İnsitutunda Hidrologiya şöbəsi var. Lap elə adı ilə deyim ki, su ehtiyatlarının hesablanmasını Saleh Rüstəmov aparıb. Bununla bağlı onun yazdığı axırıncı kitab 1985-ci ildə çıxıb. Deməli, həmin materiallar 70-ci illərin sonları və 80-ci illərin hesablamalarıdır. Yenidən hesablamaq lazımdır, komissiyalar yaradılmalıdır. Hamı suyun olmadığını və Kür çayının quruduğunu deyir. Bəs Kür çayı niyə quruyub? Bunun əsas səbəbi istifadə edilən nasosalara nəzarətin olmamasıdır.

Suvarmada bir neçə üsul var. Dünyanın böyük ölkələrində açıq suvarma üsulu aradan qalxıb. Damcı və çiləmə üsulu elə də qəliz texnologiya deyil, orada heç nə kəşf etməyə ehtiyac yoxdur. Şirvan, Mingəçevir və Gəncə şəhərlərində bu sistemlərin istehsalı bəlkə də 20 il bundan əvvəl yaradılmalı idi.

Dəniz suyundan dünyanın təxminən 170 ölkəsində istifadə olunur. Bizdə birinci dəfə hələ Krasin adına stansiyada dəniz suyu şirinləşdirilib. Ərəb ölkələrində enerji ucuz olduğundan, bu metoddan geniş şəkildə istifadə edirlər. Bu su da bizə lazımdır. Amma o, bizim problemimizin həllində böyük rol oynaya bilməz. Çünki bahadır, bir litri təxminən 2,5 dollara başa gəlir. Ondansa kollektorlarda duzluluğu daha aşağı olan sulardan istifadə etmək daha məntiqlidir. Amma istənilən halda hökumət qərar verib və iş aparılır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Su   Ekologiya  





Xəbər lenti