WSJ: "İran "Hizbullah"a çamadan-çamadan dollar ötürür"

      WSJ:    "İran "Hizbullah"a çamadan-çamadan dollar ötürür"
  31 Yanvar 2025    Oxunub:362
"İran Beyrut Beynəlxalq Hava Limanı vasitəsilə "Hizbullah" terror təşkilatına ABŞ dollarları ilə dolu çamadanlar göndərir".
ABŞ-nin müdafiə sisteminin adı çəkilməyən rəsmi nümayəndəsinin "Wall Street Journal" (WSJ) qəzetinə verdiyi açıqlamaya görə, belə bir iddia Livanda Vaşinqtonun rəhbərliyi ilə atəşkəs rejimini nəzarətdə saxlayan komitəyə İsrail tərəfindən çatdırılıb. İddiada vurğulanır ki, terrorçulara qanunsuz maddi yardım prosesinə bir sıra Türkiyə vətəndaşı da cəlb olunub. Onların nağd pulu təlimat əsasında İstanbuldan Beyruta apardıqları bildirilir.

İsrail bu məsələ barədə Livan hökumətinə də şikayət ünvanlayıb. Digər tərəfdən, Livan təhlükəsizlik sisteminin adı gizli saxlanılan nümayəndəsi WSJ-yə bildirib ki, Beyrut Hava Limanı "Hizbullah"ın bu cür qaçaqmalçılıq cəhdlərinin qarşısını almaq məqsədilə ciddi hərbi nəzarət altındadır.

"Külli miqdarda nağd pulun hava limanından qaçaqmalçılıq yolu ilə keçirilməsi çətin işdir, amma almaz və s. kimi qiymətli daş-qaş yoxlama əsnasında aşkarlanmaya bilər", - o deyib.

Bir müddət əvvəl - yanvarın 17-də Suriyanın İctimai Təhlükəsizlik İdarəsi ölkənin Tartus şəhəri ərazisindən Livana qeyri-qanuni silah-sursat ötürülməsi cəhdinin qarşısını almışdı. Yerli mətbuatın məlumatına görə, silahlar arasında İrana məxsus "Şahid" pilotsuz uçuş aparatları da aşkarlanıb. Bildirilir ki, Suriyada ötən ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsi nəticəsində Livan "Hizbullah"ına, Fələstinin HƏMAS qruplaşmasına və başqa terror təşkilatlarına İran tərəfindən məhz bu ölkə vasitəsilə qanunsuz silah ötürülməsi halları artıb. İsrail Hərbi Hava Qüvvələri silah-sursatın terrorçuların əlinə keçməməsi məqsədilə sərhəd-keçid məntəqələrinə zərbələr endirib.
İrandan Livana silah-sursat keçirilməsinin qarşısı alınıb - FOTOLAR

Maraqlıdır ki, İran silah qaçaqmalçılığı sistemini əvvəlki vəziyyətə salmaq xatirinə Suriyanın yeni rəhbərliyi ilə "müsbət əlaqələr" qurmağa çalışsa da, hələ Bəşər Əsəd rejiminin devrilməsi ərəfəsində başlayan gərgin münasibətlər fonunda "Dəməşq Tehranın dəstəklədiyi silahlı qruplaşmaların Suriyadan İsrailə yeni cəbhə açmalarına icazə verməmişdi". Tehran, eyni zamanda, Suriyanın şimal-şərqindəki PKK terror təşkilatına Türkiyəyə qarşı istifadə etməsi üçün 1500 kamikadze tipli pilotsuz uçuş aparatı (PUA) göndərdiyi bildirilir.

Xatırladaq ki, ötən il noyabrında 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və "Hizbullah" arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail terrorçuların yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Münaqişənin həlli üzrə vasitəçilər: ABŞ və Fransa ilə aparılan danışıqlar nəticəsində İsrail Ordusuna fevralın 18-dək möhlət verilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Livan   İsrail   münaqişə  





Xəbər lenti