Şəbəkə marketləri: İstehsaldan gələn malların rəflərə getdiyi və son satış nöqtəsinə çatdığı damar

Kiçik və orta biznesin inkişafı hər bir ölkənin iqtisadiyyatının əsasını təşkil edir. İnkişaf etmiş kiçik və orta biznes olmadan dövlətin makroiqtisadi vəziyyətinin sabitliyindən danışmaq çətindir. Bunun nəticəsidir ki, müstəqilliyin başlanğıcında Azərbaycan kiçik və orta biznes iqtisadiyyatın ən mühüm sektoru kimi müəyyən edilib. Kiçik və orta sahibkarlığa hərtərəfli dəstək hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub.
İqtisadiyyatın bu sektoru yeni iş yerləri yaradır və istehlakçıların əsas hissəsinə xidmət edir, sürətlə dəyişən bazar tələblərinə uyğun bir sıra mal və xidmətlər istehsal edir. Kiçik biznes vergi daxilolmalarının artmasına töhfə verməklə yanaşı, ən dinamik şəkildə yeni məhsul növləri və iqtisadi nişlər inkişaf etdirir. Bu sahə həmçinin əhalinin bütün sosial təbəqələri üçün əlçatan, təhlükəsiz və biznes aparmaq üçün nisbətən sadədir.
Şəbəkə marketləri və pul
Nağd pul axınının mənbəyi olan ticarət ölkənin ayrı-ayrı regionlarının inkişafına ciddi töhfə verən mühüm büdcə formalaşdıran komponent olmaqla dövlətin sabitliyinin əsasını təşkil edir. Müasir istehlak bazarı müxtəlif təyinatlı malların yüksək konsentrasiyası, çoxlu sayda istehsalçı və bazarda yüksək rəqabət ilə xarakterizə olunur. Bazara daxil olan malların sistemi dəyişib, hazırda bazarda şəbəkə marketləri üstünlük təşkil edir və bu kanalda malların satışının həcmlərinin və strukturunun dinamikası getdikcə sabitləşir.
Şəbəkə marketləri həm satış bazarının dinamik inkişafı, həm də tələbatın formalaşması üçün müəyyən rolu olan çoxlu müxtəlif funksiyaları özündə ehtiva edir. Şəbəkə marketləri xarici investisiyaların cəlb edilməsi və regional infrastrukturun inkişafına mühüm töhfə verir. Regionlarda böyük ticarət şəbəkələrinin sayı minimaldır. Odur ki, regional səviyyəyə gələn şəbəkə marketləri təkcə ticarət seqmentlərini deyil, həm də infrastrukturu inkişaf etdirir.
Əhalinin ərzaq və məişət mallarına olan tələbatının ödənilməsi mühüm şərtdir. Şəbəkə marketləri istehlakçının əmtəə ala biləcəyi son həlqədir, beləliklə, malların istehsalçıdan istehlakçıya hərəkəti prosesində iqtisadi münasibətlər zəncirini bağlayır. Məhz burada istehsal və dövriyyənin yeni dövrü üçün başlanğıc imkanlar yaradılır, çünki əmtəələrin pula çevrilməsi məhz bu mərhələdə baş verir.
Şəbəkə marketləri alqı-satqı prosesinin qarşılıqlı əlaqəsinin müxtəlif iştirakçıları üçün vacib olan bir sıra funksiyalara malikdir. Dövlət üçün bu funksiyalar təkcə tənzimləyici orqan kimi deyil, həm də iqtisadi subyekt, qlobal iqtisadi arenada reytinqi saxlanmalı olan ölkə kimi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda şəbəkə marketləri əhalinin həyat keyfiyyətini və səviyyəsini yaxşılaşdırır. Mal istehsalçıları haqqında danışarkən, şəbəkə marketləri istehsaldan gələn malların rəflərə getdiyi və son satış nöqtəsinə çatdığı damardır.
Ölkənin ÜDM-sində şəbəkə marketlərinin yeri
ÜDM müəyyən bir ölkənin iqtisadi inkişafının əsas makroiqtisadi göstəricilərindən biri hesab olunur. O, təkcə maddi və qeyri-maddi sferalarda yekun nəticəni xarakterizə etmir, həm də makroiqtisadi münasibətlər çərçivəsində müəyyən ölkənin işlərinin vəziyyətindən və inkişaf dinamikasından bəhs edir.
Son illər ərzində şəbəkə marketləri ardıcıl olaraq ümumi izafi dəyərdə ən böyük artımı təmin edən aparıcı sənayelər arasında olub. Pərakəndə və topdansatış ticarəti ölkənin ÜDM-dəki payı faktiki olaraq yüksəlir. Şəbəkə marketləri həm işlərinə, həm də orada çalışan işçilərin sayına görə kiçik biznes sektorunda lider mövqeyini qoruyub saxlayır.
Kiçik müəssisələrin böyük üstünlüyü ondan ibarətdir ki, onların bir çoxu böhran dövrlərində böyük şirkətlərdən daha yaxşı bazar şərtlərinə uyğunlaşdığını sübut ediblər. Kiçik biznes iqtisadiyyatın ümumi vəziyyətinin bir növ göstəricisidir.
Şəbəkə marketləri biznes və dövlət qurumlarını birləşdirir, iqtisadiyyata müsbət təsir göstərir. Bütün hallarda şəbəkə marketləri milli və regional iqtisadiyyatın sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Bu sektor istehlakçılarla istehsalçılar arasında əks əlaqə yaradır ki, bu da əhalinin tələbatının daha yaxşı ödənilməsini və istehsal sektorunun inkişafını təmin edir.
Bundan əlavə, müştərilərə xidmətin yeni forma və üsullarını fəal şəkildə tətbiq etməklə istehlakçı tələbini stimullaşdırır, pul dövriyyəsini sürətləndirir, milli iqtisadiyyatın əlaqəli sahələrinin inkişafına kömək edir.
Yazı Azərbaycan Mətbuat Şurasının, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin və “Veysəloğlu” Şirkətlər Qrupunun “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.
İlkin Nəcəfzadə
AzVision.az