Komitədən valideynlərə müraciət: “Uşaqları düzgün yönəldin”

Komitədən valideynlərə müraciət: “Uşaqları düzgün yönəldin”
  02 Avqust 2017    Oxunub:1326
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-ci ildə ölkədə 15-17 yaş arası 19 qadın abort elətdirib. Həmçinin ötən il 16 yaşa qədər qızlar tərəfindən 150 uşaq, 16 yaşda qızlar tərəfindən isə 600 uşaq doğulub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova AzVision.az-a bildirib ki, əvvəlki illərlə müqayisədə bu gün 15-17 yaşlı qadınlar tərəfindən həm abortların sayı , həm də dünyaya gətirilən uşaqların sayında azalma var.

“Azalma onu göstərir ki, dövlət qurumu olaraq öz üzərimizə düşən öhədliyi yerinə yetiririk. Qadınlar, qızlar və ümumiyyətlə əhali arasında maarifləndirmə işini gücləndirmək və respoduktiv sağlamlıq, abortlar, sağlam həyat tərzi və s. bağlı bütün regionlarda tədbirlər həyata keçiririk. Bu sahədə az da olsa irəliləyişlər var. Lakin istənilən halda azyaşlı qızlar tərəfindən uşaq dünyaya gətirilməsi və ya abort edilməsi halı xoş təəssürat yaratmır. Bir faktın özü belə narahatedici məqamdır”.

A.Veysəlova qeyd edib ki, burada məsuliyyət ilk növbədə həmin uşaqların valideynlərinin, təhsil aldıqları məktəb ocaqlarının üzərinə düşür. “Uşağın ilk sosial mühiti onun ailəsi, bağça və məktəbdir. Valideynlər daim uşaqlara qarşı diqqətli olmalıdır. Valideynlər yeniyetməlik, keçid dövrü yaşayan uşaqlara qarşı həssas olmalı, onların dostluq etdiyi insanları tanımalıdırlar. Uşaqları ilə dost olmalıdır ki, valideynlərdən gizlin xoşagəlməz davranışlar, hərəkətlər etməsinlər. Validenylər birinci özləri təlimlənməlidir ki, öz uşaqlarını düzgün yönəldə bilsinlər. Eyni zamanda KİV-lər də bu işə aktiv yanaşmalıdır”.

A. Veysəlova vurğulayıb ki, mətbuat orqanlarında 15-17 yaşlı qızlar tərəfindən abort edilməsi və ya uşaq dünyaya gətirməsi xəbərləri verilərkən bu məsələyə həssas yanaşılmalıdır.
“Valideynlər bu məlumatlardan ibrət almalı, uşağını düzgün yöndləndirmək, onunla düzgün rəftar etmək barədə düşünməlidir. Lakin bu məlumatlar elə verilir ki, insanları daha da xurafata yönəldir və uşağını təhsildən yayındıran valideynlər belə məlumatları oxuyub özlərinə bəraət qazandırırlar”.

Komitə rəsmisi qeyd edib ki, məktəbyaşlı qızların aborta getməsi və ya uşaq dünyaya gətirməsində müxtəlif situasiyalar ola bilər: “Erkən, qeyri-rəsmi nikah, zorakılıq faktı və ya hansısa vədləri aldanan və qeyri rəsmi, keçici münasibətlər nəticəsində və s.dən bu kimi hallar yaşana bilər.Belə hallar daha çox rayon və kənd yerlərində rast gəlinir. Böyük şəhərlərdə, Bakıda o qədər də belə hallar müşahidə edilmir”.

Aytən Zəhra
AzVision.az



Teqlər: erkən-nikah   komitə   müraciət  





Xəbər lenti