AŞPA-nın qış sessiyası başlayır

Tədbirdə AŞPA-nın yeni prezidenti seçiləcək, Büro və Daimi komitənin illik hesabatları təqdim olunacaq. Avropa Şurasının Baş katibi və İnsan hüquqları üzrə komissarı 2017-ci ildə görülən işlərlə bağlı məruzə edəcəklər. Təşkilatın Nazirlər Komitəsinin fəaliyyəti barədə hesabat veriləcək.
Toplantıda Avropada regional və milli azlıqların dillərinin qorunması, Ukraynadakı vəziyyətin humanitar nəticələri, müasir idman idarəçiliyi, 2017-ci ildə Assambleyada monitorinq prosedurunun təkmilləşdirilməsi, İrlandiya, Macarıstan, Yunanıstan, Estoniya, Bosniya və Herseqovina tərəfindən öhdəliklərin yerinə yetirilməsi məsələlərinə baxılacaq.
Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyevanın və Vüsal Hüseynovun AŞPA-nın Sosial məsələlər, Hüquqi işlər və insan hüquqları komitələrində təqdim etdikləri “Silahlı münaqişələr zamanı zərər çəkmiş uşaqların qorunması”, “Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi” mövzularında məruzələrin müzakirəsi keçiriləcək.
Qeyd edək ki, səfər yanvarın 28-də başa çatacaq.
Anar Kəlbiyev
AzVision.az