“Afrindəki kürdlər bizə təşəkkür edəcəklər” - Ərdoğan (Yenilənib)

AzVision.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Afrin bölgəsində başladılan "Zeytun budağı" əməliyyatı barədə çıxışında deyib.
Türkiyə prezidenti bildirib ki, Afrin əməliyyatı "Fərat qalxanı" kimi hədəfə çatılanda başa çatacaq: “Bəziləri, məsələn Amerika deyir ki, “Müddət bəlli olmalı, çox uzun olmamalı”. Yaxşı, o zaman mən də Amerikadan soruşuram. Əfqanıstanda sizin müddətiniz bəlli oldumu? Nə zaman bitəcək? Biz iqtidara gəlmədən öncə siz İraqa girdiniz. İraqda bittimi bu müddət? Axı hələ İraqdasınız”.
Ərdoğan əlavə edib ki, Türkiyənin bu əməliyyatlardakı məqsədi milli təhlükəsizliyi ilə yanaşı Suriyanın ərazi bütövlüyü, xalqın can və mal varlığının təhlükəsizliyinə kömək etməkdir: “Türkiyəni tənqid edənlərin heç birinin dərdi Suriya xalqının problemlərinin həlli və onların gələcəyi deyil. Çox yaxın zamanda terror təşkilatlarının təzyiqi aradan qalxdıqdan sonra bizə ən çox təşəkkürü Afrindəki kürd, ərəb və türkmən qardaşlarımız edəcəklər”.
Kənan Məmmədov
AzVision.az