“Ölkələrimiz üçün yeni imkanlar yaranır” - Qazax ekspert

   “Ölkələrimiz üçün yeni imkanlar yaranır” -    Qazax ekspert
  16 Mart 2022    Oxunub:3998
2022-ci il martın 9-da Bakıda “Samruk-Kazına” SC İdarə Heyətinin sədri Almasadam Satkaliyevin başçılıq etdiyi Qazaxıstan nümayəndə heyəti Azərbaycan hökumətinin bir sıra yüksək vəzifəli şəxslərilə görüş keçirilib. Əsas müzakirə mövzusu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə birgə müəssisənin yaradılması layihəsi olub.
Bu marşrutun aktivləşdirilməsi ölkələrimizə hansı imkanlar vəd edir? Rusiyaya qarşı yeni sanksiyalar şəraitində Xəzəryanı ölkələr necə fəaliyyət göstərməlidir? AzVision.az-ın bu və digər suallarını Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin Fəlsəfə, Siyasi Elmlər və Dinşünaslıq İnstitutunun Siyasi Araşdırmalar Mərkəzinin direktoru, siyasi analitik Aydar Amrabayev cavablandırıb.

Onun sözlərinə görə, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi Qazaxıstan və Azərbaycan üçün xarici maraqlar balansının qorunması və ticarətin optimallaşdırılması baxımından xüsusi strateji əhəmiyyət kəsb edir.

“Bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kontinental Avrasiyada beynəlxalq turbulentlik şəraitində xarici ticarətin sabitliyini və balansını qorumağa imkan verir. Nəzərə almaq lazımdır ki, Aİ ilə geniş tərəfdaşlığa malik olan və ölkədə Qərb kapitalı və şirkətləri üçün geniş şərait yaradan Qazaxıstan üçün bu nəqliyyat marşrutu son dərəcə əhəmiyyətlidir. Üstəlik yaxın tərəfdaşlarımız olan Cənubi Qafqaz ölkələri də buna bağlıdır. Türk Dövlətləri Birliyi çərçivəsində Azərbaycan və Türkiyə ilə müttəfiqliyin də mühüm bir tərəfi var. Bu layihə əslində bizim birgə iqtisadi potensialımızı artırmağa, bu vektoru Avrasiyada çox zəngin və davamlı hala gətirməyə qadirdir” - Amrabayev qeyd edib.

Qazax ekspertə görə, Rusiyaya qarşı sanksiya rejiminin indiyədək presendenti olmayıb, eynilə Rusiya rəhbərliyinin Ukraynadakı maraqlarını güc yolu ilə həll etmək qərarı kimi.

“Bu bütövlükdə Avrasiyadakı sabitliyə və Xəzər regionunda iqtisadi əməkdaşlıq perspektivlərinə çox mənfi təsir göstərir. Ancaq çinlilərin dediyi kimi, böhran təkcə problem deyil, həm də inkişaf üçün fürsətdir. Ona görə də hesab edirəm ki, ölkələrimiz bu böhrandan, nə qədər ədəbsiz səslənsə də, öz xeyrinə istifadə etməlidir. Xüsusilə, iqtisadi aktivliyi və regionun beynəlxalq biznes və investisiyalar üçün cəlbedici imicini qoruyub saxlamaq üçün səylər göstərilməlidir. Bu təkcə ölkələrimizin deyil, bütövlükdə regionumuzun maraqlarına xidmət edir. Biz beynəlxalq əmək bölgüsündən məhrum ola və üstəlik hansısa bəhanələrlə sanksiyalara məruz qala bilmərik. Bu, ölkələrimizdə iqtisadiyyatın deqradasiyasına, sosial həyatın durğunluğuna gətirib çıxaracaq. Bizə balanslaşdırılmış və praqmatik siyasət lazımdır.

İmkanlar kifayət qədər genişdir. Biz neft və qaz ehtiyatlarının böyük istehlakçıları üçün, xüsusən də, Rusiya neftinin və qazının Avropaya çatdırılmasının blokadası şəraitində alternativ mərkəzə və resurs bazasına çevrilə bilərik. Çindən Avropaya “Kəmər və Yol” marşrutu üzrə fəaliyyəti saxlamaq vacibdir. Hərçənd ki, müxtəlif xarici qüvvələrin ciddi geosiyasi təzyiqi ilə üzləşəcəyik”, - A. Amrabayev bildirib.

Cavad Muradov
Nadir Quliyev



Teqlər: Böhran   Qazaxıstan  





Xəbər lenti