London Ukraynada qoşun yerləşdirmək fikrində israrlıdır

   London Ukraynada qoşun yerləşdirmək fikrində israrlıdır
  11 Aprel 2025    Oxunub:495
Rusiyanın növbəti işğalının qarşısını almaq üçün Böyük Britaniya beş il müddətinə Ukraynaya qoşun yeridə bilər.
AzVision.az xəbər verir ki, məsələdən tanış olan mənbələrə istinad edən “The Telegraph” nəşrinin yazdığına görə, britaniyalı hərbçilər Ukrayna Silahlı Qüvvələrinin (USQ) təlimi və bərpası ilə məşğul olacaqlar.

“Eyni zamanda, krallığın qoşunları digər Qərb ölkələrinin sülhməramlı kontingentləri ilə əməkdaşlıq edəcək və Avropanın rəhbərliyi altında olacaq. Britaniya quru qoşunlarını göndərməklə yanaşı, Ukraynanın hava və dəniz məkanının mühafizəsini təmin etmək niyyətindədir”, - qəzet yazır.

Londonun Kiyevi dəstəkləmək üçün neçə əsgər göndərməyi planlaşdırdığı açıqlanmır. Lakin nəşrin mənbələri bildirblər ki, onlar 5 il ərzində mərhələli şəkildə Ukraynadan çıxarılacaqlar.
Ukraynaya sülhməramlıların göndərilməsi aprelin 10-da 30 ölkənin Müdafiə nazirlərinin görüşündə müzakirə olunub. Tədbir NATO-nun mənzil-qərargahında ABŞ-nin iştirakı olmadan baş tutub. Ukraynaya qoşun göndərmək üçün “istəklilər koalisiyası” yaratmaq səylərinə Böyük Britaniya və Fransa rəhbərlik edib.

Moskva avropalı sülhməramlıları görmək istəmir
“Frans Press Agentliyi (AFP)” xəbər verir ki, London və Parisdən başqa Baltikyanı ölkələr də sülhməramlı missiyaya qoşulmağa razılaşıblar. Amma görüşün digər iştirakçıları arasında Ukraynada yerləşdiriləcək qoşunların məqsədləri barədə suallar yaranıb.

- Missiyanın nələri əhatə edəcəyini və nə edəcəyimizi aydınlaşdırmaq vacibdir. Biz sülhməramlı, çəkindirici və ya təhlükəsizlik qüvvələri olacağıq?”, - İsveçin Müdafiə naziri Pol Yonson deyib.

“İstəklilər koalisiyası”nın qüvvələrinin Moskva və Kiyev arasında sülh sazişi bağlandıqdan sonra Ukraynaya yerləşdiriləcəyi gözlənilir. Qərbin hərbi qüvvələri kritik infrastruktur obyektlərinin təhlükəsizliyini təmin edəcək. Lakin onlar təmas xəttində yerləşməyəcəklər.

“The Times” nəşrinin bundan əvəvl yazdığına görə, sülhməramlı kontingentin şəxsi heyətinin sayı 30 min hərbçi təşkil edə bilər.

Xatırladaq ki, Moskva Ukraynada qərb ölkələrinin sülhməramlılarının yerləşdirilməsinin qəti şəkildə əleyhinə olduğunu dəfələrlə vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Britaniya   Ukrayna   sülhməramlılar  





Xəbər lenti