Tanınmış şəxslər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdülər

  10 May 2019    Oxunub : 2810
Tanınmış şəxslər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdülər
Azərbaycanın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-ci ildönümüdür. Dahi şəxsiyyətin əziz xatirəsi hər il 10 may tarixində Azərbaycan xalqı tərəfindən ehtiramla yad edilir.
Vaxtilə onunla görüşmüş, yaxın münasibətdə olmuş tanınmışlar Ulu Öndərlə bağlı xatirələrini Azvision.az-la bölüşüblər.

"Heydər Əliyev hamımıza dayaq idi, sənətimizə yüksək qiymət verirdi"

Xalq yazıçısı Nəriman Həsənzadə Heydər Əliyevlə ilk tanışlığının 1958-ci ilə təsadüf etdiyini deyib:



Heydər Əliyev Azərbaycanı sevirdi. Azərbaycanla nəfəs alırdı. Mən deyərdim ki, o, ən böyük azərbaycanlı idi. O, bütün həyatını Azərbaycan xalqına həsr etdi. Ədəbiyyatımızı, tariximizi, mədəniyyətimizi bilməsi, yüksək qiymət verməsi, bu sahədə işləyən adamları həvəsləndirməsi böyük addımlar idi. Təsəvvür edin, sovet dövründə Heydər Əliyev Azərbaycan dilinin qrammatikasından kitab yazan alimlərin hamısına dövlət mükafatı verib. Belə şey tarixdə görünməyib. Konstitutsiyamıza əlavə etdi ki, dövlət dili Azərbaycan dilidir. Moskva Heydər Əliyevin qarşısında heç nə edə bilmirdi. O, böyük istedad sahibi, böyük varlıq idi.

İlk dəfə onunla 1958-ci ildə görüşmüşəm. Nəriman Nərimanov haqqında poema yazırdım. O zaman Heydər Əliyev KQB-də işləyirdi. Mən məktub yazdım, sonra görüşünə getdim. KQB-nin adı gələndə insanları vahimə basırdı. Ancaq o vahiməni Heydər Əliyev üstümüzdən götürdü. Qarşımda cavan, qara kostyumlu, yaraşıqlı bir gənci gördüm. O, məni elə qarşılaşdı ki, ürəyində Nəriman Nərimanova rəğbətin məndən də çox olduğunu gördüm. Öz otağına apardı, çaya qonaq etdi. Daha sonra icazə verdi ki, mən arxivlərlə məşğul olum. İlk dəfə “Müsavat”ın arxivi ilə tanış olmağa mənə icazə verdi".

Nəriman Həsənzadənin sözlərinə görə, Heydər Əliyevin ziyalılarla görüşü həmişə maraqlı anlarla yadda qalırdı:

"Ulu öndər rayonlara görüşlərə gedəndə bizi də yanında aparırdı. Bir dəfə bizi Bərdəyə aparmışdı, orada pambıqçı Tərlan Musayeva ilə görüşdük. Qayıdanda “Tərlan bacı” adlı şeir yazdım, qəzetdə çap olundu. Axşam saat 12-də Emin Sabitoğlu zəng etdi ki, sənin şeirinə musiqi bəstələyəcəm, Heydər Əliyev tapşırıq verib. Heydər Əliyev sənətimizə yüksək qiymət verirdi. O, hamının dayağı idi. Əsərlərimizi şəxsən oxuyurdu. "Ədəbiyyat və incəsənət" qəzetinin hər nömrəsindən xəbərdar olardı".



"Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov bildirib ki, Azərbaycanda KVN-nin yaranması Heydər Əliyevin adı ilə bağlıdır.

“Bizim komandamız tam əminliklə deyə bilər ki, Azərbaycanda KVN-nin inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun səyi nəticəsinə yeni-yeni uğurlar əldə etdik, "Əsrin çempionu" adını qazandıq. O, olmasaydı Azərbaycanda KVN-nin mövcudluğu sual altında olardı. Hətta qadağalı 4 il ərzində biz ruhdan düşmədik. Çünki hər dəfə liderlə olan görüşləri yada saldıq. Onun sözlərini xatırlayırdıq. Hər bir cümləsi bizim üçün nəsihət idi”.

Görkəmli televiziya və kino rejissoru, Xalq artisti Vasif Babayev Ulu Öndərlə bağlı xatirələrini bölüşərkən Fransanın Bakıdakı səfiri cənab Perren ilə əlaqələrindən də danışıb.



“1993-ci ilin mart ayında Fransadan Bakının Binə aeroportuna “Miraj” təyyarəsi humanitar yardım gətirmişdi, Naxçıvana uçacaqdı. Bunu təşkil edən isə Fransanın Bakıdakı səfiri cənab Perren idi. Heydər Əliyevlə yaxşı münasibəti var idi, onu çox istəyirdi. Mən də həmin vaxt AzTV-də işləyirdim. Nadejda İsmayılovaya və rejissor-operator Namiq Şirəlibəyova şərait yaratdım ki, Naxçıvana uçsunlar və çəkiliş aparsınlar. O zaman Naxçıvan blokada şəraitində idi, insanlar işıq tapmırdı, işıqlar hər gün sönürdü, camaat ağacları kəsib evini qızdırırdı. Bütün bunların hamısını çəkmişdilər. Hətta belə bir kadr var idi ki, Heydər Əliyev xarici qonaqları ilə görüşən zaman işıqlar sönür. Onlar daha sonra Heydər Əliyevin cəbhə bölgəsində olarkən kadrlarını lentə almışdılar. Biz bu kadrlardan böyük bir material hazırladıq.

Daha sonra 1993-ci il iyunun 9-da Heydər ƏliyevBakıda qardaşı Cəlal Əliyevin evində görüşdüm. Çəkiliş zamanı maraqlı anlar yaşandı. Belə ki, operator kameranı quraşdırana qədər bir kövrək səhnə oldu. Heydər Əliyev otağın pərdəsini ehmalca aralayıb, küçəyə uzun müddət baxdı, onun fikirli olduğunu hiss etdim. Bu an kamera hazır oldu, ondan xahiş etdim ki, bu kadrı bir də təkrar edək. Heydər Əliyev isə müdrikcəsinə dedi ki, belə kadr bir də təkrarlana bilməz”.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Heydər-Əliyev