Rusiya ordusu strateji əhəmiyyətli şəhərə yaxınlaşıb

   Rusiya ordusu    strateji əhəmiyyətli şəhərə    yaxınlaşıb
  04 Aprel 2024    Oxunub:1039
Ukraynanın Donetsk vilayətində ələ keçirdiyi Baxmut şəhərindən irəliləyən Rusiya ordusu cəbhə xəttini yararaq strateji əhəmiyyətli Çasov Yar şəhərinə çatıb. Ukrayna Silahlı Qüvvələrinin zabitləri bildirirlər ki, hücumu dəf etmək üçün kifayət qədər canlı qüvvə, hərbi texnika və sursat çatışmadığından şəhəri saxlamaq çətin olacaq.
AzVision.az xəbər verir ki, Çasov Yar şəhəri uğrunda gedən döyüşlərin iştirakçısı, Ukrayna Milli Qvardiyasının zabiti Vladimir Çernik “Kiyev 24” kanalına müsahibəsində rusların bu şəhərin həndəvərinə yaxınlaşdıqlarını bildirib.

“Onların əmri var: Çasov Yar şəhərini almaq. Baxmut istiqamətindəki əsas səylərini bu şəhərə yönəldirdilər. Çünki Çasovoy Yarın tutulması onlara Konstantinovka, qismən hətta Kramatorsk üzərində atəş nəzarəti qurmağa imkan verəcək. Bu, sözügedən bölgədə böyük bir yüksəklikdir və Çasov Yarı almaq onlara böyük üstünlük verəcək”, – Çernik deyib.

Lakin zabit Ukrayna qoşunlarının öz mövqelərini tərk etmədiklərini və Rusiyanın demək olar ki, bütün hücum əməliyyatlarının tam uğurlu alınmadığını vurğulayıb. Ukrayna qoşunları Rusiyanın işğalını dayandırmaq üçün kifayət qədər uğurlu əməliyyatlar keçirirlər. Onlar rusların şəhərə daha da yaxınlaşmasının qarşısnı almaq üçün əllərindən gələni edirlər.

- Düşmən Çasov Yara kifayət qədər yaxınlaşıb. İndi əsas sual Ukrayna ordusunun sağ qalıb-qalmamasıdır. Anlamaq lazımdır ki, rus ordusunun müəyyən bir tarixə qədər bir şəhəri ələ keçirmək kimi siyasi məqsədi varsa, bütün canlı qüvvəsini buna yönəldəcək. Burada Rusiyanın artilleriya, KAB (korrektə olunan aviabomba) və ya şəxsi heyətin istifadəsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Nəyin bahasına olursa olsun, qəsəbəni almaq istəyirlər”, - ukraynalı zabit bildirib.

Onun iddiasına görə, Rusiya ordusunun Çasov Yar istiqamətindəki taktikası əvvəllər Ukraynanın digər ərazilərini ələ keçirərkən istifadə etdiyi taktikalara bənzəyir. Əvvəlcə KAB və lüləli artilleriya ilə zərbələr endirilir, qarşı tərəfin imkanlarını tükəndirmək üçün canlı qüvvə irəliləyir, bundan sonra atəş mövqelərinin itirildyiy yerlərdə möhkəmlənməyə başlayan qüvvələr daxil olur. Bunun üçün ruların çoxlu ehtiyatları var - bir qrup bitən kimi digəri köməyə gəlir. Bu istiqamətdə hərbi əməliyyatlar aparmaq məqsədi ilə Rusiya kifayət qədər resurslar cəmləşdirib.


Rusiya ordusunun Çasov Yara, eləcə də Avdeyevkaya hücum zamanı idarə olunan bombalardan intensiv şəkildə istifadə etməsi vəziyyəti daha da ağırlaşdırır. Binaları və mühəndis istehkamlarını dağıdan bombalarla mübarizə aparmaq üçün isə ukraynalıların əlində heç nə yoxdur.

ISW: “Rusiya yeni böyk hücuma başlaya bilər”
Qeyd edək ki, adının açıqlanmasını istəməyən Ukraynanın yüksək rütbəli hərbi rəsmiləri Qərb mediasına Rusiya ordusunun yay kampaniyası zamanı genişmiqyaslı hücuma keçə və müdafiə xətlərini yara biləcəyini demişdilər. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin müqavimət qabiliyyəti sürətlə tənəzzülə uğraması fonunda ruslar hücumlarını getdikcə təkmilləşdirir.

Rusiya ilə açıq hərbi toqquşmadan çəkinən ABŞ və onun müttəfiqləri isə hələlik Ukraynaya yetərli həcmdə hərbi yardımın ayrılması sahəsində qətiyyətli addımlar atmaqla bağlı yağlı vədlərdən uzağa getmirlər. Bu kontekstdə Fransa prezidenti Emmanuel Makronun NATO hərbçilərinin Ukraynaya göndəriə bilməsi barədə səsləndirdiyi absurd və ziddiyyətli bəyanatlar isə hətta əksər Qərb ölkələrində istehza ilə qarşılanır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti