Gənc əsgərlərin andiçmə mərasimi keçirilib - FOTO/VİDEO

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib -  FOTO/VİDEO
  18 May 2024    Oxunub:894
May ayının 18-də Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib.

Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər gənc əsgərlərə nümunəvi hərbi qulluqçu kimi dövlətə, xalqa və tariximizin ən böyük sərkərdəsi Müzəffər Ali Baş Komandana sadiq, cəsur, nizam-intizamlı olmağı, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Vətən sərhədlərini göz bəbəyi kimi qorumağı, əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.

Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.

Dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlər Hərbi Anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər.

Gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə mərasimin rəsmi hissəsi başa çatıb.

AzVision.az

Qalereya




Teqlər: DSX   əsgər   andiçmə  





Xəbər lenti