Növbədənkənar seçkiyə niyə ehtiyac vardı | Şərh

   Növbədənkənar seçkiyə niyə ehtiyac vardı    | Şərh
  08 Dekabr 2023    Oxunub:2218
Dövlət başçısı İlham Əliyev gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə Sərəncam imzalayıb. Bəs seçkilərin vaxtından əvvəl keçirilməsi zərurətini hansı amillər şərtləndirir?
2018-ci ilin aprelində keçrilən seçkidə İlham Əliyev seçicilərindən müharibə şəraitində yaşayan xalqın və dövlətin lideri kimi mandat almışdı. Azərbaycan xalqı ondan Ali Baş Komandan kimi ilk növbədə ən əsas və ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həllini gözləyirdi. Başqa sözlə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası İlham Əliyevin, özünün də dediyi kimi, prioritet vəzifəsi idi.

Bu hədəfə çatmaq üçün güclü iqtisadiyyatın formalaşdırılması və həmin təməl üzərində qüdrətli Ordu quruculuğu prosesinə start verən İlham Əliyevin apardığı siyasət Azərbaycanı nəinki bütün parametrlər üzrə Cənubi Qafqazın liderinə çevirdi, habelə ölkənin beynəlxalq arenada nüfuzunu indiyədək görünməmiş səviyyəyə qaldırdı. İlham Əliyevin növbəti dəfə prezident seçilməsindən iki il sonra - 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsi xalqımızın tarixi Zəfəri ilə başa çatdı. Bu il sentyabrın 20-də lokal antiterror tədbirləri nəticəsində Şərqi Zəngəzur ərazisində qalan erməni hərbçilərini ağır məlubiyyətə uğradaraq, oradakı separatçı rejimi ləğv etmək ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesini rəsmiləşdirdi.

Yalnız bu müstəvidə yox, həm də sosial-iqtisadi sahədə, xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı dinc quruculuq və abadlaşdırma işləri həm ölkəmizdə, həm regionda yeni reallıqlar yaradıb. Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə nəhəng iqtisadi-logistik layihələrin həyata keçirilməsi üçün regionda dayanıqlı sülhün bərqərar olunması postmünaqişə dövrünün əsas məsələsidir.

Bu baxımdan, vaxtilə öz xalqından “müharibə dövrünün prezidenti” mandatını almış İlham Əliyevə postmünaqişə dövrünün lideri kimi etimadın göstərilməsi günün ən vacib tələbidir.

İşğaldan azad edilmiş ərazilərimizin qısa müddətdə bərpası və uzun illər öz doğma ocaqlarına qayıtmaq həsrətini çəkən soydaşlarımıza hərtərəfli qayğı bu zərurəti daha da aktuallaşdırır.

Digər tərəfdən, qarşımızda hələ də Azərbaycanın iqtisadi-siyasi və hərbi sahədə uğurları ilə barışmaq istəməyən qüvvələrin regionda aparmağa çalışdıqları geosiyasi oyunları puça çıxarmaq vəzifəsi dayanır. Məhz bu reallıqlar növbədənkənar prezident seçkilərinin vacibliyini şərtləndirir.

Ən əsası isə, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirilir. Bu isə seçkilərin ərazi bütövlüyümüzü və suverenliyimizi təsbit etməsinin birbaşa sübutudur.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Seçki  





Xəbər lenti