Ulu Öndərin anadan olmasının ildönümü Təbrizdə qeyd edilib - FOTO

   Ulu Öndərin anadan olmasının ildönümü Təbrizdə qeyd edilib -    FOTO
  08 May 2024    Oxunub:621
Azərbaycanın İrandakı Baş konsulluğunda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.
Baş konsulluqdan AzVision.az -a bildirilib ki, tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin həyatına və zəngin siyasi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. İranın rəsmi şəxsləri, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri, həmçinin bu şəhərdəki Azad İslam Universitetinin azərbaycanlı tələbələri fotosərgi ilə də tanış olublar.

Baş konsul Əliyənnağı Hüseynov çıxışında bildirib ki, hər bir dövlətin təşəkkülündə liderlərin danılmaz tarixi rolu var. Ömrünü xalqın və dövlətin taleyinə bağlayıb yüksək nəticələr qazanan dövlət xadimləri heç vaxt unudulmur. Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqının qurtuluşu və ölkənin inkişaf istiqamətlərinin müəyyən edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dünyaya göz açan dahi şəxsiyyət bütün ömrünü doğma Vətəninə, xalqına həsr edib.

Diplomat Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə və müstəqillik illərində göstərdiyi misilsiz xidmətlərdən, onun respublikamızın sosial-iqtisadi, humanitar-mədəni sahələrdə qazandığı böyük nailiyyətlərdəki əvəzsiz rolundan ətraflı bəhs edib. O vurğulayıb ki, Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gələndə Azərbaycan faktiki olaraq bir dövlət kimi parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir çətin şəraitdə böyük müdrikliklə xalq-dövlət vəhdətinə nail olan Ulu Öndər mövcud təhlükələri ölkəmizdən uzaqlaşdırmaq üçün milli birlik fəlsəfəsi yaratdı.

Baş konsul vurğulayıb ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası, qonşu ölkələrlə mehriban və konstruktiv münasibətlər kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birmənalı olaraq qeyd edə bilərik ki, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası və yeni geosiyasi vəziyyətin əzmlə qorunması İran üçün də xüsusi əhəmiyyət kəsb edən tarixi hadisədir. İki qonşu ölkə arasında əlaqələrin dostluq şəraitində davam etməsi tərəflər üçün strateji əhəmiyyət daşıyır.

Ə.Hüseynov sonda qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, xalqımızın milli birliyi və əzmkarlığı barədə söylədiyi müdrik ifadələrin reallığa çevrilməsi hər bir vətəndaşımız üçün qürur mənbəyi, iftixar yeridir. Ulu Öndər Azərbaycan Respublikasında əmin-amanlığın və sabitliyin qorunması, təhsilin yüksəlişi, iqtisadiyyatın inkişafı istiqamətində mühüm tarixi vəzifələr həyata keçirib. Heydər Əliyevin müəyyən etdiyi siyasi və dövlətçilik ideyaları yüzilliklər boyu Azərbaycan xalqına fayda gətirəcək. Tarixi xilaskarlıq missiyası ilə Azərbaycan xalqının qəlbində özünə əbədi heykəl ucaldan Heydər Əliyev humanizm prinsipləri və yüksək insani keyfiyyətləri ilə sevilib və ürəklərə yol tapıb.

Təbrizin media orqanları da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində geniş məqalələr dərc ediblər.

AzVision.az


Teqlər: Ulu-Öndər   ildönümü   Təbriz  





Xəbər lenti