Ümummilli Liderin dövlətçiliyə töhfələrindən biri müstəqil məhkəmə hakimiyyətinin yaradılması olub - RƏY

Ümummilli Liderin dövlətçiliyə töhfələrindən biri müstəqil məhkəmə hakimiyyətinin yaradılması olub -    RƏY
  11 May 2024    Oxunub:661
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür.
Hər bir xalqın tarixində xilaskar lider, dövlət xadimi olub. Azərbaycan xalqının yaddaşında da qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan şəxsiyyət kimi məhz Ulu Öndər Heydər Əliyev qalıb. Çünki Heydər Əliyev siyasəti dövlətimizi parçalanmaq təhlükəsindən qoruyaraq, Azərbaycan xalqına ən dəyərli milli sərvətimiz olan dövlət müstəqilliyini bəxş edib, ölkəmizi inkişaf yolunda irəli aparıb, nüfuzlu dövlətə çevrilməsinə şərait yaradıb.

Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas edib. Ulu Öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası müəyyənləşdirildi. Əminliklə deyə bilərik ki, bu gün bütün sahələrdə inkişaf edən güclü və nüfuzlu Azərbaycanın təməlini məhz Ulu Öndər Heydər Əliyev qoyub.

Bu fikirləri Abşeron Rayon Məhkəməsinin hakimi Habil Əhmədov bildirib. Qeyd olunub ki, Ümummilli Liderin müasir Azərbaycan dövlətçiliyinə verdiyi töhfələrdən biri də ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin yaradılması olub:



“Onun rəhbərliyi ilə Azərbaycanda yeni məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində xeyli uğurlu işlər görülüb, hüquqi dövlətin möhkəm əsası yaradılıb. Yeni Azərbaycanda dövlət institutlarının müasirləşdirilməsi və gücləndirilməsi istiqamətində uğurlu tədbirlər həyata keçirilib. Məhkəmə sistemində və digər sahələrdə mütərəqqi islahatların həyata keçirilməsinə başlanılıb. Ulu Öndər xalq və dövlət qarşısında böyük xidmətlər göstərərək Azərbaycanda üçpilləli müstəqil məhkəmə sisteminin əsasını qoyub.

Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycan regionda ali hüquq dəyərlərinə, beynəlxalq hüququn prinsip və normalarına riayət edən dövlət kimi tanınıb. Demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmış müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapması, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin misilsiz tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır.

Onun həyata keçirdiyi genişmiqyaslı milli dövlət quruculuğu proqramı ölkəmizin bütün sahələrdə qazandığı uğur və nailiyyətlərin konseptual əsasını qoyub. Müstəqil Azərbaycanın Əsas Qanununun - Konstitusiyanın müəllifi kimi Ulu Öndər Heydər Əliyev dövlət hakimiyyətinin demokratik prinsiplər əsasında bölünməsinə, beynəlxalq standartlara uyğun hüquq normalarının və qanunvericilik bazasının yaradılmasına, müasir idarəetmə üsullarının tətbiqinə nail olub”.

Bildirilib ki, bu gün Ulu Öndərin siyasi irsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir:

“Qürurverici haldır ki, bütün sahələrdə inkişaf edən və regionun lider dövlətinə çevrilən Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi həm siyasi, həm də hərbi arenada Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşıb. Şübhəsiz ki, bütün bu qələbələr, uğurlar Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi nəticəsində mümkün olub. Əminliklə söyləmək olar ki, bugünkü Azərbaycan məhz Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində inkişaf edir, uğurla addımlayır.

Ümummilli Lider Heydər Əliyev bütün mənalı həyatı və şərəfli dövlətçilik fəaliyyəti müddətində yalnız Azərbaycanı düşünmüş, onun müasirləşməsinə, qüdrətlənməsinə, çiçəklənməsinə çalışmışdır. Buna görə də Azərbaycan dövləti, xalqı var olduqca, Heydər Əliyev xalqımızın qəlbində daim yaşayacaq və onun qurduğu dövlət daim inkişaf edəcək”.

AzVision.az



Teqlər:





Xəbər lenti