Yaponiya və Aİ hidrogen istehsalı üzrə razılığa gəlib

   Yaponiya və Aİ hidrogen istehsalı üzrə razılığa gəlib
  03 İyun 2024    Oxunub:771
Yaponiya və Avropa İttifaqı təmiz hidrogenə artan tələbat, habelə hidrogen əsasında alternativ yanacaq hazırlanması üzərində əməkdaşlığa başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə birgə bəyanat yayımlanıb.

Belə ki, bu gün Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ken Saito və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonun sədrliyi ilə Yaponiya-Aİ arasında hidrogen üzrə biznes forumu baş tutub.

"Hidrogen tezliklə qlobal bazarda əhəmiyyətli əmtəəyə çevriləcək və bu sahədə Aİ-Yaponiya əməkdaşlığı aşağı karbonlu hidrogen yanacağı təminatında qabaqcıl rol oynayacaq. Hidrogen həmçinin Avropanın enerji siyasəti üçün vacib ünsürdür. Bu alternativ vasitə bizi Rusiyanın qalıq yanacaqlarına asılılıqdan qurtarmaqla yanaşı gələcəkdə sənayemizi karbonsuzlaşdırmağa təkan verəcək ", - xanım komissar forumun yekununda mətbuata bildirib.

Yaponiya hidrogeni 2050-ci ilədək ölkənin karbonu neytrallaşdırma siyasətinin bir parçası kimi, Avropa isə Rusiyanın qalıq yanacaqlarına alternativ kimi görür. Avropa İttifaqı 2030-cu ilədək 10 milyon ton hidrogen istehsalı və idxalını planlaşdırır. Kadri Simsonun da diqqətə çatdırdığı kimi, bu ittifaqın karbon emissiyalarını azaltmaq siyasətinin bir parçasıdır. Hərçənd bu alternativ yanacaq üçün böyük sərmayəyə ehtiyac var. Məhz Yaponiya ilə razılıq nəticəsində bu ölkə qarşıdakı 15 il ərzində hidrogen istehsalına 3 trilyon yen (19 milyard dollar) ayıracaq.

Bu çərçivədə Ukraynada müharibədən qabaq Rusiya qazının əsas alıcısı sayılan Almaniya da hidrogen infrastrukturunun, istehsal və idxal müəssisələrinin tikintisini sürətləndirməklə bağlı qanun layihəsini təsdiqləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Yaponiya     hidrogen   yanacaq  





Xəbər lenti