Dünya mətbuat İlham Əliyevin Çernobbio Forumundakı çıxışına geniş yer ayırıb

 Dünya mətbuat İlham Əliyevin Çernobbio Forumundakı çıxışına geniş yer ayırıb
  06 Sentyabr 2024    Oxunub:244
Dünya mediası Azərbaycan Prezidenti İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışına və səsləndirdiyi fikirlərə geniş yer ayırıb.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, “Reuters”, “Bloomberg”, “Financial Post”, “The Straits Time”, “World Energy News”, “Aol”, “WTVB”, “XM”, “US News” və “WTAQ” kimi media agentliklərinin yaydığı materiallarda Prezident İlham Əliyevin Azərbaycanın bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq qurduğu, Avropa İttifaqının 10 üzvünün rəsmi olaraq ölkəmizin strateji tərəfdaşı olduğunu bildirib. Dövlətimizin başçısı qeyd edib ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.



Azərbaycan Prezidenti vurğulayıb ki, Cənub Qaz Dəhlizi adlanan boru kəməri sistemi marşrutu boyu mövcud əlavələr və interkonnektorlar sayəsində geniş Avropa və Asiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Azərbaycan hazırda azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparır.



Materiallarda Prezident İlham Əliyevin Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi ilə bağlı danışıqlarda irəliləyiş olacağına müəyyən nikbinlik ifadə etdiyi bildirilir. Vurğulanır ki, dövlətimizin başçısı Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatlarının Azərbaycana müraciət etdiyini, ümumi məxrəcə gəlmək üçün böyük səylər göstərildiyini deyib. Qeyd edib ki, Azərbaycan bu kontekstdə hər iki ölkə ilə təmasdadır və ciddi irəliləyiş üçün zəmin var.



Azərbaycan Prezidenti vurğulayıb ki, tranzit dayanarsa bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Azərbaycan həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyir. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaq.



İtaliyanın RAI, ANSA, “Borsa Italiana” və digər mətbu orqanlarında dərc olunan yazılarda Prezident İlham Əliyevin Forumdakı çıxışında Azərbaycan və İtaliyanın uzun illər ərzində strateji tərəfdaşlar kimi fəaliyyət göstərdiyini qeyd etdiyi bildirilir. Vurğulanır ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır.

Yazılarda dövlətimizin başçısının enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz parçası olduğunu bildirdiyi qeyd edilir. Vurğulanıb ki, Azərbaycandan İtaliyayadək uzanan Cənub Qaz Dəhlizi boru kəməri sistemi 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür.



Materiallarda Azərbaycan Prezidentinin Çernobbioda İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrisio Fabbri ilə görüşdüyü bildirilir. Diqqətə çatdırılır ki, “Ansaldo Energia” şirkəti hazırda Azərbaycanın ən böyük İstilik Elektrik Stansiyasının yenidən qurulmasında iştirak edir və stansiya 4 ədəd qaz turbini ilə təchiz olunub. “Ansaldo Energia” Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsində iştirakda maraqlıdır. Görüşdə yaşıl enerji sahəsində birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığı qeyd olunur.



Rusiyanın federal mediası, o cümlədən “TASS”, “RİA Novosti” “İnterfaks”, “Vestnik Kavkaza”, “Regnum” informasiya agentlikləri, “İzvestiya”, “Lenta.ru”, “Moskovskiy komsomolets”, “Komsomolskaya pravda”, “News.ru” nəşrləri və televiziya kanalları da Azərbaycan Liderinin Forumdakı çıxışını geniş işıqlandırıb.

Materiallarda qeyd olunur ki, Azərbaycan Lideri ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasını “təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik” adlandırıb, torpaqlarımızın işğaldan azad edilməsini hazırda ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə cəhd göstərən ölkələr üçün yaxşı nümunə olduğunu bildirib.

Rusiya mediası Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin təqribən 80 faizinin artıq razılışdırıldığı, sərhədlərin delimitasiyası prosesinin başlandığı və sərhədin 13 kilometrlik hissəsinin demarkasiya edildiyi barədə fikirlərini xüsusi vurğulayıb.

Mətbuat Azərbaycan Prezidentinin hazırda təkcə regionda deyil, bütün dünyada ən ağrılı problem olan Rusiya-Ukrayna münaqişəsinin həllinə dair fikirlərinə də geniş yer ayırıb. Vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə tarixi köklərə söykənən müsbət münasibələrinin olduğunu, Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb.

Eyni zamanda, xəbərlərdə dövlət başçısının Azərbaycanın Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmayacağı və iki ölkə ilə praqmatik münasibətlər fonunda, lazım gələrsə, Rusiya-Ukrayna münasibətlərinin normallaşmasında vasitəçi rolu oynamağa hazır olduğu barədə fikirləri də yer alıb. Media yazır ki, Azərbaycan Lideri Rusiya-Ukrayna müharibəsinin sona çatması istiqamətində ciddi irəliləyiş üçün zəmin olduğunu vurğulayıb.



Avropa Şurası Parlament Assambleyasının bir sıra üzvlərinin ölkəmizdə arzuolunmaz şəxs elan edilməsi barədə suala Prezident İlham Əliyevin cavabı da Rusiya mətbuatında maraq doğurub. Dövlətimizin başçısının Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi barədə qərar dəyişdiriləcəyi təqdirdə, ölkəmizin də AŞPA deputatlarına qarşı qadağanı aradan qaldıracağına dair fikirləri oxuculara təqdim edilib.

Dövlətimizin başçısının çıxışı Türkiyənin aparıcı media qurumları tərəfindən də geniş işıqlandırılıb. Anadolu Agentliyi, “TRT”, “Haber Global, “Sözcü”, “Sputnik Türkiyə”, “Haberler.com”, “Son dakika”, “Star.com” kimi bir sıra media qurumları, “Milliyet”, “Cumhuriyyet”, “Yeni Şafak” qəzetləri, eləcə də bir çox müxtəlif formatda fəaliyyət göstərən media qurumları dövlətimizin başçısının səfərinə diqqət ayırıb.

“Əliyev Ermənistanla sülh sazişinin mətninin 80 faizini razılaşdırdıqlarını bildirib”, “Azərbaycan Prezidenti İlham Əliyev: Sülh sazişi mətninin 80 faizi üzrə razılıq əldə olunub”, “Əliyevdən “Ermənistan” mesajı: Biz 80 faizlə razılaşdıq”, “Əliyev açıqladı: Ermənistanla sülh sazişi mətninin 80 faizi ilə bağlı razılıq əldə edilib” və digər sərlövhələrlə yayımlanan xəbərlərdə Prezident İlham Əliyevin forumdakı çıxışına istinadlar edilib.

Yazılarda Azərbaycan Prezidentinin çıxışından sitatlar gətirilərək “Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür”, “biz Cənubi Qafqazda sülhə nail ola bilərik. Bu, mümkündür - Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədlərin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının,- halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır”, “İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir”, “Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi”, “O zaman işğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Münaqişəyə nəhayət son qoyuldu və bu, məhz belə də olmalı idi.” - kimi ifadələrə xüsusi vurğu edilib.



Xəbərlərdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq, Cənubi Qafqazda daimi sülhün təmini, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında yeni hadisələr kimi altbaşlıqlardan istifadə edilib.

AzVision.az





Teqlər:





Xəbər lenti