Mahsun Kırmızıgül Bakıda konsert verdi - VİDEO

 Mahsun Kırmızıgül Bakıda konsert verdi -  VİDEO
  18 May 2024    Oxunub:2423
Türkiyəli müğənni Mahsun Kırmızıgül 2 gün ardıcıl Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.
AzVision.az xəbər verir ki, konsert Bakı Konqres Mərkəzində baş tutub. Məşhur sənətçini 2 gündə təxminən 20 min pərəstişkarı izləyib. Müğənni sevilən mahnıları ilə onlara unudulmaz gecə yaşadıb.

Konsertdə Mahsun Kırmızıgülün xüsusi dəvəti ilə şəhid ailələri də iştirak edib. Tanınmış sənətçini səhnədə canlı orkestr müşayiət edib. O, konsertin ilk dəqiqələrindəcə ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb: “Salam Bakı. Sizi çox sevirəm. Bura mənim ikinci evimdir”.

Daha sonra Mahsun Kırmızıgül ilk mahnısının necə ərsəyə gəlməsindən danışıb:
“11-12 yaşımda küçələrdə su sataraq özümə velosiped aldım. Daha sonra həmin velosipedi sataraq ilk mahnımı ərsəyə gətirdim. Bu mahnı sayəsində mənə Türkiyədən təklif gəldi. Türkiyənin tanınmış prodüserlərindən biri məni məşhur kluba apardı. Həmin klubda çox gözəl bir xanım mahnı oxuyurdu. Amma gözünün biri bağlı idi. O, Bergen idi. Yoldaşı tərəfindən şiddət görmüşdü. Sonra mən səhnəyə çıxdım. Oxuduğum zaman Bergen ağladı və mən gedib onun gözyaşını sildim. Mənə sənətimdə uğurlar arzuladı və xəyallarımın dalınca həmişə getməyi tövsiyyə etdi”.

Gecə boyunca tamaşaçılarla maraqlı söhbətlər edən ifaçı sonda “Annem annem” mahnısını səsləndirərkən göz yaşlarına hakim ola bilməyib:
"Son bir ildir anam Alzheimer xəstəsidir. Onun yanına gedirəm, gözünü də aça bilmir. Bəzən qulağına mahnılar oxuyuram, əlini tuturam, əlimi sıxır. Həyatda bəzi şeyləri geri gətirə bilməzsiniz. Buna görə də ailənizə, sevdiyinizə sarılın. Həyat çox qısadır"

Musiqi dünyasına unudulmaz əsərlər bəxş edərək, 7-dən 70-ə hər kəsin könlündə taxt quran sənətçi gecədə "Dinle", "Vefasız", "Sarı, sarı", "Yıkılmadım", " Annem", " Bəlalım" və digər sevilən mahnıları ilə yanaşı "İntizar", "Bu qala daşlı qala" kimi Azərbaycan mahnılarını da pərəstişkarları ilə birgə ifa edib.

Konsert böyük anşlaqla keçib. Tanınmış müğənninin canlı ifaları, səhnədəki perfomansı, işıq, səs effektləri və orkestrin peşəkar müşayiəti ilə yanaşı ümumilikdə konsertin təşkilatçılığının yüksək səviyyədə olması da hamının zövqünü oxşayıb.

Aygün Xankişiyeva
AzVision.az

Qalereya




Teqlər: konsert   MahsunKırmızıgül  





Xəbər lenti