Rusiya hərbi kəşfiyyatı amerikalı diplomatları şikəst edir?

   Rusiya hərbi kəşfiyyatı    amerikalı diplomatları şikəst    edir?
  01 Aprel 2024    Oxunub:823
Rusiyanın Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) əməkdaşları Amerika və Kanada diplomatları, habelə kəşfiyyatçıları arasında “Havana sindromu” törətməyə səbəb ola bilərlər.
AzVision.az xəbər verir ki, “The Insider”, Amerikanın “CBS News” kanalının “60 dəqiqə” proqramının və Almaniyanın “Der Spiegel” nəşrinin birgə araşdırmasının müəllifləri belə iddia irəli sürüblər.

“Havana sindromu” başgicəllənmə, ürəkbulanma, baş ağrıları, eşitmə və koordinasiya problemləri ilə xarakterizə olunan qeyri-rəsmi xəstəlikdir. 2014-cü ildən bəri ABŞ və Kanadanın müxtəlif ölkələrdəki səfirliklərinin əməkdaşları arasında oxşar simptomlar müşahidə olunur.

Araşdırma müəlliflərinin məlumatına görə, BKİ-nin 29155 saylı hərbi hissəsinin əməkdaşlarının eyni dövrlərdə və yerlərdə baş çəkdiyi xarici diplomatlar arasında “Havana sindromu”nun simptomları aşkarlanıb. Məhz bu bölmə Böyük Britaniyada Sergey və Yuliya Skripalların, eləcə də Bolqarıstanda iş adamı Yemelyan Gebrevin “Noviçok”dan zəhərlənməsi ilə bağlıdır.

Bu əlaqəni 2014-cü ildən bəri “Havana sindromu” hallarının qeydə alındığı yerlərə BKİ əməkdaşlarının uçuş məlumatları sübut edir. Araşdırmaçıların fikrincə, 2014-cü ilin noyabrında “Havana sindromu”nun qurbanı olan Frankfurtdakı Amerika konsulluğunun əməkdaşı ehtimal edilən hücumçulardan birini zabit Yeqor Qordiyenko kimi tanıyıb.

Daha bir hadisə 2017-ci ildə Çində baş verib. Həkimlər məxfi məlumatların saxlanmasına cavabdeh olan Amerika konsulluğunun işçilərindən birində “travmatik beyin zədəsinə səbəb olan ətraf mühitə naməlum təsir” qeydə aldılar. Lakin tədqiqatçılar Çin hadisələri ilə bağlı məlumatlarının tam olmadığını etiraf ediblər.

Oxşar hadisə ilə 2021-ci ildə Tbilisidə amerikalı diplomatın həyat yoldaşı da qarşılaşıb. Hücumdan bir qədər əvvəl qadın evinin pəncərəsindən bölmə komandiri Andrey Averyanovun oğlu Albert Averyanov kimi tanıdığı kişini görüb. Elə həmin il Belqrad və Hanoyda da belə insidentlərin baş verdiyi bildirilir.

Qeyd edilən hallara əlavə olaraq, BKİ-nin 29155 saylı bölməsinin komandir müavini İvan Terentyevin “şəhərdə hərbi (döyüş) əməliyyatlar zamanı öldürücü olmayan akustik silahların potensial imkanlarını” öyrənmək üçün hökumətdən sifariş aldığı vurğulanır.

Ararşdıma müəlliflərinin iddiasına görə, BKİ-nin “akustik silahların” istifadəsində iştirakını birbaşa sübut edən faktlar olmasa da, indi Amerika hakimiyyəti “Havana sindromu”na yanaşmasını yenidən nəzərdən keçirə bilər.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti