Almaniyada məktəblilər İslamı qəbul edirlər

   Almaniyada məktəblilər    İslamı qəbul    edirlər
  24 Aprel 2024    Oxunub:860
Avropa İttifaqının bəzi ölkələri məktəblilərin kütləvi şəkildə İslam dinini qəbul etməsi ilə bağlı həyəcan təbili çalırlar.
AzVision.az “Bild” qəzetinin Almaniyanın dövlət təhlükəsziliyi orqanlarının əməkdaşına istinadən yaydığı məlumata istinadən xəbər verir ki, miqrant ailələrindən olan sinif yoldaşları tərəfindən bullinqə (məqsədyönlü şəkildə digər şəxsin aqressiv təqibinə) məruz qalan almaniyalı şagirdlər kütləvi qaydada İslam dinini qəbul etməyə başlayıblar.

“Alman uşaqlarının getdikcə daha çox valideynləri məsləhət mərkəzlərinə müraciət edirlər. Belə ki, onların xristian uşaqları məktəbdə autsayder olmamaq üçün İslamı qəbul etmək istəyirlər” , - nəşrin müsahibi deyib.

Onun iddiasına görə, Almaniya məktəblərində hər il müsəlman yeniyetmələr tərəfindən zorakılıq və nizam-intizamın pozulması halları artır. Hüquq-mühafizə orqanının fikrincə, belə vəziyyət Berlinin miqrasiya sahəsində apardığı “açıq qapı” siyasəti ilə bağlıdır.

İlon Mask: Qərbdə vətəndaş müharibəsi olacaq
Maraqlıdır ki, “SpaceX” şirkətinin təsisçisi və baş direktoru İlon Mask Qərbin miqrantlarla bağlı siyasətinin son nəticədə qərb ölkələrində vətəndaş müharibəsinə gətirib çıxaracağı barədə ciddi xəbərdarlıq edib.

Bu baxımdan, bir neçə il əvvəl Avropa İttifaqını tərk etmiş Böyük Britaniyanın miqürantlarla bağlı “açıq qapı” siyasətinin fəsadlarından artıq sığortalanmağa başladığını düşünmək olar. Belə ki, baş nazir Rişi Sunakın çoxdan arzuladığı kimi Böyük Britaniya parlamenti qeyri-qanuni miqrantların ölkədən çıxarılması ilə bağlı qanun layihəsini qəbul edib.

Rusiyanın “TASS” agentliyinin məlumatına görə, Böyük Britaniyadan qeyri-qanuni mühacirlərin deportasiyası 10-12 həftədən sonra başlaya bilər. İlk növbədə Əfqanıstan, İran, Eritreya və Kürdüstandan olan ailəsiz kişilərin ölkədən çıxarılması nəzərdə tutulur.

Müxtəlif insan haqları təşkilatlarının bu qanuna qarşı çıxa bilməsi ehtimalı var. Lakin Sunak artıq Strasburqdakı hakimlərin Londonun planlarına müdaxilə edəcəyi təqdirdə Böyük Britaniyanın Avropa İnsan Haqları Məhkəməsindən çıxa biləcəyinə eyham vurub.

“Əgər nə vaxtsa milli təhlükəsizlik, sərhədlərimizə nəzarət və beynəlxalq məhkəməyə üzvlük arasında seçim olarsa, təbii ki, mən həmişə milli təhlükəsizliyimizə üstünlük verəcəyəm”, - Rişi Sunak xəbərdarlıq edib.

Rişi Sunakın bu bəyanatı əslində Qərbin aparıcı dövlətlərinin son nəticədə bütün hallarda ilk növbədə öz milli maraqlarına uyğun şəkildə addım atdıqlarını sübuta yetirir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Almaniya   İslam  





Xəbər lenti