Milli Məclisin komitə sədri AP nümayəndəsini qəbul edib

   Milli Məclisin komitə sədri AP nümayəndəsini qəbul edib
  29 Aprel 2024    Oxunub:819
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin nəqliyyat və turizm komitəsinin üzvü Tomaş Piotr Porebanı qəbul edib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, Avropa Parlamentində (AP) təmsil olunan bir sıra deputatın Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil etdiyini deyən Səməd Seyidov bildirib ki, AP-nin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq 25 aprel tarixli qətnaməsi yalan və saxta məlumatlar üzərində qurulub. Bildirilib ki, bu əsassız qətnamə ölkəmizə qarşı irəli sürülmüş qondarma iddiaların açıq təzahürü olmaqla yanaşı, eyni zamanda, ikili standartların bariz nümunəsidir. Azərbaycana qarşı çirkin siyasi aksiyaların həqiqi səbəblərinin hamıya məlum olduğunu deyən komitə sədri vurğulayıb ki, heç bir qüvvə bizə təzyiq göstərə bilməz, ölkəmiz bundan sonra da müstəqil və yalnız sülhün, bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığın təşviqinə yönəlmiş siyasətini davam etdirəcəkdir.

Tomaş Piotr Poreba səfərinin məqsədləri barədə məlumat verib. İlyarım əvvəl Azərbaycana birinci səfəri zamanı işğaldan azad olunmuş Şuşa şəhəri ilə tanışlığından bəhs edən qonaq regionda cərəyan edən tendensiyalara və gələcək inkişaf perspektivlərinə toxunub, Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə danışıqların müsbət nəticələrindən məmnunluğunu ifadə edib. Azərbaycanın mühüm iqtisadi-coğrafi mövqeyi barədə fikirlər söyləyən Tomaş Poreba ölkəmizin Avropa İttifaqı (Aİ) ilə əlaqələri barədə danışıb, Aİ-nin Cənubi Qafqaz regionun aparıcı ölkəsi olan Azərbaycanla bir çox sahələrdə, o cümlədən enerji, ətraf mühit, nəqliyyat və logistika kimi mühüm əhəmiyyətli seqmentlərdə əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyinə dair fikirlərini səsləndirilib.

Son dövrlərdə Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli və ikili standartları özündə ehtiva edən mövqeyini pisləyən qonaq bu mövqeyi ədalətsiz və məntiqə sığmayan addım kimi dəyərləndirib. Ortaya çıxan məsələlərin təzyiq yolu ilə deyil, yalnız əməkdaşlıq və bərabərhüquqlu dialoq yolu ilə həll olunmasının əhəmyyətini qeyd edən Avropa Parlamentinin üzvü Azərbaycanın Aİ-nin etibarlı tərəfdaşı olduğunu, bu əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə komitənin üzvü Tural Gəncəliyev Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıqdan söz açıb, ölkəmizin qurumla nəqliyyat və logistika sahəsində də əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

AzVision.az


Teqlər: Milli-Məclis   Avropa-Parlamenti   görüş  





Xəbər lenti