Peşəkar Çövkən Liqasının açılış mərasimi ilə bağlı mətbuat konfransı keçirilib - FOTOLAR

Peşəkar Çövkən Liqasının açılış mərasimi ilə bağlı mətbuat konfransı keçirilib -    FOTOLAR
  20 May 2024    Oxunub:902
May ayının 20-də saat 12:00-da Binə Atçılıq Mərkəzində media nümayəndələrinin iştirakı ilə Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib.
AzVision.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşəbbüsü ilə dünyada və ölkəmizdə ilk dəfə baş tutacaq Peşəkar Çövkən Liqası haqqında məlumat verilib, daha sonra komandalararası qarşılaşmaları müəyyən etmək məqsədilə püşkatma mərasimi keçirilib.

Bildirilib ki, 21 may 2024-cü il tarixində saat 13:45-də keçiriləcək açılış mərasimində milli atlarımızın iştirakı ilə 10 peşəkar Çövkən komandasının (Ağstafa Dilbaz, Elit, Embawood, Köhlən, Çövkən Qarabağ, Omar, Polad, Sərhədçi, Şirvan və Zəfər) mövsüm ərzində çempionluq uğrunda mübarizəsi başlayacaqdır.

Tədbirdə Qarabağ atlarının bu il Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu”nda nümayiş etdirdiyi möhtəşəm şou-kompozisiyanın göstəriləcəyi və püşkatmanın nəticələrinə uyğun olaraq komandalar arasında birinci turun ilk iki oyununun keçiriləcəyi qeyd olunub.

Xüsusi olaraq media nümayəndələrinin diqqətinə çatdırılıb ki, bu il keçiriləcək Prezident Kubokunun və yeni yaradılan Peşəkar Çövkən Liqasının (PÇL) qalibləri yeni ilin əvvəlində Superkubokda qarşılaşacaq və nəticəyə əsasən Azərbaycan çempionu elan ediləcək.

Əlavə olaraq Bakıda Beynəlxalq Çövkən Federasiyasına üzv ölkələrin komandalarının iştirakı ilə keçiriləcək dünya çempionatının tarixi və qaydaları açıqlanıb.

Sonda mətbuat nümayəndələrinin suallarına cavab verilib.

AzVision.az

Qalereya




Teqlər: Peşəkar-Çövkən-Liqası  





Xəbər lenti