ABŞ Kiyevin Rusiya RLS-lərinə hücumundan narahatdır

   ABŞ Kiyevin    Rusiya RLS-lərinə hücumundan    narahatdır
  30 May 2024    Oxunub:947
Vaşinqton Rusiyaya nüvə silahı ilə hücum etmək niyyətində deyil, lakin Moskva Ukraynanın ballistik raket radarlarına hücumlarını nüvə zərbəsindən çəkindirmə sisteminə yönəlmiş addım kimi qiymətləndirə bilər.
AzVision.az xəbər verir ki, öz mənbəyinə istinad edən “The Washington Post” qəzeti Rusiyanın Krasnodar vilayətindəki Armavir və Orenburq vilayətindəki Orsk şəhərləri ətrafında yerləşən radio-lokasiya sistemlərinə (RLS) Ukrayna Silahlı Qüvvələrinin endirdiyi zərbələrdən ABŞ-nin narahat olduğunu yazır.

“Birləşmiş Ştatlar Ukraynanın son vaxtlar Rusiyanın ballistik raketlərinin erkən xəbərdarlıq məntəqələrinə endirdiyi zərbələrdən narahatdır” , - adının gizli qalmasını istəyən amerikalı məmur deyib.

Rusiyalı senator Dmitri Roqozin mayın 25-də Kubanda Rusiyanın raket hücumu barədə xəbərdarlıq sisteminə zərbə endirildiyini bildirib. O, həmçinin “Hərbi Xəbərçi” teleqram-kanalında yerləşdirdiyi postda hədəfin Armavirdə yerləşən “Voronej” tipli RLS olduğunu yazıb.

Orenburq vilayətinin hökuməti mayın 27-də Orsk yaxınlığında yerləşən analoji obyektin yaxınlığında pilotsuz təyyarənin (bu ərazi Ukrayna ilə sərhədddən təxminən 1,5 min km uzaqdır) düşdüyünü bildirdi. Mayın 29-da isə Armavir səmasında daha bir PUA vurulub.

“Voronej” tipli RLS-lərdən ballistik raketlərin aşkarlanması, onların hərəkət parametrlərinin hesablanması, koordinatları və hədəflərin növünün müəyyənləşdirilməsi üçün istifadə olunur. Rusiyanın müxtəlif bölgələində - Leninqrad, İrkutsk, Kalininqrad vilayətlərində, Krasnoyarsk, Altay diyarlarında və s. yerlərdə belə RLS-lər yerləşdirilib.

Sözügedən hədəflərə hücumlara görə məsuliyyəti Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsi öz üzərinə götürüb.

Amerikalı məmur “The Washington Post” qəzetinə bildirib ki, bununla bağlı Vaşinqtonun narahatlığı Kiyevə çatdırılıb. Onun dediyinə görə, Ukrayna ilə müharibədə Rusiya həmin obyektlrədən istifadə etmir.

“Hamıya aydın olmalıdır ki, ABŞ Rusiyaya qarşı nüvə silahından istifadə etmək niyyətində deyil. Lakin şübhəsiz ki, Rusiyanın öz çəkindirmə imkanlarının hədəfə alınmasını və erkən xəbərdarlıq sistemlərinin hücuma məruz qalmasını necə qəbul edəcəyi ilə bağlı narahatlıqlar var” , - qəzeti məlumatlandıran mənbə vurğulayıb.

Rusiyanın nüvə doktrinasına əsasən, dövlət və ya hərbi obyektlərin dağıdılmasına və nüvə qüvvələrinin cavab addımlarının qarşısının alınmasına yönəlmiş istənilən hücum Moskvanın nüvə silahından istifadə etməsi üçün şərt ola bilər.

Bu arada prezident Co Baydenin bəzi müşavirləri ilə söhbətlərə əsaslanan “The New York Times” qəzeti ABŞ liderinin Rusiya ərazisindəki hədəflərinAmerika silahları ilə Ukraynanın vurmasına razılıq verməyə çox yaxın olduğunu yazıb.

Qəzet bu addımın çox güman ki, Rusiya ərazisində mülki hədəflərə deyil, yalnız hərbi hədəflərə zərbələr endirmək üçün Amerika silahlarından istifadə tələbi ilə müşayiət olunacağını vurğulayıb.

Şübhəsiz ki, Vaşinqtonun narahatlığı fonunda bu hücumlara razılığın Rusiya RLS-lərinə də şamil olunmayacağı gözlənilir.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: ABŞ   Rusiya   Ukrayna  





Xəbər lenti