"Ən müasir metodlardan istifadə edəcəyik" - Qarabağ Universitetinin dekanı

 "Ən müasir metodlardan istifadə edəcəyik" -  Qarabağ Universitetinin dekanı
  30 May 2024    Oxunub:1465
Xəbər verdiyimiz kimi, Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universitetinin dekanları seçilib.
Qarabağ Universitetinin rektoru Şahin Bayramovun əmri ilə Kəklik Gözəlova Pedaqoji, Elmar Mustafayev Sosial elmlər, Türkər Qasımzadə isə İncəsənət fakültələrinə dekan təyin olunublar.

AzVision.az Türkər Qasımzadə ilə əlaqə saxlayıb və onun yeni təyinatla bağlı təəssüratlarını öyrənib.

-Türkər bəy, sizi təbrik edirəm. Qarabağ Universitetinə dekan təyin olunmaq necə bir hissdir?
-Möhtəşəm hisslərdir. Bunu sözlə ifadə etmək olmur. Qarabağımızın quruculuğunu görməkdən, Qarabağ Universitetində bu vəzifəni daşımaqdan, incəsənət təhsilimizin təşkilində iştirak etməkdən gözəl nə ola bilər ki?!

-Düşünərdinizmi ki, siz haçansa Qarabağ Universitetində dekan olacaqsınız?
-Bilirdim ki, müzəffər ordumuz, Ali Baş Komandanımız qalib gələcək və torpaqlarımız geri qayıdacaq. Əminlik var idi. Ancaq işlərin belə sürətlə irəliləyəcəyini ağlıma gətirməzdim. Bu prosesdə iştirak etmək mənim üçün çox şərəfli bir işdir.

Qarabağ işğal olunmadan öncə babam şair Qasım Qasımzadə, atam Nəriman Qasımoğlu ora səfərlər ediblər. Hətta məni də özləri ilə Qarabağa aparıblar. O zaman çox kiçik olmuşam.

Azad olunandan sonra isə Xankəndi və Şuşada olmuşam. Şuşa Realnı Məktəbinin quruculuq-bərpa işləri ilə tanış oldum.

-Şuşa musiqinin beşiyidir deyirlər. Bir musiqiçi kimi siz nə deyərdiniz?
- Əlbəttə. İncəsənətimizin beşiyidir. Mən əminəm ki, oranın yetişdirdiyi dahi musiqiçilərin ruhları da oradadır. Geri qayıdışımızı hər zaman gözləyiblər. Bundan sonra Üzeyir bəyin, Qara Qarayevin, Soltan Hacıbəyovun amallarını Qarabağda da yaşadacağıq. Xalqımızın uşaqları bu universitetdə ali təhsilin ən yüksək qaydalarına uyğun olaraq təhsil alacaqlar. Qarabağ universitetində ən müasir metodologiyadan istifadə edəcəyik.

- 30 ildən çoxdur ki, Bakıda yaşayırsınız. Bundan sonra isə həyatınıza Xankəndidə davam edəcəksiniz .
-Şərəfli və qürurlu hissdir. Bundan yaxşı heç nə ola bilməz. Bakıdakı musiqi dalğasını Xankəndiyə aparacağıq. Artıq məni Xankəndi sakini hesab etmək olar.

Qeyd edək ki, İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə “Cadenza” orkestrinin bədii rəhbəridir. Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə bitirən Türkər Qasımzadə ABŞ-nin Manhetten Musiqi Məktəbində eyni ixtisas üzrə magistratura, Sinsinnati Universitetində isə doktorantura təhsili alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rektorun müşaviri olan Türkər Qasımzadə həm də Bakı Musiqi Akademiyasında müəllim işləyir. Türkər Qasımzadə ixtisası üzrə Küveytdə yerləşən Orta Şərqin Amerika Universiteti, Azərbaycan Dövlət Milli Konservatoriyası, ADA Universiteti, Sinsinnati Universitetində professor olaraq çalışıb. Türkər Qasımzadə həmçinin Moldovanın Musiqi, Teatr və Rəqs Akademiyası, ABŞ-nin Menhetten Musiqi Məktəbi, San-Fransisko Dövlət Universiteti və Norveçin Stavanger Universitetində ustad dərsləri keçib.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti