İranla Çin arasında qalmaqal yarandı

  İranla Çin arasında qalmaqal yarandı
  02 İyun 2024    Oxunub:1162
Çinin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağrılıb. İran və Birləşmiş Ərəb Əmirlikləri arasında ərazi mübahisəsinin predmeti olan Fars körfəzindəki 3 ada ilə bağlı
Pekinin mövqeyinə etiraz edilib. Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Bildirilir ki, BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Pekinə səfəri zamanı iki ölkə birgə bəyanat verib. Orada qeyd olunub ki, Çin Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adaları ilə bağlı məsələnin ikitərəfli danışıqlar yolu ilə həllinə nail olmaq üçün BƏƏ-nin təşəbbüslərinə dəstək verir.

Agentlik qeyd edir ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Çin hökuməti birgə bəyanatda yer alan əsassız iddiaları dəstəklədiyi üçün səfirə etiraz notası verib. Nazirlik sözçüsü Çini digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb və üç İran adasının dəyişməz mülkiyyətini bəyan edib.

Qeyd edək ki, İran və BƏƏ arasında Fars körfəzindəki adları çəkilən üç ada ilə bağlı ərazi mübahisəsi var. BƏƏ bu adaların onun suveren mülkiyyəti olduğunu iddia edir. İran isə üç sərhəd adasını “əbədi İran ərazisi” hesab edir. İran Xarici İşlər Nazirliyi adaların statusu ilə bağlı mövqeyinə görə Çin tərəfinə dəfələrlə etiraz edib. İran Xarici İşlər Nazirliyi Çin səfirini sonuncu dəfə 2022-ci ilin dekabrında çağırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti