Volodin: "Müharibənin həlli üzrə danışıqlarda Rusiyanın iştirakı şərtdir"

      Volodin:    "Müharibənin həlli üzrə danışıqlarda Rusiyanın iştirakı şərtdir"
  04 İyun 2024    Oxunub:689
"ABŞ və Avropa İttifaqının riyakarlığını görən ölkələr Ukrayna böhranı ilə bağlı İsveçrədə keçiriləsi konfransa qoşulmağa maraq göstərmir. Getdikcə daha çox ölkə başa düşür ki, Vaşinqton və Brüsselin siyasəti ikiüzlülüyə, ikili standartlara əsaslanır".
AzVision.az xəbər verir ki, bu sözləri Rusiya Dumasının sədri Vyaçeslav Volodin öz "Telegram" hesabında yazıb.

Onun sözlərinə görə, Rusiya tərəfi çağırılmadığı üçün Səudiyyə Ərəbistanı da tədbirə qoşulmayacaq.

"Eyni zamanda, Çin də bu konfransın həm özünün, həm də beynəlxalq ictimaiyyətin tələbləri ilə uzlaşmadığını diqqətə çatdıraraq iştirakdan imtina edib. Vaşinqtonun Avstraliya kimi müttəfiqləri də konfransa ciddi yanaşmır", - sədr vurğulayıb.

O həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin dövlət başçısı kimi səlahiyyət müddətinin başa çatdığını xatırladaraq, belə bir şəraitdə konfransın qeyri-legitim sayılacağını bildirib.

"ABŞ və Avropa İttifaqı bir yandan ölkələri İsveçrədəki konfransa dartıb gətirməyə çalışır, guya sülh yoluna çağırır, digər yandan isə Kiyev rejiminə Rusiyaya zərbələr endirməyə icazə verir. Hərçənd Ukraynada münaqişəni bitirməyin ən təsirli və sürətli yolu Kiyev nasistlərinə silah təchizatını dayandırmaqdır.

Vaşinqton və Brüsselin təşkilatçılığı ilə qərəzli görüşlərdə çıxarılan istənilən qərarı Rusiyaya sırımaq cəhdləri uğursuzluğa məhkumdur",
- Volodin fikrini yekunlaşdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   müharibə   sülh   konfrans  





Xəbər lenti