TÜRKPA Şurasının 13-cü iclası baş tutdu

 TÜRKPA Şurasının 13-cü iclası baş tutdu
  06 İyun 2024    Oxunub:704
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının 13-cü iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsindən verilən məlumata görə, TÜRKPA-nın fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş TÜRKPA Şurasının 13-cü iclasını açıq elan edib, tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Milli Məclisinin sədri Sahibı Qafarovaya təşəkkürünü bildirib.

Numan Kurtulmuş qeyd edib ki, təsis olunduğu zamandan bu günədək keçən dövrə, həmçinin görülmüş işlərə nəzər saldıqda əminliklə demək olar ki, Türk əməkdaşlıq qurumları arasında xüsusi yerə malik olan TÜRKPA günü-gündən böyüməkdə və inkişaf etməkdədir.

Sonra Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş TÜRKPA-da sədrliyi Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya təhvil verib. O, qarşıdakı dövrdə təşkilata sədrlik edəcək Azərbaycan tərəfinə uğurlar arzulayıb.

TÜRKPA-nın fəaliyyətdə olan sədrliyini qürur hissi ilə təhvil aldığını deyən Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikasının Milli Məclisinin qarşıdakı dövrdə təşkilatın məqsədlərinə nail olunması, əməkdaşlığın daha da inkişafı üçün lazımı tədbirlərin həyata keçirilməsinə səy göstərəcəyini bildirib.

Spiker Sahibə Qafarova, Türk Dövlətləri Parlament Assambleyasının fəaliyyət göstərdiyi 15 ildən artıq dövrdə Assambleyanın əsas tədbirlərinin bununla artıq dördüncü dəfə Bakıda keçirilməsindən məmnunluğunu bildirib. O, bu gün aparılacaq müzakirələrin qarşıya qoyulan hədəflərə nail olmağa kömək göstərəcəyinə inamını ifadə edib.

Vurğulanıb ki, Azərbaycan Respublikası ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə TÜRKPA-nın verdiyi töhfələri yüksək qiymətləndirir. Türk birliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlərin Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətini təşkil etdiyini deyən Milli Məclisin sədri, TÜRKPA-nın 13-cü plenar iclası çərçivəsində dünəndən etibarən tədbirlərin başladığını diqqətə çatdırıb. Həm Şura iclasının, həm də plenar iclasın gündəliyinin kifayət qədər zəngin olduğu qeyd olunub.

Spiker Sahibə Qafarova çıxışında həmçinin, 44 günlük Vətən müharibəsində 30 illik işğalın başa çatdığını və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini, ötən ilin sentyabrında Azərbaycan bütün ərazilərində öz suverenliyini bərpa etdiyini, cari ilin fevral ayının 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirildiyini bildirib. Qeyd olunub ki, Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq, hər hansı bir seçki Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərində keçirilib. Bu seçkilərdə xalqımız artıq öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycan dövlətinin gələcək inkişafı naminə səs verib.

Parlament Assambleyasının 13-cü plenar iclasının mövzusunun çox aktual olduğunu deyən Milli Məclisin sədri bildirib ki, noyabr ayında Bakı qlobal iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində ən böyük beynəlxalq tədbir olan COP29 Konfransına evsahibliyi edəcək. Spiker qeyd edib ki, bu gün TÜRKPA-nın plenar iclasında “Türk dünyası üçün yaşıl üfüqlər: Yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” ilə bağlı aparılacaq müzakirələr və qəbul ediləcək qərarlar iqlim dəyişikliklərinə qarşı mübarizəyə, ölkələrimizin yaşıl enerji sahəsində əməkdaşlığına parlament dəstəyimizin ifadəsi olacaq.

İclasda çıxış edən Türkiyə Böyük Millət Məclisin sədri Numan Kurtulmuş, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev və Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov tədbirin təşkilinə və göstərilən yüksək qonaqpərvərliyə görə Milli Məclisin sədrinə təşəkkürlərini bildiriblər, Azərbaycan tərəfinə sədrlik dövründə uğurlar arzulayıblar.

Çıxışçılar TÜRKPA-nın 13-cü Şura və plenar iclaslarında aparılacaq fikir mübadiləsinin, qəbul ediləcək qərarların təşkilatın gələcək fəaliyyətinin daha da gücləndirilməsinə mühüm töhfə verəcəyinə inamlarını ifadə ediblər.

İclasda bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti