"Törətmədiyi qətlə görə ömürlük azadlıqdan məhrum etmək biabırçılıq idi"

   "Törətmədiyi qətlə görə ömürlük azadlıqdan məhrum etmək biabırçılıq idi"
  06 İyun 2024    Oxunub:632
Avropa İnsan Hüquqları Məhkəməsi Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun oğlu Ruslanın qətlində təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyevlə bağlı qərar verib.
Bu barədə onun vəkili Əsabəli Mustafayev sosial hesabında yazıb. O bildirib ki, prosesdə qanun pozuntularının olması Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən təsdiqlənib.

"Bu iş 2003-ci ilin may ayının 8-də o zaman Şəmkirin icra başçısı işləyən Aslan Aslanovun Ruslan adlı oğlunun qətli ilə bağlıdır. Hadisənin cəmi 3 iştirakçısı olub. Onlardan biri- Ruslan qətlə yetirilib. Vüqar ilə nişanlanmamışdan əvvəl onunla münasibətdə olmuş Lamiyə ilkin dindirmədə Ruslanı onu bədbəxt etdiyi üçün qətlə yetirdiyini , bu qətlin hazırlanmasında və icrasında Vüqarın ümumiyyətlə, iştirakı olmadığını bildirib. Vüqar da öz ifadəsində Lamiyənin dediklərini təsdiq etmişdir. Bıçaqda Vüqarın barmaq izlərinin olmaması bu ifadələrin həqiqiliyini təsdiq edirdi. Lakin belə ifadələr maraqlı şəxsləri qane etmirdi. İlkin ifadənin gecəsi Lamiyənin digər müstəntiq tərəfindən dindirməsində o, Vüqara qarşı ifadə verir. Bu dindirmə 16 yaşı olmamış şəxsin dindirilməsi normalarına zidd aparılır.

Məhkəmədə Lamiyə ilkin ifadəsini təkrar edir, işgəncələrə məruz qaldığı üçün Vüqara qarşı ifadə verdiyini bildir. İstintaq dövründə Vüqar ciddi işgəncələrə məruz qalsa da, özünə qarşı ifadə vermir. Məhkəmə isə Lamiyənin ilkin dindirmədə və məhkəmədə verdiyi ifadələri deyil, ikinci dindirmədə verdiyi ifadə əsasında çıxartdığı hökmlə Lamiyəyə 10 il müddətinə, Vüqar isə ömürlük azadlıqdan məhrum olunurlar. Qeyd etməliyəm ki, cinayət işi başlananda Vüqar və Lamiyə ilə birlikdə Vüqarın atası, anası, qardaşı və xalası, Lamiyənin yeganə valideyni olan anası da tutulur və bir müddət həbsdə saxlanılırlar. O zaman Avropa Şurasının xüsusi məruzəçisi qismində Bakıya gəlmiş Andreas Qrossun səyləri nəticəsində Lamiyəin anası, Vüqarın atasından başqa digər qohumları azadlığa buraxılırlar. Vüqarın atası saxta ittihamla 4 ilini məhbəsdə keçirir. Vüqarın valideynləri 2010-cu ildə mənə müraciət edərək onun hüquqlarının müdafiəsində kömək istədilər. Məlum oldu ki, onun işindən vəkillər tərəfindən bir neçə dəfə kassasiya şikayəti verilib, lakin müddət ötürüldiyi üçün baxılmayıb, müddətin bərpası barədə vəsatətlər isə təmin edilməyib. Mən Vüqar ilə Qobustanda görüşəndə söhbət əsnasında o, qeyd etdi ki, özü də kassasiya şikayəti verib, amma A.Aslanovun təzyiqi ilə həbsxanadan onu Ali Məhkəməyə göndərməyiblər.

Mən bu faktın araşdırılması xahişi ilə Ombudsman aparatındakı dostlara müraciət etdim. Çox sağ olsunlar getdilər yerində araşdırdılar. Dəftərxanadakı jurnal ilə müəyyən olundu ki, həqiqətən də belə şikayət qeydə alınıb, ancaq məlum olmayan səbəbdən ünvana göndərilməyib. Ombudsman aparatının əməkdaşları bu barədə akt bağlayır və dəftərxana işçisindən izahat alırlar. Bu sənədlər ilə mən Ali Məhkəmənin Plenumuna müraciət edərək yeni açılmış hallara əsasən kassasiya şikayətinin verilmə müddətinin bərpasını xahiş etdim.

Plenumun iclasına sədrlik edən o zamankı sədr Ramiz Rzayev ilə bir balaca çəkişməmiz də oldu (çünki istintaqın başında həmin dövrdə o dayanırdığından bu işin nəticəsində maraqlı idi). Lakin pozuntu o qədər açıq-aydın idi ki, müddətin bərpa olunmasından başqa digər qərarın qəbulu mümkün deyildir. İş baxılması üçün kassasiya instansiyasına qayıdanda mən də öz adımdan kassasiya şikayəti təqdim etdim, çünki Vüqarın tərtib etdiyi şikayət ilə mübarizəni davam edə bilməzdik. Kassasiya şikayəti hazırlayarkən mən arxivdə iş materialları ilə tanış oldum və oxuduqlarımdan dəhşətə gəldin.Adama qarşı bir nəfər ifadə verməyib, maddi sübutlar yox, amma ömürlük həbs cəzası verilib.Məhkəmə sənədlərində Lamiyənin məhkəmədə verdiyi ifadələr əks olunmamışdı, hökmdə bu ifadə istintqdakı ikinci dindirməni təkrarlayırdı. Mənə isə Lamiyənin məhkəmədə verdiyi ifadə lazım idi. Kassasiya şikayəti üzərində işləyəndə yadıma düşdü ki, “ANS” belə məhkəmə proseslərində çəklişlər aparırdı. Telekanalın arxivini araşdırdım və həmin məhkəmədə aparılmış çəklişi tapdım.


Süjetdə Lamiyənin məhkəmədə verdiyi ifadə təkrar olunurdu. Bu fakt şikayətin əsaslarından biri oldu. Lakin gözləndiyi kimi kassasiya şikayəti təmin olunmadı, amma Avropa Məhkəməsinə yolumuz açıldı. Əlbətdə, Vüqar hadisə yerində olub, qətli görüb. Onu ən çoxu cinayət barəsində xəbər verməməkdə ittiham etmək olardı. Lakin törətmədiyi qətlə görə onu vəzifəli şəxsin sifarişinə görə ömürlük azadlıqdan məhrum etmək hüquq sisteminin biabırçılığı idi. İndi qərar qəbul olundu. Bu qərarsız da həqiqət həm cəmiyyətə, həm də hüquq-mühafizə orqanlarına məlumdur. Hüquq-mühafizə orqanlarının borcu tez bir zamanda ədaləti bərpa etmək, işə yenidən baxaraq Vüqarı azad etməkdir.

Cəmiyyətin borcu isə bunu diqqətdə saxlamaqdır. Məhkəmə qərarı ilə mənəvi zərərə görə 4500 avro, hüquqi yardıma görə 1000 avro ödənilməlidir", -vəkil yazıb.

Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən Lamiyyə Quliyevə 2015-ci ilin ilin fevralında azadlığa buraxılıb. 2022-ci ildə əfv sərəncamı ilə cəzası 25 ilə endirilən Vüqar Əliyev isə 21 il həbs yatıb və cəza müddətinin başa çatmasına 4 ilə yaxın vaxt qalır.

AzVision.az


Teqlər:





Xəbər lenti