"Nikolu devirmək asan olmayacaq" - Gevorqyan

"Nikolu devirmək asan olmayacaq"    - Gevorqyan
  10 İyun 2024    Oxunub:627
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər erməni keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatı ölkədə ardıcıl mitinqlər keçirir, polislərlə radikallar arasında toqquşmalar baş verir.
"Azatazen" təşkilatının idarə heyətinin üzvü İşxan Gevorqyan Baqramyan prospektində jurnalistlərlə söhbətində ölkəsində yaranmış xaosdan gileylənib, aksiyalara az adamın qatılmasını pisləyib: “Biz uğursuzluğa düçar ola bilmərik. Əgər uğursuzluğa düçar olsaq, hər il daha da kiçiləcəyik”.

İrəvan küçələrində “Müqəddəs mübarizə” şüarları peyda olub - VİDEO+FOTOLAR
Aksiyaya qatılan təşkilat sədri qeyd edib ki, hökuməti devirmək asan olmayacaq. "Amma maksimum qanun çərçivəsində hərəkət etməliyi. Bir-iki ay meydanlarda oturub polislərə boş butulka atmaq axmaqlıq olardı. Yepiskop hər dəfə belə təxribatçıların bizim hərəkata heç bir aidiyyətinin olmadığını vurğulayır. İnsanlar başa düşməlidirlər ki, bu, uzun mübarizədir və nümunəvi davranış sərgiləməklə bizim sıralarımızda qalmaq lazımdır”.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti