Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti qaydaları müəyyənləşir

   Kənd təsərrüfatı təyinatlı torpaqlarda    tikinti qaydaları müəyyənləşir
  11 İyun 2024    Oxunub:417
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər.
AzVision.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə edilən Torpaq Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əlavə edilməsi təklif edilən yeni maddəyə əsasən, həmin tikililərin inşa edilməsinə və quraşdırılmasına torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə verilir. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur.

İstixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı bu maddənin 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin minimum həddinə və tikinti əmsalının maksimum ölçülərinə dair məhdudiyyətlər tətbiq edilmir.

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün inşa edilmiş tikililər, işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililər, tikintisinə icazə tələb olunan suvarma infrastrukturu və istixanalar üzərində hüquqlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

AzVision.az


Teqlər:





Xəbər lenti