Aİ Türkiyəni anti-Rusiya siyasətinə qoşulmağa çağırırr

   Aİ Türkiyəni    anti-Rusiya siyasətinə    qoşulmağa çağırırr
  11 İyun 2024    Oxunub:605
Avropa İttifaqının Xarici Siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano Türkiyənin Aİ-yə üzvlüyü məsələsini şərh edərkən bildirib ki, Ankara Birliyin Rusiyaya qarşı sanksiyalarına qoşularsa, bu, oyunu dəyişəcək.
AzVision.az xəbər verir ki, avropalı məmur Brüsseldə türkiyəli jurnalistlərlə görüşdə belə deyib. Türkiyənin dövlət bayrağının həkk olunduğu futbol köynəyi geyinmiş Peter Stano media nümayəndələrini türk dilində salamlayaraq, Türkiyəni sevdiyini bildirib.

Onun iddiasına görə, Ankaranın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi Aİ-də Türkiyəyə qarşı etdimad yaradacaq.

“Bu, namizədliyini ifadə etməkdə Türkiyənin həqiqətən də səmimi və açıq olduğunun son sübutu ola bilər”, - avropalı məmur deyib.

Stano bildirib ki, Kipr məsələsi Türkiyənin Aİ-yə üzvlüyü yolunda maneə olsa da, Avropa Birliyinin Türkiyəyə ehtiyacı var.

- Türkiyənin Avropa İttifaqına ehtiyacı olduğu kimi, Avropa Birliyinə də Türkiyə lazımdır. Biz birlikdə daha güclüyük. Türkiyə yalnız özü üçün yox, həm də region, Avropa İttifaqı üçün önəmli ölkədir”, - Peter Stano vurğulayıb.

Türkiyənin Aİ-yə üzvlüyü məsələsində nüfuza və nəyi isə həll etmək səlahiyyətinə malik olmayan Peter Stanonun bəyanatı əslində gəlişi gözəl sözlərdən və yağlı vəddən başqa bir şey deyil. Rəsmi Brüssel və ümumilikdə Qərb Türkiyəyə qarşı, onun Aİ-yə üzvlüyü məsələsində davamlı şəkildə qərəzli mövqe tutduqlarını dəfələlrə sübut ediblər. Əks halda Türkiyəni 60 ildən artıq bir müddətdə Avropa İttifaqının kandarında gözlədən Brüssel, son 30 ildə digər ölkələr hesabına öz sıralarını iki dəfədən də artıq genişləndirməzdi.

Eyni zamanda, müsəlman Türkiyəsinə Aİ kimi xristian dövlətləri klubunda yer olmadığını vaxtaşırı bəyan edən avropalı məmurlar hətta təzavüzkar Ermənistanı belə öz sıralarına qatmaq üçün dəridən-qabıqdan çıxırlar. Maraqlıdır ki, bu zaman Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının ehtiva olunmasının Avropa İttifaqının “keşiyində durduğu” ümumbəşəri “demokratik” dəyərlərlə heç cür uzlaşmadığını Brüsseldəki funksionerlər gözardı edirlər.

Digər tərəfdən isə, Ankaraya qarşı bütün təzyiq mexanizmlərini işə salmağa hazır olan kollektiv Qərb, o cümlədən də Aİ Türkiyəni özünün anti-Rusiya siyasətinə şərik etməklə Azərbaycanın və bu iki ölkənin Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi konfiqurasiyanı pozmağa çalışır. Belə siyasətin son hədəfi isə Türkiyə ilə Rusiyanı döyüş meydanında toqquşdurmaqdır. Yeri gəlmişkən, tarixdə indiyədək yaşanmış 12 rus-türk müharibələrinin hamısında təhrikçi rolunda məhz Qərb çıxış edib. Elə bu baxımdan da, avropalı məmurların Türkiyəni sevdikləri və onun Aİ üzvlüyündə maraqlı olduqları barədə vedikləri bəyanatların heç biri inandırıcı görünmür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Türkiyə   Rusiya  





Xəbər lenti