Öldürüb, meyitlərini əhəng quyusuna atıblar - İnfarkt keçirən qadının ailəsi

 Öldürüb, meyitlərini əhəng quyusuna atıblar -  İnfarkt keçirən qadının ailəsi
  01 Mart 2024    Oxunub:2739
Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində yaxın günlərdə qazıntı aparılan zaman kütləvi insan qalıqları aşkarlanıb. Meyitlər arasından itkin qardaşı Akif Mahmudovu tanıyan Xocalı sakini Nəzakət Salmanova infarkt keçirib.
Baş verənlərlə bağlı AzVision.az -a danışan Kamil Salmanov bildirib ki, anası dayısının qalıqlarını onun geyimi əsasında tanıyıb. Bundan sonra qadının halı pisləşdiyi üçün onu xəstəxanaya yerləşdiriblər.
Xocalıda itən qardaşının meyitini tanıdı, infarkt keçirdi - Video


“Anam Xocalıda doğulub boya başa çatıb və Meşəli kəndinə gəlin köçüb. 1991-ci ildə kənd işğal olunandan sonra Xocalıya, valideynlərinin yanına qayıdıb. Atam isə həmin vaxt polis əməkdaşı olub. Özünümüdafiə dəstəsində döyüşürmüş.

Faciə baş verən gecə anam qardaşı Akif Mahmudovu, bacısı Dilarə Əzimovanı, onun 5 yaşlı oğlu Natiqi və nənəm Roza Əzimovanı itirib. Kiçik dayım Nəsib Əzimov isə əsir götürülübmüş.

Xocalıda kütləvi insan qalıqlarının tapıldığı günün axşamı videoya baxıb geyimləri əsasında qardaşını tanıdı. Bildirdi ki, sonuncu dəfə Akif dayım həmin paltarda olub. Bundan sonra halı pisləşdi. İndi danışa bilmir. Bədəninin sol tərəfində hissiyyat yoxdur”.

Nəzakət xanımın həyat yoldaşı Nəsir Salmanov: “Meşəli kəndində, daha sonra Ağdam batalyonunda, Şuşada, Laçında, Ağdərədə, Tərtər zonasında döyüşmüşəm. Xocalıda öldürülənlərin meyitlərinin daşınmasında iştirak etmişəm.

Həyat yoldaşımgilin evi qalıqların tapıldığı yerin yaxınlığında idi. Akiflə birgə 14 nəfərin meyitini əhəng quyusuna atıblar.



Həyat yoldaşım bu mövzulara xüsusi həssaslıq göstərir. Ailəsinin 5 üzvünü Xocalıda itirib. Bir məsələni də qeyd edim ki, 44 günlük müharibə zamanı Nəzakət xanım Ağcakənddə təndirxanada çörək bişirib onu hərbçilərimizə göndərirdi. Deyirdi ki,əsgərlərimiz qardaşının itkin düşdüyü torpaqlar uğrunda döyüşür”.


Əsirlikdə olmuş qardaşı Nəsib Əzimov:”Akif və bir neçə şəxsə qadınların müdafiəsi tapşırılmışdı. Ermənilər onları öldürdükdən sonra qadınları, uşaqları əsir götürmüşdülər. Bacımgil isə ermənilərin əlinə keçmədən qaçmağı bacarmışdılar.

Mən əsirlikdə olan zaman ermənidən qardaşımın sağ olub- olmamasını soruşdum. Dedi yoxdur, onu 8 nəfərlə birlikdə öldürüb əhəng quyusuna atıblar.

Mən özüm isə 17 gündən sonra əsirlikdən xilas edildim. Allahverdi Bağırov martın 8-də bizi dəyişdi”.




Akif Mahmudov Seydullaoğlu

Natiq Əzimov Abbasqulu oğlu

Roza Əzimova Səfərqızı

Dilarə Əzimova Seydullaqızı

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti