Milli Qəhrəmanımız beyin qanaması keçirib

   Milli Qəhrəmanımız beyin qanaması keçirib
  18 Aprel 2024    Oxunub:691
Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev xəstəxanaya yerləşdirilib.
AzVision.az "Modern.az"a istinadən xəbər verir ki, bu barədə hazırda İsveçdə yaşayan Milli Qəhrəmanın yaxınları bildiriblər.

“Şahin Tağıyev 3 gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir və xəstəxanada müalicə alır. İlk gün isə vəziyyəti kritik ağır idi. Allaha şükür ki, həyatdadır və ümid edirik ki, o, yaxın günlərdə tamamilə sağalıb öz evinə dönəcək", - ailə üzvləri Milli Qəhrəman haqqqında danışarkən deyiblər.

Şahin Tağıyev hazırda yaşayan 16 Milli Qəhrəmandan biridir. Əslən Şuşadan olan Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub.

Kiçik yaşlarından Bakıya köçüb, uşaqlıq illəri Bakının Bülbülə qəsəbəsində keçib, burada böyüyüb. Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə gedib və beşinci sinfə qədər burada təhsil alıb. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirib. Daha sonra Energetika texnikumuna daxil olub. 1969-cu ildə texnikumu bitirib və təyinatla Rusiyaya - Udmurt vilayətinə göndərilib.

Gənc yaşlarında Rusiya və Azərbaycanda əvvəlcə energetika, sonra ticarət sahələrində işləyib. 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə gedib, leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə atılıb.

1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri olub. Özü və rəhbərlik etdiyi batalyon bir sıra döyüşlərdə, o cümlədən Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib. Tərtər, Seysulan, Yarımca, Levonarx döyüşlərində iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə ona Milli Qəhrəman adına layiq görülüb. O, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk 4 nəfərdən biridir.

1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik-leytenant rütbəsində Ordudan tərxis olunub. O, atəşkəs dövründə də Qarabağın azadlığı naminə fəaliyyətini davam etdirib. 1998-ci ildə Qarabağ Koordinasiya Şurasının işində fəal iştirak edib. Qarabağ Azadlıq Təşkilatının yaradıcılarından olub, 2000-ci ildə Qarabağ Azadlıq Təşkilatının bərpa qurultayında Ali Məclis üzvü, sədr müavini seçilib.

2001-ci ildən Avropaya mühacirət edib. Ailəsi ilə birgə İsveçdə yaşayır. Bir oğlu, bir qızı, nəvələri var. Təqaüdçüdür.

2000-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayarkən Şahin Tağıyev səhhəti ilə əlaqədar Azərbaycana gələ bilməyib, oktyabr ayında Vətən müharibəsinə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1500 manat məbləğində vəsait köçürüb.

Milli Qəhrəmanın ən böyük arzusu Şuşadakı ata yurdunu ziyarət etmək idi. 2023-cü ilin noyabrında bu arzusuna qovuşub. İsveçdən Vətənə gələn Ş.Tağıyev Şuşaya gedib, şəhəri ziyarət edib. Şuşadakı Vaqif məqbərəsinin yanında çəkdirdiyi şəklini sosial şəbəkədə paylaşıb. Daha sonra İsveçə qayıdıb.

Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə "Milli Qəhrəman" adı Prezidentin 9 noyabr 2020-ci il tarixli sərəncamı ilə ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə üç nəfərə verilib. Bunlar general-mayor Polad Həşimov (ölümündən sonra), polkovnik İlqar Mirzəyev (ölümündən sonra) və ehtiyatda olan baş çavuş İbad Hüseynovdur.

AzVision.az


Teqlər: Milli-Qəhrəman   beyin-qanaması   infarkt  





Xəbər lenti