Tanınmış yuyucu tozların saxtasını hazırlayan sex tapıldı - FOTO

   Tanınmış yuyucu tozların saxtasını hazırlayan sex tapıldı -    FOTO
  04 May 2024    Oxunub:848
Polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri zamanı Abşeron rayonunun Saray qəsəbəsindəki gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, Tural Müseyibov, Vüsal Xankişiyev, Şamil Elçiyev, Elnur Aslanov, İlqar Əhmədov və Yaşar Osmanov rayonun Saray qəsəbəsindəki gizli sexdə kimyəvi tərkib elementləri məişətdə istifadə edilməsi üçün nəzərdə tutulan həddən dəfələrlə yüksək olan, buna görə də insan sağlamlığına zərərli təsir göstərməyə malik yuyucu vasitələr hazırlayıblar. Dəstə üzvləri yuyucu vasitələri Bakı şəhərinin Nəsimi rayonu ərazisində və respublikanın müxtəlif rayonlarındakı satış nöqtələri vasitəsilə topdansatışını təşkil etməklə istehlakçıları aldadıblar.



Nəzarət tədbirləri ilə sexə və satış yerlərinə baxış zamanı xeyli sayda “Perwol”, “Peros”, “Fairy”, “Domestos”, “Ariel”, “Ace”, “İpək”, “Elidor”, “Head & Shoulders” və sair əmtəə nişanlı qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün nəzərdə tutulan avadanlıqlar, xammal, qablaşdırma materialları və etiketlər aşkarlanaraq götürülüb.



Təyin edilən ekspertizalar zamanı aşkarlanan təmizləyici vasitələrin tərkibinin keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələblərinə uyğun gəlmədiyi və bununla da əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib. Aşkarlanan faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti