Azərbaycanlı ekspert UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Ekspertlər Qrupunun sədri seçilib

Azərbaycanlı ekspert UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Ekspertlər Qrupunun sədri seçilib
  06 May 2024    Oxunub:534
BMT-nin Asiya və Sakit Okean bölgəsi üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Ekspertlər Qrupunun sədri vəzifəsinə Azərbaycan Respublikasının nümayəndəsi seçilib.
Bu günlərdə BMT-nin Asiya, Sakit Okean bölgəsi üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən keçirilmiş seçkilərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri, iqlim dəyişmələri üzrə nüfuzlu beynəlxalq ekspert, dosent Fuad Hümbətov yekdilliklə UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Ekspertlər Qrupunun ilk sədri seçilib. Qeyd edək ki, UNESCAP Azərbaycan, Türkiyə, Rusiya, Çin, Hindistan, Yaponiya, Pakistan, İndoneziya, ümumilikdə Asiya və Sakit Okean bölgəsində 53 ölkəni təmsil edir və bölgədə makroiqtisadi siyasət, yoxsulluğun azaldılması, ticarətin inkişafı, o cümlədən ətraf mühit, iqlim dəyişmələri və dayanıqlı inkişaf istiqamətləri üzrə üzv-dövlətlərə dəstək verir, bu sahələr üzrə dövlətlər arasında əməkdaşlığın inkişafına töhvə verir.

Azərbaycan nümayəndəsi şəffaf keçirilən seçkilər nəticəsində göstərilmiş etimada görə bütün iştirakçılara, o cümlədən UNESCAP rəhbərliyinə, katibliyinə öz dərin təşəkkürünü bildirmiş və bütün üzv-ölkələrdən olan həmkarlarla birlikdə inklüzivlik, gender balansı prinsipləri əsasında qarşılıqlı hörmət və dəstək şəraitində çalışacağına söz verib. UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Ekspertlər Qrupunun sədri kimi iclasa rəhbərlik edən F,Hümbətov ilk növbədə COP29 kimi nüfuzlu beynəlxalq iqlim konfransının ölkəmizdə keçirilməsinin Azərbaycan Respublikasının dünyada artan beynəlxalq nüfuzunun bariz göstəricisi olduğunu qeyd edib, bu qlobal tədbirə hazırlıqla əlaqədar ölkəmizdə uğurla həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verib. O, həmçinin ətraf mühitin çirklənməsi, təbii resurslardan qeyri-rasional istifadə, iqlim dəyişmələrinə qarşı effektiv mübarizə üçün bütün ölkələrin, beynəlxalq təşkilatların, elm-təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatları və özəl sektorun sıx əməkdaşlığına ehtiyac olduğunu ifadə edib və konkret təkliflərin hazırlanması irəli sürüb.
Bundan əlavə, iclas zamanı UNESCAP-ın Ətraf Mühit və İnkişaf Komitəsi tərəfindən irəli sürülmüş Atmosfer Çirklənməsi üzrə Regional Proqram (RAPAP) layihəsi, iqlim baxımdan dayanıqlı şəhərsalma məsələləri, 2025-ci ildə hər bir ölkə tərəfindən iqlim dəyişmələri ilə mübarizə istiqamətində Milli Səviyyədə Müəyyən olunmuş Töhfələr sənədinin yüksək səviyyədə (NDC 3.0) yenilənməsi üzrə birgə fəaliyyətlər, habelə UNESCAP-ın Ətraf Mühit və İnkişaf Komitəsinin 2024-cü ilin oktyabr ayında keçiriləcək 8-ci sessiyasına (CED-8) hazırlıq məsələləri müzakirə olunub.

AzVision.az





Teqlər:





Xəbər lenti