Formada qalmağın formulu - Pəhriz, yoxsa idman?

  Formada qalmağın formulu  - Pəhriz, yoxsa idman?
  09 May 2024    Oxunub:1258
Günümüzdə bir çox insanın rastlaşdığı problemlərdən biri də artıq çəkidir. Bu hal böyüklü-kiçikli çoxlarını narahat edən bir problemdir. Artıq çəkidən əziyyət çəkənlərin etdikləri ilk iş effektiv arıqlama yollarını axtarmaqdır. Bəziləri arıqlaya bilsə də, buna nail ola bilməyənlər də var. Arıqlamaq üçün mövcud üsullardan heç də hər kəs faydalana bilmir. Bu üsullar mümkün əks göstəriciləri baxımından hər bir fərd üçün fərqli olmalıdır.

Hər şeydən öncə isə ilk növbədə artıq çəkidən əziyyət çəkən şəxs niyə kökəldiyini bilməlidir. Çəki artımının səbəbləri isə qidalanma, həddindən artıq yağlı və şəkərli məhsulların istehlakı, gün ərzində uzun müddət hərəkətsiz olmaq, yuxu pozğunluqları, gecə yemək vərdişi və sair ola bilər.

Bəs, arıqlamaq üçün ən yaxşı üsul hansılardır?
Qida məsləhətçisi Səbinə Yusifova AzVision.az-a bildiirb ki, arıqlamaq üçün ən effektiv üsullardan biri sağlam və balanslaşdırılmış qida rejiminə əməl etməkdir. "Protein, meyvə-tərəvəz, çərəz yeyərək sağlam üsulla arıqlamaq ən yaxşı metoddur. Yapon və yaxud İsveç diyeti kimi xarici diyetlərin heç birinin tərəfdarı deyiləm. Fikrimcə, yanlış üsullardır. Aşağı kalorili qidalardan istifadə etməklə arıqlamaq mümkündür. Bəzi insanlar pəhriz saxlamağı ac qalmaq kimi başa düşürlər. Yaxud da uzun müddət eyni qidanı istifadə edirlər. Bu da sonra mədə-bağırsağın pozulması ilə nəticələnir. Pəhrizi pozduqda isə əksinə yenidən çəki alırlar".

Müsahibizimin fikrincə, arıqlamaq çox da bahalı deyil:

"Normal qaydada gün ərzində yediyimiz yeməkləri meyvə-tərəvəz, salat, dietik şokoladlarla əvəzləyirik. Arıqlamağa kömək edəcək vasitələrdən biri də təbii ki, idmandır. Əgər ancaq pəhriz saxlamaqla ilə bir aya 5 kq arıqlamaq mümkündürsə, idmanla bir aya 10 kq çəki atmaq olar. Fiziki hərəkət yağların parçlanmasına daha çox kömək edir. Hormonal pozğunluğu, insulin dirənci olanlar, eləcə də zob, şəkər, xəstələri çətinliklə arıqlayırlar. Amma onkoloji xəstələrə arıqlamaq olmaz. Onların immuniteti adətən zəif olur. Buna görə arıqlamaq belə xəstələr üçün təhlükəlidir".



Həkim-dietoloq Şəfa Yadigarova arıqlamaq üçün çox üsul olduğunu qeyd edib:

"Biri idmanla məşğul olur, başqası aclıq edir, ya da mədəkiçiltmə əməliyyatlarına üz tutur. Amma düzgün və sağlam üsul seçmək vacibdir. Ən düzgün üsul birinci növbədə çəkini artıran səbəbləri araşdırmaq və sonra həkim nəzarəti altında aradan qaldırmaqdır. İnsan bədənində suyun miqdarı azaldıqca orqanizmdəki yağların miqdarı artır və piylənmə baş verir. Eləcə də, hormonal problemlər, endokrin sistemin pozulması artıq çəkiyə səbəb ola bilər.

Xaricdə arıqlama metodları müxtəlifdir. Bizdən fərqli olaraq sağlam şəkildə arıqlamağa üstünlük verirlər. Azərbaycanda artıq çəkidən əziyyət çəkənlərin ilk sualı “Bir aya 20 kilo necə ata bilərəm?” olur. Amma qaydalara görə, bir aya dörd kilodan artıq çəki itirmək olmaz".



Dietoloq da arıqlamağın elə də çox vəsait tələb etmədiyini düşünür.

"Piylənmə birinci növbədə damarlarda tromboemboliya, tromboflebit kimi xəstəliklərə gətirib çıxarır. Artıq çəki insulin dirənci və ya şəkərli diabetə səbəb olduqda çox ağır fəsadlar verir. Böyük Britaniyanın onkoloji tədqiqatlar üzrə xeyriyyə təşkilatı tərəfindən əldə edilmiş məlumatlar əksər hallarda xəstələrdə xərçəng xəstəliklərindən yayınmağın mümkünlüyünü sübut edib. Bütün bu xəstəliklərin müalicəsinə isə külli miqdarda pul lazımdır.



İnsanlar var ki, rahat arıqlaya bilirlər, bəziləri isə əksinə. Arıqlamaq istəyən şəxsin kilo problemi ciddi olmaya bilər. Elələri də var ki, metabolizmi pozulub, endokrin sistemi düzgün işləmir. Bu, uzunmüddətli müalicə tələb edir. Ona görə də arıqlama prosesi uzun çəkir. Daim hərəkət etsələr də, az yesələr də kilo verə bilmirlər".

Dietoloq eyni zamanda hesab edir ki, çox ağır idmanla məşğul olmaq da düzgün yol deyil. Çəkisi 140-160 kilo olanlar üçün intensiv fitnes əks göstəricidir, ürək-damar sisteminə, oynaqlarına yük düşmə riski yüksəkdir:

"Ağır idmanla arıqlaya bilsələr də, bir-iki ildən sonra fəsadlar yaranacaq. Piylənmə xəstəlikdir və bununla da həkim məşğul olmalıdır. Bu, XXI əsrin ən böyük epidemik xroniki xəstəliyinə çevrilib. Fitnes müəllimi yüngül hərəkətlərlə, yürüşlərlə proqramlar tərtib edə bilər. Həkim-dietoloq isə onlara idmanla məşğul olan zamanı ürək döyüntülərinin ən maksimal hansı səviyyəyə qalxmalı olduğunu təyin etməlidir.



İntensiv ip atlama, qaçış bir müddət sonra onurğada, oynaqlarında fəsadlar yaradacaq. Fitnes müəllimləri şəxsin sağlamlıq durumundan bixəbər şəkildə ona hər hansı arıqladıcı vasitələr məsləhət gördüklərinə görə məsuliyyət daşıyırlar.

Hətta sağlam bir insana arıqlama üçün dərman təyin etmək də düzgün deyil. İkinci, üçüncü dərəcəli piylənməsi, bədəninin çəki indeksi 40-ın üstündə olanlara özbaşına pəhriz proqramları təyin etmək ən böyük cinayətdir. Arıqlamaq istəyənlər idman zallarına üz tutmazdan əvvəl həkimlərlə məsləhətləşməlidir".

Həmidə İbrahimova


AzVision.az



Teqlər:   arıqlamaq   piylənmə  





Xəbər lenti