Azərbaycanda qarayara xəstəliyi aşkarlandı - Qurumlar hərəkətə keçdi

 Azərbaycanda qarayara xəstəliyi aşkarlandı -  Qurumlar hərəkətə keçdi
  07 İyun 2024    Oxunub:1132
"Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir".
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən AzVision.az - a bildirilib ki, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində qarayara diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar:

"Xəstələrdən biri Canqa Xalis oğlu Süleymanovda qarayara diaqnozu laborator təsdiq edilib, digər iki xəstədən laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hazırda, Zaqatala rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd İnzibati ərazi üzrə nümayəndəliyi, Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir".

***
Zaqatala sakinində qarayara xəstəliyi aşkarlanıb.

Rayonun Faldarlı kəndində, kənd sakini 1972-ci il təvəllüdlü Canqa Xalis oğlu Süleymanovda qarayara xəstəliyinin aşkarlandığı bildirilir. Məlumata görə, C.Süleymanov Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kənd sakinində qarayara xəstəliyinin aşkarlanması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd inzibati ərazi üzrə nümayəndəliyindən verilən məlumatda fakt təsdiqlənib.

Nümayəndəlikdən verilən məlumata əsasən, kəndin daha iki sakini - 1983-cü il təvəllüdlü Aliyə Ələsgər qızı Cəfərova və 1995-ci il təvəllüdlü Nail Nurməmməd oğlu Məmmədovda da qarayara xəstəliyinin ilkin əlamətləri özünü büruzə verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirlib. Onlardan da müvafiq nümunələr götürülüb laboratoriyada yoxlanmaq üçün göndərilib.

Hazırda xüsusi həkim briqadası və Zaqatala Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları kəndə ezam edilib.(APA)

AzVision.az



Teqlər:





Xəbər lenti